“O porno videoların yalnız mətnini mən yazmışdım” - Baş redaktor

“Həmin videoların yayılmasına etiraz edirdim, amma deyirdilər lazımdır”


"Hansı jurnalistimiz məsələn, "Vaşinqton Post"da işləyəcək səviyyədədir? Hansı çıxıb CNN-də bir şərh verə bilər?"

Telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun AzNews.az-a müsahibəsi:

– Vüsal bəy, deyirlər, savadlı insansan, ixtisasın nədir?
– Əslində fizik olmaq istəyirdim. Məndə uşaqlıqdan dəqiq elmlərə böyük həvəs olub. Sadəcə, valideynlərim başımı yozdular. Dedilər, ya hüquqa get, ya da beynəlxalq münasibətlərə. Beləcə, yönümü dəyişdim. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişəm.

– Bəs səncə, niyə haqqında elə düşünürlər ki, savadlı insansan?
– Ola bilər ki, doğrudan da belə olduğu üçün. Digər tərəfdən, dəqiq elmlərin təbiəti elədir ki, insana məsələnin mahiyyətinə uyğun düşünməyi və danışmağı öyrədir. Siz, gözəl və bəlağətli görünsün deyə, düstura əlavə dəyişənlər artıra, qrafiki – məsələn, parabolanı dizayn edib, əyriliyini azalda bilməzsiniz. Hər şey mahiyyətə uyğun olmalıdır. Mənim də düşüncə tərzim dəqiq elmlərin pozitivist təbiətinə uyğun formalaşıb. Yəqin, həm də ona görə savadlı hesab edirlər.

– Deməli, jurnalistikanı qurtarmamısan...
– Yox, beynəlxalq münasibətləri...

– Müəllimlərinin arasında tanınmış şəxslərdən kimlər olub?
– Çox olub... Həm iqtidar, həm müxalifət tərəfdən. Aydın Mirzəzadə, Hadı Rəcəbli... Altay Göyüşov, Cəmil Həsənli...

– Maraqlıdır, sənin valideynlərinin dinə münasibəti necədir?
– Anam qatı dindar, şiədir. Atam da özünü dindar sayıb, amma praktik dindar olmayıb. Təsəvvür edin, anamın anası qızından soruşub ki, ərə getmək istədiyin oğlan sünnidi, yoxsa şiə? Anam da hələ təzə tanıdığı atamdan soruşub ki, siz sünnisiniz, yoxsa şiəsiniz? Atam deyib, dayan, qoy kənddən soruşum, görüm hansındanıq... (gülür)

– Kənd nə deyib bəs?
– Bu, 60-cı illərin söhbətidir. Atam kəndə məktub yazıb, bir aydan sonra cavab gəlib ki, deyəsən, şiəyik. Yəni valideynlərim bu səviyyədə dindardırlar.

– Ateist olduğunu atan-anan bilir?
– Hə, məni tanıyan hər kəs bilir ki, dinə inanmıram.

– Nə deyirlər?
– Söhbət düşəndə qınayırlar.

– Dindar bir ailədə niyə ateist bir uşaq böyüsün ki?
– Mən özüm də 30 yaşıma kimi dindar olmuşam. Həmişə namaz qılmışam, hər il oruc tutmuşam. Quranın orjinalını da, tərcüməsini də dəfələrlə oxumuşam.

– Ərəb dilini bilirsən ki?
- Universitetdə bizim fakültədə iki xarici dil keçirdilər, onun birini ərəb dili seçmişdim, bu dili orjinaldan Quranı oxuyub, anlayacaq səviyyədə bilirəm.

– Sonra necə oldu ki, dinlə yolların ayrıldı?
– 30 yaşımdan sonra din mənim həyatımda problemlər yaratmağa başladı, hətta şəxsi faciələrimə səbəb oldu. Ciddi düşünməyə başladım ki, həqiqətən Allahdan gələn bir təlim insanların həyatında niyə bu qədər problem yaratsın? Bundan sonra dini daha dərin qazmağa başladım. Dərin qazdıqca da anladım ki, yox, heç nə göründüyü kimi deyil.

