Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Mərkəzi laboratoriyasında Klinik biokimya, Klinik mikrobiologiya, İmmunologiya-allerqologiya, Hematologiya, Molekulyar genetika bölmələri fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Mərkəzi laboratoriyasında Klinik biokimya, Klinik mikrobiologiya, İmmunologiya-allerqologiya, Hematologiya, Molekulyar genetika bölmələri fəaliyyət göstərir.

“Əsas məqsədimiz xaricə göndərilən analizlərin Bakıda aparılmasına nail olmaqdır” - Müsahibə

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Mərkəzi laboratoriyasında Klinik biokimya, Klinik mikrobiologiya, İmmunologiya-allerqologiya, Hematologiya, Molekulyar genetika bölmələri fəaliyyət göstərir.

Klinika 2011-ci ildə fəaliyyətə başlamazdan əvvəl klinika rəhbərliyinin təşəbbüsü və səyi ilə Laboratoriyanın həkim və laborant-texnik heyəti Türkiyə Cümhuriyyətinin müxtəlif universitetlərində xüsusi təhsil proqramı keçibdir.

Mərkəzi laboratoriyanın fəaliyyəti, buradakı müasir standartlara cavab verən cihazlar və onların funksiyaları ilə bağlı laboratoriyanın müdiri Nurlanə Mamayeva Modern.az saytına müsahibə verib.

-Nurlanə xanım, Klinikada hansı cihazlar var və onlar sizin işinizə necə kömək edir?

-Əvvəla onu qeyd etmək istərdim ki, biz ilk növbədə öz peşəkar kollektivimizə güvənirik. Azərbaycan Tibb Universiteti kafedralarının və ölkəmizin aparıcı mütəxəssislərinin fəaliyyət göstərdiyi laboratoriyamız eyni zamanda ölkəmiz üçün yüksək ixtisaslı kadr hazırlığı ilə də məşğul olur. Fəxrlə deyə bilərəm ki, Klinikamızda rezidenturanı bitirən mikrobioloq və biokimyaçı həkimlərə ölkəmizin ən prestijli klinikalarında ciddi tələbat vardır. Həmçinin laboratoriyamızda çalışan alimlərin yazdığı kitablar tələbələrlə yanaşı, aparıcı xəstəxanalarda çalışan mütəxəssislər tərəfindən də vacib bir vəsait kimi istifadə olunur.

Klinikamızda müasir standartlara cavab verən cihazların sayəsində isə tam avtomatlaşdırılmış şəkildə analizlər edilir və bu personalın xəstəyə səhv cavab vermə ehtimalını minimumadək azaldır.

Klinika ilk yaranan gündən "Laboratoriya İdarəetmə Sistemi" (LİS) ilə işləyirik. Cihazlarımız LİS-ə birləşdirilib və bunun sayəsində aparılan analizlərdə heç bir mexaniki yalnışlıq baş vermir. Qan nümunələri laboratoriyaya kodlaşdırılmış şəkildə daxil olur. Bu sistem vasitəsilə insan əli dəymədən cihaz qanın barkodunu oxuyur və görür, onun içərisində hansı testlər işlənməlidirsə o testi özü işləyir və sistemə ötürür. Bu zaman personalın edə biləcəyi səhvlər maksimum dərəcədə aşağı düşür. Bu üsulla biz həm xəstəyə tez bir zamanda cavab verə bilirik, həm də eyni zamanda, məsələn, Biokimya bölməsində olduğu kimi Siemens Dimension cihazı ilə, 1 saat ərzində 800 testi apara bilmək imkanımız olur. Laboratoriyamızın bütün bölmələrində Almaniya, ABŞ, İtaliya, Fransa kimi ölkələrin istehsalı olan tam avtomatlaşdırılmış cihazların sayəsində işimizi daha yüksək səviyyədə görə bilirik. Pasiyentlərimiz isə onlara verilən şəxsi kodları ilə klinikamızın www.amuclinic.com saytına daxil olaraq öz evlərindən, iş yerlərindəki ofislərindən, hətta dünyanın istənilən ölkəsindən analiz cavablarını əldə edə bilərlər. Bundan başqa biz pasiyentlərimiz istədikləri halda analiz cavablarını onların elektron poçt ünvanına pdf formatda da göndərə bilərik.

-Bu günə qədər laboratoriyanızda yalançı pozitiv və yalançı neqativ hallarla rastlaşıbsınız?



- Bu kimi hallar əsasən personalın səhvindən dolayı baş verə bilər. Mən əvvəldə də qeyd etdiyim kimi, bizdə LİS-nin olması bu halları maksimum aradan qaldırır. Laboratoriyamız ilk yaranan gündən bu idarəetmə üsulundan istifadə edilir. Ona görə də burda hansısa yalnışlığın olması minimuma enir. Laborator analizlərdə baş verən yanlışlıqların ən mühüm səbəblərinin başında pre-analitik, yəni, analizdən əvvəlki faktorlar gəlir. Belə ki, qan nümunələrinin və digər bioloji materialların nə zaman, hansı damardan, hansı vəziyyətdə götürülməsi çox önəmlidir. Hətta damarı sıxan turnanın təzyiq dərəcəsi, qanın hansı sınaq şüşələrinə və hansı ardıcıllıqla alınması, vakkumlu sistemlərlə qanalma və şüşələrin düzgün barkodlanması, qanın sentrifuqadan vaxtında keçirilməsi və s. kimi amillər düzgün nəticənin alınması baxımından çox mühümdür.

