- Toplum
- 11:01
- 868
Taksilərin icbari sığorta xərcləri artırılır
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a dəyişikliklər təsdiq edilib.
Bu barədə Aznews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.
Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.
Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.
Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.
Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.