Ukraynalı pilot, Xocalı soyqırımının ilk şahidi, jurnalistləri qətliam ərazisinə aparmış Leonid Kraveç 24 il əvvəl fevralın 27-də Gəncə şəhərindən Ağdama, oradan isə Xocalıya uçub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Azərbaycana təşrif buyurmuş Leonid Kraveç və xanımı Alla Kreveç hələ Ukraynada UABD-nin sədri Hikmət Cavadova əsas istəklərini bildiriblər: “Biz Gəncəyə getmək, orada yaşadığımız evə baş çəkmək, qonşularımızla görüşmək istəyirik...” Ukraynalı pilot, Xocalı soyqırımının ilk şahidi, jurnalistləri qətliam ərazisinə aparmış Leonid Kraveç 24 il əvvəl fevralın 27-də Gəncə şəhərindən Ağdama, oradan isə Xocalıya uçub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Azərbaycana təşrif buyurmuş Leonid Kraveç və xanımı Alla Kreveç hələ Ukraynada UABD-nin sədri Hikmət Cavadova əsas istəklərini bildiriblər: “Biz Gəncəyə getmək, orada yaşadığımız evə baş çəkmək, qonşularımızla görüşmək istəyirik...”

“Uşaqlar, tələsin, vaxtımız azdır” – Ukraynalı pilotun Gəncə səfərindən REPORTAJ

Ukraynalı pilot, Xocalı soyqırımının ilk şahidi, jurnalistləri qətliam ərazisinə aparmış Leonid Kraveç 24 il əvvəl fevralın 27-də Gəncə şəhərindən Ağdama, oradan isə Xocalıya uçub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə Azərbaycana təşrif buyurmuş Leonid Kraveç və xanımı Alla Kreveç hələ Ukraynada UABD-nin sədri Hikmət Cavadova əsas istəklərini bildiriblər: “Biz Gəncəyə getmək, orada yaşadığımız evə baş çəkmək, qonşularımızla görüşmək istəyirik...”


24 ildən sonra Gəncə yolu

Fevralın 27-də səhər saatlarında yola tərpəndik. Kraveç 24 il əvvəl fevralın 27-də olduğu kimi yenə də jurnalistlərlə idi. Onu Hikmət Cavadov və jurnalistlərdən ibarət 12 nəfərlik qrup müşayiət edirdi. Yol boyu Xocalıdan danışdıq... Kraveç ötən günlər ərzində Bakıda keçirilmiş tədbirlərdə, mətbuat konfransında o müdhiş hadisə barədə dəfələrlə söhbət açmasına baxmayaraq maşında ona ünvanlanan suallara da yorulmadan cavab verirdi. Danışarkən onun tez-tez pəncərədən boylanması diqqətimdən yayınmadı. Səbəbini özü izah etdi:

- Mən Gəncəni unutmamışam. Şəhərin girişində böyük bir abidə var idi. Səbirsizliklə Gəncəyə çatmağımızı gözləyirəm. Çox həyəcanlıyam. Pəncərədən baxıram, amma hələ ki, tanış gələn ərazi görmürəm. Gəncə bizim ailəmiz üçün çox doğma şəhərə çevrilmişdi. Gənclik illərimiz bu şəhərdə keçib. Uşaqlarımız ilk addımlarını Gəncədə atıblar. Bağçaya Gəncədə gediblər. Xanımım bu şəhərdə müəllimə işləyib. Orada bizim çoxlu dostlarımız, mehriban qonşularımız var idi. Mən tez-tez uçuşlarda olurdum. Müharibə başlayanda isə demək olar ki, hər gün Qarabağa uçurdum. Qonşularımız ailəmə qayğı göstərir, problemləri yarananda dəstək olurdular. Bütün bunları biz heç vaxt unutmarıq. İndi ikimiz də çox həyəcanlıyıq. Bilirsiz, biz çox arzu etmişik ki, nə vaxtsa Gəncəyə gedək, oradakı dostlarımızla görüşək. 24 ildir ki, onlardan xəbərimiz yoxdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Xocalı ilə bağlı təşkil etdiyi tədbirlərə, bizim Azərbaycana gəlişimizi təşkil etdiyinə görə isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna çox təşəkkür edirik. Bizi arzumuza çatdırdılar.