Əvvəlcə özümə atesist demirdim. Dini, xüsusilə şiəliyi ara-sıra tənqid eləyirdim, amma fikirləşirdim ki, hələ də müsəlmanam. Əslində, indi də ateist yox, deist-pantesitəm. Sadəcə, bunu insanlara başa salmaq olmur. Onlar üçün dindar olmayan hər kəs atesitdir.

– Din haqqında sərt fikirlərinə görə qorxmursan?
– Nədən qorxmalıyam ki?

– Ölməkdən, döyülməkdən...
– Düzü, döyülməkdən qorxuram, çox axmaq iş olardı. Amma ölümdən yox. Mən ölümü özüm üçün tam çözüb, anlayıb, onunla barışmış adamam. Hətta o dərəcədə ki, sabah öləcəyimi bilsəm, gündəlik qrafikimi də dəyişmərəm. İçində gəzdirdiyin bir şeydən qorxmağın absurddur. Ölümü isə biz içimizdə gəzdiririk – bədənimdəki trilyondan çox hüceyrənin hər birinin xromosomunda ölüm kodunu daşıyan telomerlər var. Hüceyrələrim hər dəfə bölündükcə o telomerlər bir az da qısalır və mən ölümə bir az da yaxınlaşıram. Bu, qorxulu deyil, hətta deyərdim ki, haradasa əyləncəlidir. Bunu dərk etmək insanı rahatlaşdırır. Gülməli olardı ki, bir insanın bədənində trilyon yerdə ölüm yazılsın, amma sən ölümdən qorxasan.

– Vüsal bəy, "Lider Tv"-dən danışaq...
– Danışaq da... Mən uzun müddət Lider-də "Səda-Həftə" verilişində çalışmışam, indi də davam edirəm.

– Aparıcı kimi?
– Yox, "Səda-Həftə" proqramında təhlilçi kimi. Verilişin aparıcısı Sahib Alıyevdir. Mən isə arada qısa müddətdə - 5-6 ay verilişin aparıcısı olmuşam.

– Adın bir şeydə çox hallanır. Səni "porno videoları efirə verən jurnalist" kimi tanıyırlar.
– Düzgün deyil, əlbəttə...



– Bəs niyə sən?
– O videoların çəkilməsində təbii ki, mənim nəinki hansısa şəkildə iştirakım, rolum, heç xəbərim də olmayıb. Buna görə məni söyənlər özləri həmin videoları telefonlarında saxlayıb, ona-buna göstərirdilər. Mənim isə rolum olanda da, mətn yazmaqla məhdudlaşıb. Bu da bir Azər Əhmədovun qohumu olduğu deyilən qızla videosu yayılanda olmuşdu, bir də Natiq Ədilov oteldə olanda.

– "Porno videoları" efirə verməklə bağlı sifariş gələndə, heç etiraz eləmədinmi?
– Elədim. O vaxt – haradasa 10 il olar da, yəqin,– redaktoruma dedim ki, buna ehtiyac yoxdur, mənasız şeydir. Dedilər, yox, eləmək lazımdır. Lazımdırsa, deməli, lazımdır. Mən komanda oyunçusuyam. Olduğum komanda nəyi lazım bilirsə, onu da edəcəyəm, qurtardı getdi. Bilirdim ki, buna görə mənə çox zərbələr dəyəcək. Amma fərdin düşüncəsi və ya mənafeyi komandanınkından yüksək ola bilməz.

– "Komanda" deyəndə nəyi nəzərdə tutursan?
– Konkret bu söhbətdə "Lider"in komandasını nəzərdə tuturam.

