Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında qanunsuz tikinti aparılması və ərazidə ağacların kəsilməsi ilə bağlı ötən gün yayınladığımız araşdırma geniş rezonans doğurub. Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında qanunsuz tikinti aparılması və ərazidə ağacların kəsilməsi ilə bağlı ötən gün yayınladığımız araşdırma geniş rezonans doğurub.

500 minlik torpaq qalmaqalı böyüyür - Satan kimdir?

Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında qanunsuz tikinti aparılması və ərazidə ağacların kəsilməsi ilə bağlı ötən gün yayınladığımız araşdırma geniş rezonans doğurub.


Xatırladaq ki, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) yanındakı ərazidə iki ildi tikinti işi aparmaq istəyən sahibkarla bağlı qalmaqal böyüyür.

Ramiz Cabbarlı adlı iş adamı hələ 2 il öncə bu ərazidə 53 ağac kəsdirib. Sakinlərin Prezident Adminstarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciətindən sonra "ağac soyqırımı"nın qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ramiz Cabbarlını 14400 manat cərimə edib.

Bu günlərdə yenidən əraziyə gələn Ramiz Cabbarlı əvvəlcə sakinlərə müxtəlif vədlər verərək onları sakitləşdirməyə çalışıb. Məqsədinə nail olmayanda isə Yasamal Rayonu Polis İdarəsinn 29-cu bölməsinin 20-yə yaxın, əksərinin də mülki geyimdə olan əməkdaşları ilə gələrək ərazini hasara aldırıb. Yaxınlıqdakı binada yaşayan sakinlərin etirazları isə gərginliyə səbəb olub.

Qaynar.info-nun dövlət orqanlarına müraciətindən sonra isə şübhəli məqamların sayı daha da artıb və maraqlı suallar ortaya çıxıb.

Ramiz Cabbarlı burada tikinti aparmaq üçün hansı qurumdan icazə alıb? Məsələdə Yasamal Rayon icrahakimiyyətinin və konkret olaraq icra hakimi İbrahim Mehdiyevin adı hallandırılsa da, qurumdan Qaynar.info-ya verilən rəsmi açıqlamada bu məlumat təkzib olundu. Hətta İcra Hakimiyyətinin belə bir səlahiyyəti olmadığı vurğulandı.

Qeyd edək ki, qeyri-rəsmi söhbətlərdə sahibkarın hələ iki il əvvəl bu ərazidə tikinti aparmaq üçün İcra Hakimiyyətinə 500 min manat verildiyi iddiaları səslənir. Amma göründüyü kimi, İcra Hakimiyyəti bu məlumatı israrla təkzib edir.

Dünən məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə də müraciət etmişdik. Komitənin mətbuat xidmətindən də bildirmişdilər ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağan edilib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ağacların kəsilməsinə qadağa qoyub.

Bəs ərazini kim, hası qurum, niyə və hansı əsasla satıb?

Bu gün bunu dəqiqləşdirmək üçün Yasamal rayon Bələdiyyəsi ilə də əlaqə saxlamağa çalışdıq. Qurumun saytının işləmədiyi, İcra Hakimiyyətinn saytında isə Rayon Bələdiyyəsi ilə bağlı yerləşdirilən əlaqə nömrələrini heç birinin mövcud olmadığı məlum oldu. Nəhayətdə "109" məlumat mərkəzindən əldə etdiyimiz nömrəyə bir neçə cəhddən sonra düşə bildik. Bələdiyyənin vergi şöbəsindən Qaynar.info-ya bildirdilər ki, qeyd olunan ünvanda Ramiz Cabbarlı adlı şəxsə belə bir icazə verilməyib: "Tikinti işi aparan şəxs gətirib sənədləri ortaya qoymalıdır. Belə bir sənəd yoxdursa, demək qanunsuz tikinti aparmağa cəhd edir. Ümumiyyətlə, həmin ünvanda tikinti aparmağa icazə yoxdur. O, ərazidə bir neçə ilə əvvəl başqa bir şəxsə yalnız abadlıq işləri aparması üçün icazə verilib. Amma bu, Ramiz Cabbarlı olmayıb".

Aidiyyatı qurumların hər biri tikintinin qanunsuz aparıldığını, heç bir şəxsə belə bir icazə verilmədiyini deyir. Bəs görəsən fevralın 10-da 29-cu polis bölməsinin əməkdaşları hansı hüquqi əsasla vətəndaşların yox, Ramiz Cabbarlının yanında olub? Bu suala aydınlıq gətirmək və təqdim olunan sənədin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün 29-cu bölməyə zəng etdik. Amma burada telefona cavab verən növbətçi bizə Daxili İşlər Nazirliyinə (DİN) müraciət etməyi tövsiyyə etdi. DİN-in mətbuat xidmətinə dəfələrlə etdiyimiz zənglər isə nəticə vermədi. Telefona cavab verən şəxs sualımızı dinləyəndən sonra şöbə rəisi Orxan Mansurzadənin otaqda olmadığını bildirərək, 5 dəqiqə sonra əlaqə saxlamağı məsləhət gördü. Daha sonra 2 saat boyunca etdiyimiz cəhdlər də oxşar sonluqla nəticələndi.

Ərazidə işlərin davam edib-etmədiyini, dövlət qurumlarının hansı tədbir gördüyünü dəqiqləşdirmək üçün əməkdaşlarımız qeyd olunan əraziyə gedib çəkilş apardılar. Öncə hasarların söküldüyünü görüb sevinsək də, daha sonra məlum oldu ki, sevincimiz əbəsdir, sadəcə hasarın yeri dəyişdirilir.

Haqqında bəhs etdiyimiz şəxs- Ramiz Cabbarlı da ərazidə olub. Əməkdaşımıza yaxınlaşan Ramiz Cabbarlı isə öncə onda bütün sənədlərin qanuni olduğunu bildirsə də, nə bu sənədləri təqdim edib, nə də bu sənədləri hansı qurumdan əldə etməsi barədə məlumat verib. Daha sonra isə ölkə jurnalistikasının və əməkdaşlarımızın ünvanına təhqiramiz ifadələr işlədib və hədələyib. Diktofona qeyd olunan səs yazısında çoxlu qeyri-etik ifadələr yer aldığı üçün onu oxuculara təqdim etmirik.

Göründüyü kimi, ərazidə tikinti aparılması ilə bağlı heç bir qurum məsuliyyəti öz üzərinə götürmür. Amma ... tikintinin başlamasına da göz yumurlar. Əgər ərazi qanunsuz hasarlanıbsa və burada tikinti aparmaq qadağandırsa, bəs onda aidiyyatı qurumlar hara baxır və mövzunun bunca ictimailəşməsindən sonra belə, niyə müşahidəçi mövqe tutublar?

Ərazinin birbaşa idarəçiləri olan Yasamal İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin bu işdə hansı maraqları var? Polis mövqe bildirməkdən niyə yayınır? Ortada bir sənəd varsa, onun hansı hüquqi əsası var və hansı quruma aiddir?

Təəssüf ki, suallara cavab vern tapılmır. Görünür 2 il əvvəl olduğu kimi Həsən Zərdabi 89A ünvanındakı bina sakinlərinin yenidən Prezident Adminstarsiyasına və şəxsən İlham Əliyevə müraciət etməkdən başqa çıxış yolları qalmır.

Biz də öz növbəmizdə suallarımıza cavab tapmaq üçün mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Qaynar.info