Bizi Gəncəyə aparan mikroavtobus yolda bir neçə dəfə dayanmalı olurdu. Hər dəfə maşından düşərkən Leonid Kraveç ləngiməməyimizi xahiş edirdi: "Uşaqlar, tez qayıdın, bizim vaxtımız azdır..." O, bunu 24 il əvvəl Fevralın 27-də Çingiz Mustafayevə və onunla birgə Xocalıya apardığı çəkiliş qrupuna demişdi. Onda helikopterin ermənilər tərəfindən vurula biləcəyindən, soyqırımı əks etdirən videogörüntüləri dünyaya çatdıra bilməyəcəklərindən, meyitləri Ağdama çatdırmayacaqlarından ehtiyatlanırdı. Bəs indi hara və niyə tələsirdi? Ax hər şey səfər proqramına uyğundur. Çatacağımız və geri dönəcəyimiz vaxta qədər hər şey əvvəlcədən hesablanıb. Bu tələskənliyin səbəbini də özü izah etdi:

- Biz Gəncədə mümkün qədər çox vaxt keçirmək, oradakı dostlarla, qonşularla daha çox ünsiyyətdə olmaq istəyirik. Axşam qayıtmalı, sübh tezdən isə hava limanında olmalıyıq. Ona görə tələsirik ki, Gəncədə vaxtımız çox olsun.

Keçmiş pilotun Nizami arzusu



Bu da Gəncə. 2016-cı il fevralın 27-i. Düz 24 əvvəl fevralın 27-də Leonid Kraveçin idarə etdiyi helikopter məhz buradan göyə qalxaraq əvvəlcə Ağdama, oradan isə Xocalıya istiqamət götürmüşdü. Məhz həmin riskli reysin nəticəsində ermənilərin Xocalıda törətdiyi vəhşilikləri bütün dünya gördü. Leonid Kraveç məhz buna görə tələsmişdi...
Leonid Kraveç bu dəfə hamıdan tez maşından düşdü. Gəncə torpağına ayaq basan kimi dərindən köks ötürüb: "Uşaqlar, buranın torpağı da, havası da mənim üçün çox əzizdir" - dedi. Gözlərindənki intizardan əsər-əlamət qalmamışdı. Sanki çiyinlərindən ağır bir yük götürmüşdülər:

- Bax, əvvəllər burada abidə var idi. İndi buralar çox dəyişib, gözəlləşib. Bir qədər irəlidə isə Alliminium Zavodu var idi.

Əli ilə həmin əraziyə işarə edir. Sanki xəzinə yerini göstərirmiş kimi sevincək tərzdə jurnalistlərin diqqətini həmin istiqamətə yönəldir:

- Baxın, baxın, onu buradan görmək olur. Amma solda görünən o yaşayış binaları əvvəllər yox idi. Boş bir sahə idi. Aman Allah, buralar necə də gözəlləşib. Yəqin şəhərin mərkəzi buradan da gözəldir.



Gəncəyə səfərimiz Nizami Gəncəvinin məqbərəsini ziyarətlə başladı. Leonid Kraveçin məqbərədə jurnalistlərə dedikləri də çox maraqlı idi:

- Baxmayaraq ki, mən bir müddət bu şəhərdə yaşamışam, lakin vaxtım və imkanım olmayıb ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edim. Hər dəfə məqbərənin yanından ötəndə qərarlaşdırırdım ki, bir gün mütləq vaxt edib bura gəlim. Buna baxmayaraq Məqbərəni ziyarət edə bilmədim. Görünür, qismət bu günə imiş. Amma Sizə bir söz deyim, bizim Lvovdakı evimizin divarından Nizami Gəncəvinin şəkli əks olunmuş xalşa asılıb. Bu, bizim evimizdə Gəncəyə, Azərbaycana sədaqətimizin rəmzidir.

"Siz həmişə fərqlənirsiz..."

Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Mədəniyyət İdarəsinin rəhbər şəxslərinin müşayiətiylə Nizami Gəncəvi və Məhsəti Gəncəvi muzeylərinə də baş çəkdik. Mədəniyyət və Turizm İdarəsinin müdiri Sənan Hacıyev burada ukraynalı qonaqlara Gəncə şəhər İcra Hakimiyyəti adından müxtəlif hədiyyələr, Gəncənin və Azərbaycanın tarixini, simvollarını əks etdirən müxtəlif suvenirlər və kitablar təqdim etdi. Alla Kraveç bu isti qarşılanmadan təsirləndiyini gizlətmədi:

- Biz azərbaycanlıların qonaqpərvərliyinə bələdik. Siz doğrudan da başqalarından seçilirsiniz. Qonağı həmişə əziz tutursunuz.