– Şəxs olaraq, Vüsal Məmmədov olaraq, o videoların çəkilməyini düzgün sayırsanmı? Özünlə təkbətək qalanda bu barədə nə fikirləşirsən?
– Şəxs olaraq düzgün saymıram. Amma elə məsələlər var ki, sənin fikrini aşır. Bəzən sənə elə gəlir ki, düzgün variant "A"-dır, amma səndən daha informasiyalı və təcrübəli yoldaş var, o deyir ki, yox, düzgün variant "B"-dir. Deməli, "B" olmalıdır, bu məqamda Spinozalıq eləmək, özünü mütəfəkkir göstərmək lazım deyil. Sabah yenə mənə desələr ki, bunu etmək lazımdır, edərəm. Təbii, özümə qətiyyən xoş deyil, mənə heç maraqlı da deyil, amma sən, məsələn, snaypersənsə, işin deyilən hədəfi vurmaqdır. O anda səndən "Qabusnamə"nin etik-didaktik etüdlərinin təhlili tələb olunmur, atəş açmaq tələb olunur.

Mənim bəzən adım hallandırılan Xədicə İsmayılın videosundan ümumiyyətlə, xəbərim də olmayıb. Hamı kimi internetdə görmüşəm, heç baxa da bilməmişəm, ürəyim bulanıb.

– O videoların zərbələrini çoxmu gördün?
– Bəli, şəxsən mənim əleyhimə həddindən artıq çox işlədi. Bu günə kimi bəziləri dəxili oldu-olmadı, söhbətə dürtürlər. Natiq Ədilov indiyə kimi kin saxlayır, məni düşmən sayırlar.

– Onları doğrudan, anlamırsan?
– Haradasa anlayıram.

– Vüsal bəy, sənin özünün belə videonu çəkib yaysalar, hansı hissləri keçirərsən?
– Əvvəllər olsaydı, yəni 25-30 yaşım olsaydı, bəlkə də ölüb yerə girərdim. Amma yaş artdıqca çox şeyə dözümlü olursan. Mən əvvəl dözə bilməyəcəyim çox şeyə indi daha möhkəm yanaşıram. Amma bir məsələ də var: mən o cür vəziyyətlərdə olmuram ki, pornovideomu da çəksinlər...

– Necə yəni? Anlamadım...
– Yəni mən maraqlı porno videolara süjet olacaq işlərdən uzağam. Hərçənd, təsəvvür eləyirəm, qarşı tərəf üçün necə bir revanş olardı: "Baş redaktorun porno videosu yayıldı". Bəh-Bəh!.. (gülür)

– Bu qədər səni söyənlər, təhqir edənlər var. Narahat olmursan?
– Əvvəllər daha çox olurdum. Mən də hamı kimi insanam. Dərim kərgədan gönü deyil. Məni incidir, hətta bəzən ağrıdır da. Mən də özümə görə bir oğlanam. Mənim də hisslərim var. Amma digər tərəfdən, mənasız adamlar haqqımda o qədər səfeh-səfeh danışıb və yazıblar ki, artıq o istiqamətdə hisslərin kütləşib. Çoxunu heç oxumuram, fikir də vermirəm. Dalımca danışırlarsa, deməli, mən onlardan qabaqdayam.

– Bəs niyə belə edirsən?
– Belə, yəni necə?

– Niyə özünü zərbələrin qabağına verirsən?
– Hə, o mənada... Kiməsə dəyməlidir də, o zərbələr. Eybi yox, qoy bir qismi də mənə dəysin. Mən jurnalist kimi yazmağa başlayandan həmişə bu mövqedə durmuşam. Həyatımı bu yöndə formamaşdırmışam, bu yolda yetişmişəm. Jurnalistikada elə adamların yanında olmuşam ki, onlar da məndə bu fikri möhkəmləndiriblər.

– Ustadın kim olub ki?
– Sahib Alıyev. 23-34 yaşımdan onun yanındayam, həm müəllimim olub, həm redaktorum, həm də şəxsi dostluğumuz var.