Bizim laboratoriyamızda bu işlər çox düzgün qurulub, analiz önü qanalma prosedurları barədə mütəxəssislərimizin doğma dildə yazdığı xüsusi kitabçada bütün bu məsələlərin elmi tərəfləri ətraflı izah olunub və qanalma otaqlarımızda bu prinsiplərə çox ciddi riayət edilir. Laborator nəticələrin keyfiyyətinə təsir edən amillərdən biri də reaktivlərin saxlanmasıdır. Bu reaktivlərin hər biri müxtəlif şəraitdə, bəziləri isə soyuq şəraitdə 2-8 dərəcə temperaturda saxlanılır.

Laboratoriyamızda soyuq deponun olması laborator reaktivlərin zərər görmədən uzun müddət saxlanılmasına imkan verir. Mərkəzi laboratoriyadakı soyuq hava deposu temperaturu müsbət 2 dərəcə ilə 5 dərəcə intervalında olan, hermetik, iki mühərrikli etibarlı enerji qaynağı olan və avtomatik idarə olunan bir otaqdır. Burda hansısa bir nasazlıq baş verərsə, avtomatik olaraq məsul şəxslərə SMS ilə məlumat ötürülür və baş vermiş problemlər tezliklə aradan qaldırılır. Laboratoriyada işlədilən reaktivlərlə işlənən analiz nəticələrinin etibarlılığı, daxili və xarici keyfiyyətə nəzarət nöqteyi nəzərdən soyuq depo laboratoriyalar üçün çox əhəmiyyətlidir.

-Laboratoriyanızda keyfiyyətə necə nəzarət olunur?

-Tibbi xidmətlərdə "sıfır xəta" qarşıya məqsəd kimi qoyulmalıdır. Çünki icra olunan testlərdə yalnışlıqlar ola bilər. Bu kimi problemlərin olmaması üçün keyfiyyətə nəzarət sistemi olmalıdır. Bu sistem laboratoriyada iş prosesini izləməyə, problemləri aşkar etməyə və nəticə verilməmişdən əvvəl lazımi düzəlişlər etməyə imkan verir. Laboratoriya nəticələri əksər hallarda rəqəmsal olur, bu zaman biz verilən rəqəmin doğru olub-olmadığını yalnız rəqəmlərə baxaraq müəyyən edə bilirik. Çünki xəstəyə verilən nəticənin düzgünlüyünə əmin olmaq lazımdır. Onu da qeyd edim ki, laboratoriyamızda işçilər istifadə etdikləri prosedurlara sürətli şəkildə və tez-tez nəzarət edirlər. Bizim laboratoriyada keyfiyyətə yüksək səviyyədə həm daxili, həm də xarici nəzarət aparılır. Burda sistem elə qurulub ki, testlərin kontrolu və kalibrasiyası hər gün aparılır. Kontrolların nəticələri LİS-ə ötürülür və hər gün qrafiklərə nəzarət edilir. Əgər testlərimizdə kənara çıxmalar varsa, hansısa yuxarı və aşağı göstəricilər olarsa, biz onun təkrar kalibrasiyası və kontrollarını aparırıq. Bu kontrolları hansı kriteriyalara qədər apardığımıza gəlincə, bunu ordakı səviyyələr müəyyən edir.

Burda 3 səviyyə var ki, əgər aparılan test iki səviyyə arasında olarsa, biz onu qəbul edirik. Amma 2-ci səviyyədən kənara çıxdığı halda yenidən kontrol-kalibrasiya aparılır. Nəticədə bunun sayəsində testlərin düzgünlüyünə tam əmin ola bilirik.



-Laboratoriyanızın uğurları barədə nə deyə bilərsiniz...

-Xüsusi olaraq bir şeyi vurğulayım ki, Klinikamız 2015-ci ildə Türkiyədə 500-ə qədər laboratoriyanın iştirak etdiyi "KBUDEK eksternal Kalite Kontrol Proqramı"na qatılmışdı. Və elə 2015-ci ilin yanvar ayından etibarən laboratoriyamız KBUDEK-ə üzvdür. Bizim onlarla geniş əlaqələrimiz var. Türkiyədən bizə qan nümunələri göndərilir və biz immunologiya, biokimya və digər bölmələrimizdə bunu işləyib nəticələri elektron formada bizə verilmiş xüsusi kodla online sistəmə daxil edirik. Hər ayın sonunda bütün laboratoriyalar üzrə nəticələr dəyərləndirilir və internetdə yayımlanır. Çox sevindirci haldır ki, laboratoriyamız hər zaman ilk onluqlar içərisində olub. Bir neçə testimiz var ki, uzun müddətdir 500-dən çox laboratoriya arasında birinci sıradadır və biz bu nəticələri müraciət edən istənilən vətəndaşımıza göstərə bilərik. 2015-ci ilin sonunda KBUDEK tərəfindən keyfiyyət sertifikatı ilə təltif olunmuşuq.

Bundan başqa bizim işlərimizdə beynəlxalq əlaqələrin və elmi araşdırmaların xüsusi yeri vardır. Belə ki, mütəxəssislərimiz daim xarici ölkələrdə təkmilləşmə və təcrübə kurslarında, həmçinin elmi konfranslarda olurlar, nüfuzlu jurnallarda elmi məqalələrini dərc etdirirlər. Yeri gəlmişkən, klinika direktorunun imzaladığı əmrlə laboratoriyamızda elmi araşdırmalar aparmaq istəyən universitet əməkdaşları üçün xüsusi şərait və imkanlar yaradılıb. Eyni zamanda xarici mütəxəssislər sıx-sıx laboratoriyamızı ziyarət edir və xüsusi treninqlər keçirlər. Biz öz analiz siyahımızı gündən-günə genişləndiririk. Çünki ölkəmizdə buna çox ehtiyac duyulur və universitet klinikası olaraq başlıca missiyamızın ölkəmizdən kənara göndərilən testlərin burada aparılmasına nail olmaqdır.