Leonid Kraveç də azərbaycanlı xarakterinin özəlliklərindən danışdı:

- Mən Azərbaycandan başqa, Gürcüstan və Ermənistanda da xidmət etmişəm. Lakin heç bir yerdə belə istilik görməmişəm. Azərbaycanlılar həmişə öndə olub, həmişə fərqləniblər. Sizin qonaqpərvərliyiniz, mehribanlığınız müqayisəyəgəlməzdir.

İcra başçısı ilə görüş



Gəncədə növbəti dayanacağımız Heydər Əliyev Mərkəzi oldu. Elə burada da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdük. Cənab başçı ukraynalı qonaqları və jurnalistləri çox isti qarşıladı. Xocalı soyqırımınin 24-cü ildönümü münasibətilə Gəncədə də müxtəlif tədbirlərin keçirildiyini deyən E.Vəliyev bu ərəfədə ukraynalı pilotun Gəncəyə səfər etməsini əlamətdar hadisə kimi qiymətləndirdi. L.Kraveç Gəncənin çox ağır günlərinə şahidlik etdiyini, hazırda isə tamam başqa bir şəhərlə qarşılaşdığını bildirdi: "Sevinirəm ki, Gəncə belə gözəlləşib. Bura gələrkən yol boyu xeyli yeni binalar, parklar gördük. Amma o vaxt şəhərin vəziyyəti çox ağır idi".

E.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Gəncəyə göstərdiyi diqqətdən söz açaraq görülmüş işlərin də məhz bu diqqətdən irəli gəldiyini dedi.



UABD-nin sədri Hikmət Cavadov isti qarşılanmaya görə E.Vəliyevə təşəkkürünü bildirərək Gəncədəki dəyişikliklərin onu da sevindirdiyini bildirdi: "Əslində indi biz də Azərbaycanda qonaq sayılırıq. Hər dəfə vətənə yalnız bir neçə günlük gəlirik və şəhərlərimizi gəzməyə vaxtımız olmur. Gəncənin yeni bir görkəm aldığını eşitmişdim. İndi bütün bunları öz gözlərimlə gördüm. Belə iri miqyaslı işlərə görə ölkə rəhbərliyinə və Şəhər İcra Hakimiyyətinə təşəkkür edirik. İndi Gəncə Bakıdan geri qalmır. Qonaqlarımız da şəhərin gözəlliyinə heyran qalıblar. Sağ olun ki, Gəncəyə belə qayğı göstərirsiz".

E.Vəliyev ukraynalı qonaqları müşayiət edən jurnalistlərlə də söhbətləşərək onları Gəncədə görməkdən məmnun olduğunu dedi.

Xocalı reysinin start götürdüyü yer

Heydər Əliyev Mərkəzindən birbaş Leonid Kraveçin 24- il əvvəl xidmət etdiyi hərbi hissənin ərazisinə yollandıq. Kraveç Xocalıya uçmaq üçün öz helikopterini məhz oradan havaya qaldırmışdı. İndi həmin ərazinin bir hissəsində Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsi yerləşir. Helikopterin start götürdüyü meydança isə yeni tikililər üçün nəzərdə tutulan hissəyə düşüb. Ərazidə söküntü işləri aparılır və köhnə hərbi hissədən qalmış binaların bir neçəsi artıq uçurulub. Qarşıdakı mərhələdə həmin yerdə Azərbaycan Silahlı Qüvvələri üçün müvafiq binalar tikiləcək. L.Kraveç yarıuçuq vəziyyətdə olan binalardan birini göstərərək, "Bax, bu binada bizim "Polyot" adında kafemiz yerləşirdi. Hər dəfə uçuşdan qayıdandan sonra dostlarla orada görüşüb söhbətləşərdik" - dedi.

Keçmiş pilot bir qədər də irəliləyib ətrafa göz gəzdirdi. Sanki nəsə axtarır, nəyinsə yerini müəyyənləşdirməyə çalışırdı. Qayıdıb maşına əyləşəndə isə onun gözlərinin yaşardığını gördük. Yamanca kövrəlmişdi...