– Qəribə adamsan...
– Deməzdim. Bilirsən, necədir? 4-5 il bundan əvvəl internetdə mühitində vəziyyət daha pis idi. Aqressiv müxalif düşüncə daha çox yayılmışdı və heç kim onların qabağına əks mövqe qoymaq istəmirdi. Hamı istəyirdi ki, hər kəs üçün yaxşı olsun, heç kimin gözündə özünü pis eləməsin. Amma belə olmur. Hamının xoşuna gəlmək istəyini kişiyə yaraşdırmıram – kişinin mövqeyi olar, dostu-düşməni olar. Əsas o deyil ki, sən hansı mövqedəsən, əsas odur ki, seçdiyin mövqedə kişi kimi durasan. QHT yaradıb dövlətdən qrant alanlar, vəzifəli adamların lüks həyat keçirən uşaqları, dövlətin sayəsinə özünə komfortlu həyat qurmağı bacaranlar – lazım olanda heç biri qabağa çıxıb, dövlətin müdafiəsi üçün bir kəlmə də demir, bircə dənə status da yazmırlar. Ağızlarını da açmırlar ki, "pis oğlan" olmasınlar. Veclərinə də deyil ki, iqtidar hansı şəkildə tənqid və ya təhqir olunur. Bu, ictimai fahişəlikdir. Mənə bu şeylər ağrılı gəlir.

İnan, mənim heç bir umacağım yoxdur, bütün həyatım hamının gözü qabağındadır. Çox sadə bir həyat yaşayıram. Bilirəm, kimlərsə düşünür ki, Vüsal yaltaqlanıb qabağa düşdü, qazandı, mənsə qaldım. Vallah, heç nəyim yoxdur. (gülür). Mənim axırıncı çörəyimi də əlimdən alsalar, yenə də öz fikrimdə, mövqeyimdə qalacağam. Yaltaqlanmağa gəlincə, ümumiyyətlə, heç vaxt heç kimə yaltaqlanmamışam. Təbiətimə tamamilə yaddır.



– Maraqlıdır, sənin üçün dəyər nədir? Sən hansı dəyərlərlə yaşayırsan?
– Mən insanda əsas keyfiyyət kimi sadiqliyi görürəm. Çalışıram ki, sədaqət borcum olan hər kəsə sadiq olmağı bacarım. Mənim üçün əsas prinsip budur.

– Kimə sədaqəti nəzərdə tutursan?
– Bu, komanda da ola bilər, ayrı-ayrı şəxslər də. İnsan öz içində bilir, kimə sadiq olmaq lazımdır. Bəlkə bu hiss kimdəsə yoxdur, amma mən öz içimdə bilirəm ki, kimlərə və nəyə görə sadiq olmalıyam. Bax, bu, mənim üçün dəyərdir.

– Bəs xalqa, insanlara sədaqət necə?
– Tam səmimi olaraq düşünürəm ki, xalqın mövqeyi üçün iqtidarı müdafiə etmək lazımdır. Ona görə də kimlərinsə arxamca yaydığı təhqirlər məni narahat etmir. Mən jurnalistəm, inandığımı yazıram, deyirəm. Buna görə kimsə məni söyürsə, günah ondadır.

– Övladını necə tərbiyə etmək istərdin? İctimai-siyasi mənada soruşuram. İstərdinmi ki, mövqeyində sənə oxşasın?
– Çətin sualdır. Hər halda, istərdim ki, çoxlu kitab oxusun. Savadlı olsun, qalan şeyləri özü bilər.

– Səninlə ictimai-siyasi baxımdan əks mövqedə olan, amma jurnalist istedadına qibtə etdiyin adamlar varmı?
– Təbii, əks düşərgədə özünə görə istedadlı jurnalistlər var...

– Özünə görə yox, sənə görə...
– İstedadlı hesab etdiyim jurnalistlər var, amma savadları çatmır. Baxırsan ki, yazırlar, sözü çox gözəl oynada bilirlər, həm cümlə, həm də fikir qura bilirlər, amma mən görürəm ki, o yazını daha tutarlı etməyə intellekt baqajları imkan verməyib. Əksər hallarda onları oxuyanda fikirləşirəm ki, bu mövzunu mən işləsəydim, daha gözəl yazardım.

