Bakıda sərnişinlərin həyatına qəsd edən - Marşrutlar

Bakıda bəzi şəhərdaxili və şəhərətrafı marşrut xətləri üzrə fəaliyyət göstərən avtobuslarda vəziyyət ürəkaçan deyil. Demək olar ki, tabeliyində sərnişin marşrutları olan əksər sahibkarlar həmin marşrut xətlərində nəinki sanitar qaydalara, heç sərnişinlərin təhlükəsizliyinə riayət edilməsində də maraqlı deyillər.



Bakıda fəaliyyət göstərən əksər marşrutların ümumiyyətlə duracaq yeri və yoxlanış üçün mərkəz qarajı yoxdur. Marşrut sahibləri tabeliyində olan avtobusları ya hansısa boş ərazidə saxlayır, ya yaşayış binalarının qarşısını qanunsuz zəbt edir, ya da hansısa avtomobil dayanacaqlarında saxlayır. Özlərinin mərkəzləşdirilmiş qarajları olmayan həmin marşrut sahibləri də təbii ki, bu marşrutda işləyən avtobusların vaxtında yoxlanışını təşkil edə bilmir. Gündəlik marşrut xəttinə çıxarılan və günün ən azı 18 saatını əhaliyə xidmət göstərən həmin avtobuslar isə sərnişinlər üçün əsl təhlükəyə çevrilir. Daha doğrusu, bu prosesin sonu əksər vaxtlarda yol qəzaları ilə nəticələnir. Baş verən hadisə nəticəsində də piyada vurulmaları, sərnişin ölümləri artır.

Problemlərdən biri də avtobuslardakı antisanitar şəraitdir. Yəni həmin avtobusların vaxtında təmizlənməməsi müxtəlif xəstəliklərin, epidemiyanın yaranmasına da səbəb olur.


AzNews.az xəbər verir ki, Ekspert Ərşad Hüseynov da Trend-ə açıqlamasında bu cür faktları təsdiqləyir. Onun sözlərinə görə, Bakıda şəhərdaxili və şəhərətrafı ərazilər üzrə marşrut xətlərində çalışan bəzi avtobuslarda həqiqətən də biabırçı vəziyyət yaranıb: "Əslində, marşrut xətlərindəki avtobuslarda fəaliyyət göstərən sürücülər hər səhər marşrut xəttinə çıxarkən həmin marşrutun qarajında ilk növbədə tibbi müayinədən keçməlidirlər. Sürücünün sağlam olduğuna, içki qəbul etmədiyinə tam əmin olduqdan sonra həmin sürücüyə avtobusu idarə etməyə icazə verilməlidir. Bunun üçün marşrutun qarajında tibb məntəqəsi olmalıdır. Amma bu gün bəzi marşrutların nəinki tibb məntəqəsi, heç qarajları da yoxdur. Belə bir marşrutda hansı təhlükəsizlikdən söhbət gedə bilər?"

Ekspert deyir ki, Bakıda yalnız "BakuBus" MMC-nin marşrutları vaxtlı-vaxtında lazımi səviyyədə yoxlanılır və sərnişinlərin təhlükəsizliyi üçün tədbirlər görülür: "Bu şirkətə daxil olan marşrutlardakı avtobuslar hər gün iş vaxtı bitəndən sonra şirkətin qarajına təhvil verilir. Həmin avtobuslar yuyulur, təmizlənir və növbəti iş vaxtına hazır vəziyyətə gətirilir. Səhər sürücü avtobusu təhvil götürməzdən əvvəl şirkətin daxilindəki tibb məntəqəsində ciddi yoxlanılır, sağlamlığı, içkili olub-olmadığı müəyyənləşəndən sonra onun avtobus idarə etməsinə yararlı olması barədə qərar verilir. Ona görə də bu şirkətin marşrut avtobuslarında qəzalar daha az olur, avtobuslar lazımi səviyyədə təmiz olur. Amma bəzi marşrutların qarajları olmadığından həmin avtobusları idarə edən sürücülər gecə öz həyətlərində, məhəllələrində saxlayırlar. Həmin sürücülər də adətən avtobusların təmizliyinə biganə yanaşırlar. Saxlama yeri olmayan sahibkar marşrutda təmizliyə necə riayət edə bilər?"