Xanımı Alla Kraveç dedi ki, o da bu ərazidə çox olub:

- Bura tez-tez Leonidə baş çəkməyə gəlirdim. Hətta bir neçə dəfə buradan hərbi təyyarə ilə Ukraynaya uçmuşam. Leonid hərbi tapşırıqdan gec gələndə özümü yetirirdim bura. Səbəbini soruşurdum, son xəbərləri öyrənirdim. İnanın, həyatımız nigarançılıq içində keçib. Müharibə illərində isə daha ağır günlərimiz oldu. Leonid az qala hər gün Qarabağa uçurdu. Mən də iki körpə uşaqla onun yolunu gözləyirdim. Burada kimsəmiz yox idi. Sağolsunlar, qonşular təskinlik verir, bizə hər cür kömək edirdilər. Günüm Leonidə dua eləməklə keçirdi. Eyvana çıxıb səmaya baxırdım. Hərbi Hissə tərəfə boyanırdım ki, bəlkə vertolyotun qayıtdığını gördüm. Bir dəfə Leonid cəbhə bölgəsindən qayıtdığını bildirmək üçün vertolyotu çox yaxın məsafəyə endirərək binamızın üzərindən keçmişdi. Hər dəfə o Qarabağa uçanda içimə qorxu dolurdu . Elə bilirdim daha qayıtmayacaq...



Köhnə qonşularla görüş

Növbəti dayanacağımıza getmək üçün maşına əyləşdik. İki nəfərin yeri isə boş idi. "Cəhənnəmi görmüş pilot" sənədli filminin rejissoru Elmar Məlikov və onu müşayiət edən operator ərazidə çəkiliş aparırdı. Bir neçə dəqiqə gözləyəndən sonra yenə Leonid Kraveçin səsi eşidildi: "Uşaqlar, tələsin, vaxtımız azdır..." Bu dəfə o, Gəncədə yaşadığı binaya, qonşuları ilə görüşə tələsirdi.

Mikroavtobus Gəncədə hamının "Azərittifaq" adlandırdığı ərazidəki binanın qarşısında dayandı. Çəkiliş qrupunu görən insanlar binanın qarşısına toplaşdı. Leonid Kraveç maşından düşən kimi əlini ikinci mərtəbədəki mənzilə tələf uzadıb, "Bura bizim evimiz olub" - dedi. Qalxdıq, qapını döydük, lakin heç kəs açmadı. Qonşular bildirdilər ki, mənzilin sahibləri hazırda başqa ölkədədirlər. Kraveçin ailəsinə o vaxt bu mənzili dövlət ayırıb. Beş ilə yaxın həmin mənzildə yaşayıblar.

Yaşlı nəslin nümayəndələri ukraynalı pilotu və xanımını tanıdılar. Hamı onlarla görüşür, qucaqlayır, burada yaşadığı günləri xatırladıqlarını deyirdi. Xəbəri eşidib qonşu binadan gələn iki nəfərin görüşü isə bizə doğma adamların uzun həsrətdən sonrakı görüşünü xatırlatdı. Leonid Kraveç onları görüb, "Алескер, Шамшир" deyib qabaqlarına qaçdı. Çox təsirli səhnələr yaşandı. Bu adamlar bir-birini elə qucaqlayırdılar ki, sanki qardaş qardaşını tapmışdı. Sonradan öyrəndik ki, Ələskərlə Şəmşir Leonid Kraveçin yaxın dostlarıdır. Ailəvi dostluq edib, bir-birinin evinə gedib-gəliblər. "Lyonya, biz səni çox axtardıq. Lakin səndən bir xəbər ala bilmirdik" – Şəmşir əməlli-başlı kövrəlmişdi. Kraveçin gözlərindəki işıq, üzündəki təbəssüm onun bu görüşü nə qədər arzuladığından xəbər verirdi:



- Uşaqlar, mən sizi heç vaxt unutmadım. Siz mənə, ailəmə çox köməklik etmisiniz. Bura gəlməyi, sizi tapmağı çox arzulamışam. Təəssüf edirəm ki, o vaxt Gəncəni tələsik tərk etdim və sizinlə görüşə bilmədim. Bundan sonra sizinlə əlaqəni kəsməyəcəm. Sizə ünvanımı, nömrələrimi verəcəm. Ukraynaya gələn kimi mənə xəbər verərsiniz.