– Vüsal bəy, səncə, cəmiyyətin əsas problemi nədir?
– Azərbaycan cəmiyyətində ələbaxanlıq var. İnsanlar istəyir ki, mütləq onun üçün nəsə edilsin. Amma özü nəyəsə can atmır. İnsanlar özlərinə real qiymət verə bilmirlər, amma nəsə umduqları yerə çox aqressiv yanaşırlar. Tutalım, Azərbaycanın ən bərkgedən jurnalistlərindən bir-ikisini dünya miqyasına çıxarsan, hansı tanınmış bir media quruluşu onu işə götürər? Hansı jurnalistimiz məsələn, "Vaşinqton Post"da işləyəcək səviyyədədir? Hansı çıxıb CNN-də bir şərh verə bilər? Hansı iddialı yazarımızın kitabını Avropada demirəm, Türkiyədə, ya Rusiyada çap etdirsək, uğur qazanar? Heç biri bunu fikirləşmir, ancaq deyirlər ki, "Mənim Azərbaycanda qədir-qiymətim bilinmir". Gəl bir görək, real bazarda o qiymət nə qədərdir?

Qardaş, gənc jurnalistlərin çoxu rus dilində mətni oxuyub anlaya bilmirlər! Öz üzərində işləmir, çalışmır ki, iki-üç dili mükəmməl bilsin, dünya miqyasına çıxmağı bacarsın. Ancaq hər şeydən narazıdır, bircə özündən başqa!

Hamının yeganə istəyi budur ki, oturum, mənim qayğıma qalsınlar. Ziyalısı da belədir, kəndçisi də... Kənddə hamı deyir ki, şəhərdə bir iş tapın, gələk işləyək. Hətta kəndlimiz belə kəndli kimi yaşamaq istəmir! Torpağı, mal-heyvanı olan adam niyə gəlib şəhərdə sürücü işləməlidir axı?!

Buna görə deyirəm ki, bizdə cəmiyyətin əsas problemi ələbaxan olmaqdır. O səbəbdən, insanlar öz həyatlarına görə məsuliyyət yüyənini öz əllərinə yığa bilmirlər. Qərbdə belə deyil. Qərb insanı düşünür ki, dövlət mənim təhlükəsizliymə görə məsuliyyət daşıyır, amma pulu mən özüm qazanmalıyam, dövlətə də vergi verməliyəm. Azərbaycanlısa ya dövlətdən umur, ya da Allahdan...

– Səncə, niyə?
– Bəlkə də uzunmüddətli dini psixologiya cəmiyyəti bu cür formalaşdırıb ki, mütləq hər şeyi yuxarıdan ummalısan – fərqi yoxdur, yuxarıdakı kimdir.

Azərbaycan xalqının canında sahibkarlıq yox, sahiblənmək ehtirası var. Yəni ancaq ələ keçirim. Çəpərimi beş metr qabağa çəkim, həyətim böyüsün. O torpaqda da heç nə eləməyəcək, düşünməyəcək ki, hasarımın içinə aldığım o artıq yerdə əlavə 15 ağac əkim, 100 toyuq, 5 qoyun artıq saxlayım. Yox, sadəcə, sahiblənsin, axırda da goruna aparacaq.

– Vüsal bəy, özünü xoşbəxt hiss eləyirsənmi?
– Hə...

– Səni xoşbəxt edən nədir?
– Yatıb-durmağa yerim var, sevdiyim işlə məşğulam, ətrafıma ürəyimcə olan insanları yığmaq, olmayanları uzaqlaşdırmaq imkanım var. İstədiyim kitabları oxuya, filmlərə baxa, musiqiləri dinləyə bilirəm. Bunlar məni xoşbəxt etmək üçün kifayətdir.

– Dindar da deyilsən ki, bütün bunlara görə özünü Allaha borclu biləsən.
– Allaha o vaxt borcu olardım ki, yağ-bal içində doğulum, o cür də yaşayım, hər şey ilk gündən hazır şəkildə məni gözləsin. Mənim 38 yaşım var, 18 yaşımdan işləmişəm. Heç vaxt rahat həyatım olmayıb, indi də istədiyim həyatı qurub tamamlaya bilməmişəm.

