Yazıçıdan tənqidçiyə sərt sözlər – “Ədəbi şarlatanlar...”

Yazıçı-publisist Əyyub Qiyas sərt fikirlərlə çıxış edib.


AzNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

"Mən ədəbiyyatın bugünkü tərif şoulara mat qalmışam. Tənqidçilərin ədəbiyyat naminə tutduqları yola, gördükləri işlərə mat qalmışam. Müəlliflərin kitabları haqqında yazılan sicilləmə sözləri oxuyarkən, tərifləri oxuyarkən şərəfin harda, hansı mərtəbədə, hansı nöqtədə olduğunu görmək istəyirəm. Birlikdə çay içən, araq içən, pivə içən dostların ədəbiyyatın təbliği prosesi açığını deyim ki, ürəyimi ağrıtmır, əksinə mənim bu şouları yaradanların "zəhmətinə" heyfim gəlir.

Üç-beş il əvvəl nəinki yazdığı mətni, hətta adını, atasının adını lağla, "prikolla" dilə gətirib "o şeir yazmır, şeirə kərkinir" deyən tənqidçi, bu gün həmin müəllifi tərifləyib dağ başına qoymağa çalışır və mən müəllifə yox, şərəfdən xəbərsiz olan tənqidçiyə gülürəm və ədəbiyyat mətbəxində baş verənlərdən xəbərdar, lakin susmağa və müşahidə etməyə üstünlük verən biri kimi gülürəm.

Bü gün ədəbi fikri formalaşdırmağa yönələn bu şou-təbliğat kampaniyası ədəbiyyata və oxucuya xəyanətdən başqa bir şey deyil. Qarşımda müxtəlif tənqidçilərin müxtəlif vaxtlarda müxtəlif imzalar barədə, müxtəlif mətnlər barədə yazdıqları onlarla məqalə, rəy var, vərəqlədikcə qeydlərimə baxıram və inanın ki, adamların halına acıyıram. Dost ədəbiyyatı, yoldaş tənqidi nə vaxta qədər davam edəcəksə o vaxta qədər də Azərbaycan oxucusu gerçək poeziyanı, gerçək nəsri görməyəcək, çünki ədəbi şarlatanlar buna imkan verməyəcəklər.

Bu fkirlərimi ilkin olaraq feysbuk dostlarımla bölüşdürdüm. Bu fikirlər də mənim ədəbi qorxularımdır. Amma siz qorxmayın, dostlar, gerçək ədəbiyyat yaranır və yaranacaq da. O gerçək ədəbiyyat haqqında tənqidçilər heç vaxt ürək edib söz deməyəcəklər, çünki onlara qorxaq və istedadsız "ədəbiyyat yaradanlar"ın gözükölgəli mütiliyi lazımdır... Və bir də ağızlarına atılacaq pay. Və birdən elə bilərsiz ki, yaxşı ədəbiyyat haqqında tənqidçinin, hər hansısa ədəbiyyat adamının ağız dolusu danışdığı ədəbiyyatdır, əsla! Bilin və agah olun ki, yaxşı və gerçək ədəbiyyat üstündən sükutla keçən ədəbiyyatdır... Gülümsəməyin, cənablar, qəhqəhə çəkməyin vaxtıdır".

Qeyd edək ki, yazının ünvanı konkret göstərilməsə də, bəzi feysbuk istifadəçiləri tərəfindən eyhamın şair Səlim Babullaoğluna və tənqidçi Cavanşir Yusifliyə vurulduğu yazılır.

Məsələ ilə bağlı Əyyub Qiyas AzNews.az-a bildirdi ki, hal-hazırda bu mövzuda böyük bir məqalə yazır. "Əlimdə redaktə var, onu 2-3 günə bitirib, məqaləni də yazıb qurtaracam".

Yazının kimlərə eyham vurulması ilə bağlı sualımıza isə o, belə cavab verdi:
"Mən yazıda kimləri nəzərdə tutduğum barədə heç nə deməmişəm, amma deyəcəm. Kimlər yazıya əlavə şərh verirsə, ünvanlar göstərirsə, öz işidir".

AzNews.az