Köhnə qonşular ətrafdakı adamları sanki unutmuşdular. Ələsgər onu evinə qonaq çağırır, Şəmşir qalmağını təkid edirdi. Kraveç isə, "Uşaqlar tələsirik, vaxtımız azdır" deyirdi...

Alla Kreveçin qonşuları bir-bir xəbər alması da maraqlı idi. Sanki əziz adamlarını, qohum-əqrabasını soruşurdu:

- Pakizə xala, Nuru dayı, dyadya Pyotr necədir? Sağdırlarmı? Buradamı yaşayırlar?

Berlini bombalamış dadya Pyotr

Qonaqlar xəbər aldıqları adamlardan birinin dünyasını dəyişdiyi eşidib kədərləndilər. Pakizə xala və dyadya Pyotr isə sağ idi. O, birinci mərtəbədə, Pakizə xala isə qonşuluqdakı binada yaşayırdı. Onlar əvvəlcə Pakizə xala ilə görüşməyə yollandılar. Biz isə Kraveçin ailəsinin yaşadığı binanın qarşısına toplaşmış sakinlərlə söhbətləşirdik. Elə sakinlərdən öyrəndik ki, "Dyadya Pyotr" deyilən adam keçmiş zabit, polkovnik leytenant Pyotr Alekseyeviçdir. O, Berlini bombalamış pilotlardandır. Yaşı 90-nı çoxdan ötüb. Artıq gözləri də görmür. Dyadya Petya köhnə qonşusu Leonid Kraveçin gəldiyini eşidib hərbi mundirini geyinmək istədi. Jurnalistlər ona hərbi görkəm almağa kömək etdilər. Yaxası orden və medallarla dolu olan Pyotr Alekseyeviç əslən Ukryanadandır. Xanımı isə rusdur. Böyük Vətən Müharibəsindən sonra xidmət keçmək üçün Gəncəyə (O vaxtkı Kirovabada) gəlib və həyatını da elə burada qurub.



Qonaqlar Pakizə xala ilə görüşdən qayıdıb Dyadya Pyotrun mənzilinə keçdilər. Keçmiş hərbçilər qucaqlaşıb görüşdü, hal-əhval tutdular. Gözləri görməyən Pyotr Alekseyeviç Kraveçdən rütbəsini xəbər aldı:

- O vaxt deyəsən kapitan idin.
- Hə, düzdür. Amma mayor kimi tərxis olundum.
- Uşaqların necədir? Buradan gedəndə çox balaca idilər.
- Elədir. İndi ikisinin də öz ailəsi var. Avropa ölkələrində yaşayırlar. Siz necəsiniz? Gəncədə neçə yaşayırsız?
- Hər şey yaxşıdır. Heç nədən şikayətimiz yoxdur.


Görüşüb ayrılarkən dyadya Pyotrun Kraveçə dedikləri isə bizi də kövrəltdi:

- Ukraynaya məndən salam de...


Xocalı dəhşətinin silinməz izi

Gəncə səfərinin proqramına uyğun olaraq qonaqlar şəhərin Cavad Xan küçəsindən keçməklə fevralın 17-də Prezident İlham Əliyev tərəfindən açılışı olmuş Gəncə bulvarında gəzintiyə çıxdılar. Gəncə çayı boyunca uzanan bulvarın o başında isə bizi Bakıya aparacaq Mikroavtobus gözləyirdi. Leonid Kraveç maşına çatan kimi üzünü arxadan gələn jurnalistlərə tutub dedi:

- Uşaqlar tələsin, vaxtımız azdır.

Bax onda biz hamımız başa düşdük ki, Xocalı dəhşəti onun yaddaşında silinməz iz buraxıb. 24 il əvvəl azərbaycanlı jurnalistlərin erməni gülləsinə tuş gəlməməsi üçün onları tələsdirmiş pilot 24 ildir ki, bu hadisənin təsirindən çıxa bilmir. Erməni güllələrinin səsi, meyitlərin arasından körpə balasınının donmuş cəsədini tapan polis kapitanının fəryadı 24 ildir ki, onun qulaqlarından çəkilmir. Bu ifadə həmin gündən Kraveçin dilində əzbərdir – "Tələsin, vaxtımız azdır".

Nicat DAĞLAR
Bakı-Gəncə-Bakı