– Allaha borcun yoxdur, bəs özünü kimə borculu hesab edirsən?
– Mənə düzgün yol göstərən, başa salan, zəhmətlə, dürüstlüklə yaşamağı öyrədən adamlara minnətdaram və özümü onlara borclu hiss edirəm.

– Kitabın çıxıb?
– Hazırda üstündə işlədiyim bir kitab var. Elmi-kütləvi janrda olacaq. Azərbaycanda belə kitab heç vaxt yazılmayıb. İnsanların cavabını almağı çox istədiyi, amma birmənalı cavabı olmadığı sualları kitabda toplamaq istəyirəm.

– Hansı suallardı?
– Məsələn, həyatın mənası nədir, kainat niyə genişlənir, "böyük partalama"dan əvvəl nə vardı, niyə kişilərin süd vəziləri var, əvvəl toyuq olub, yoxsa yumurta, niyə qadınlar əclaf kişilərə meylli olurlar... Bu cür sualların hamısına fərziyyələrlə cavab verilir. Çox istəyirəm ki, bu sualları bir yerdə toplayım və onlara özümün bu illər ərzində öyrəndiklərimin prizmasından cavablar verim.

– Yeri gəlmişkən, qadınlar niyə əclaf kişilərə meylli olurlar? Maraqlı gəldi...
– Əslində, bu, asan sualdır, qanunauyğun bir şeydir. Əclaf biz o adama deyirik ki, özünün şəxsi maraqlarına görə hamıya qarşı aqressiv olur. Təbii seçim prosesində dişi fərdlər erkək fərdlər arasından həmişə eləsini seçiblər ki, onun dünyaya gətirəcəyi nəslə daha yaxşı atalıq, hamilik edə bilsin. O qadınlar ki, romantik, duyğusal kişiləri seçiblər, onların dünyaya gətirdiyi nəsil təbii seçim prosesində çıxdaş olub. Çünki elə kişilər nəslini qoruya bilməyiblər. O kişi ki, dalaşqandır, qolunda zor var, əlində qılınc mağaranın qabağında dayanıb, öz ailəsini qorumağı bacarıb, onların geni əsrlərdən keçib bu günə gəlib çıxıb. Bugünkü qadınlar həmin kişilərin genindən yaranıblar.

Bu günə qədər təbii seçim mexanizmi hər şeyi kobud güclə həll edən aqressiv kişiləri seçib. Biz insanlar bioloji fərd olaraq, cəmi 2-3 min ildir ki, şəhərdə yaşayırıq. Bu isə Təkamül üçün çox az vaxtdır. Bizim genimizdəki proqram bizi şəhərdə yox, mağarada yaşatmaq üçün optimaldır. Hələ indi-indi genetik proqramın sivil şəhər həyatına uyğunlaşması prosesi gedir. Tutaq ki, 3-4 min ildən sonra başqa cür olacaq. Çünki getdikcə fiziki güc mənasını itirir, qadınlar getdikcə "maço"ları yox, "nerd"ləri sevməyə başlayırlar.

– "Nerd" nə deməkdir?
– Çox intellektual, amma fiziki cəhətdən zəif tipajlara Qərbdə "nerd" deyirlər. Get-gedə qadınlar nerd tipli kişilərə daha çox meyllənir. Çünki altşüur səviyyəsində anlayırlar ki, müasir dünya reallığında "nerd"in öz övladlarına baxmaq imkanları daha yaxşı olur. Və bu amil genetik kodda yerini almağa başlayır. Ona görə də "sapioseksualizm" deyilən bir anlayış ortaya çıxır – intellekti seksual saymaq, – bu meyl getdikcə daha da güclənəcək. Halbuki, mağarada yaşayan qadının intellektual kişi nəyinə lazım idi? Ona maraqlı olan bu idi ki, kişi nə boyda heyvanı öldürə biləcək.

– Vüsal bəy, son sualım belədir: bağışlamaq hissi sənə nə qədər yaxındır, nə qədər uzaq?
– Məncə, hər şeyi bağışlamaq olar...



Kəramət Böyükçöl
AzNews.az