Zaur Mikayılov qanunu heçə saymırsa, ADSEA-da nədən İctimai Şura yoxdur?

2014-cü il iyunun 1-də Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib. Qanunda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum - İctimai Şuraların yaradılması imperativ norma kimi əks olunub. Başqa sözlə, bu, o deməkdir ki, hər bir mərkəzi icra hakimiyyəti orqanının yanında İctimai Şura yaradılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) mərkəzi icra hakimiyyəti orqanıdır. Deməli, qanunla onun yanında İctimai Şuranın yaradılması məcburidir. Amma ADSEA yanında İctimai Şura varmı? Yoxdur! Bu, ADSEA rəhbərliyinin birbaşa qanunun tələblərini pozması mənasına gəlmirmi?

İctimai Şuralar müxtəlif dövlət qurumlarının yanında artıq uzun illərdir ki, fəaliyyət göstərir. İctimai Şuralardan cəmiyyətin gözləntiləri tam şəkildə özünü doğrultmasa da, ortada xeyli müsbət nümunə və uğurlu fəaliyyət örnəkləri var. Zaur Mikayılovun sözügedən qanun kimi, bu cür nümunələrə də göz yumması "İctimai iştırakçılıq haqqında" qanunun tam şəkildə işləməsini təşviq edən vətəndaş cəmiyyəti nümayəndələrində haqlı etiraz doğurur. ADSEA-da aparılan kadr siyasəti, yaxınlıq və şəxsi münasibətlər əsasında verilən təyinatlar barədə mediada yayımlanmış çoxsaylı məlumatları nəzərə alanda, İctimai Şuranın yaradılmaması ilə vətəndaş iştirakçılığına etinasız yanaşılması çox da təəccüblü görünmür. ADSEA-nın timsalında sözügedən qanuna məhəl qoyulmaması isə ona gətirib çıxarır ki:

  • Vətəndaşlar qurumun idarə olunmasında iştiraka cəlb edilmir;
  • Qurumun fəaliyyətinə ictimai nəzarət həyata keçmir;
  • Bu qurumla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil olunmur;
  • Rəhbərliyin fəaliyyətində aşkarlıq və şəffaflıq təmin edilmir;
  • Qurumun siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəy və vətəndaşların qanuni maraqları nəzərə alınmır;
  • Qurumun fəaliyyəti çərçivəsində pozula biləcək əsas insan və vətəndaş hüquqlarının müdafiəsinə şərait yaradılmır.

Xüsusi olaraq xatırlatmaq lazımdır ki, mediada ADSEA və onun fəaliyyəti barədə çoxsaylı tənqidi materiallar dərc olunub. Lakin qurum ünvanlanan tənqidlərin əksəriyyətini cavablandırmır, həmçinin jurnalistlərin informasiya sorğularına cavab verilmədiyinə dair şikayətlər də mövcuddur. Bu isə həm Konstitusiyanın, həm də müvafiq qanunların təmin etdiyi jurnalist hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Eləcə də xatırlatmaq yerinə düşər ki, “İctimai iştirakçılıq haqqında” qanunun pozulması hüquqi məsuliyyət yaradan haldır.

Lakin ADSEA-nın yanında İctimai Şuranın yaradılmamasını sıradan bir qanun pozuntusu hesab etmək də olmaz. Bu, həm də dövlətin və dövlət başçısının ali siyasətindən yayınmaq barədə rəy doğurur. Dövlət büdcəsindən külli miqdarda vəsait alan bu qurumun necə işlədiyi, hansı layihələrə nə qədər pul sərf etdiyi barədə ictimaiyyətin məlumat alma imkanları qapalıdır. Su ehtiyatları əhalinin sağlamlığı, kənd təsərrüfatı və ekoloji tarazlıq üçün həyati əhəmiyyət daşıyır. Məlum məsələdir ki, ictimai nəzarət mexanizmi olmayanda korrupsiya riskləri artır, hesabatlılıq zəifləyir, vətəndaşların qanuni maraqları tapdanır. Bu baxımdan, ADSEA rəhbərliyinin İctimai Şura yaratmaması, əslində, demokratik institutlara hörmətsizlik və ictimai etimadın qəsdən zədələnməsi kimi qiymətləndirilə bilər.

Bütün bunlara baxmayaraq, Zaur Mikayılovu tərifləmək istəyənlər bəzən onu “islahatçı məmur” kimi təqdim edirlər. Əgər bir rəhbər qanunun ən sadə və açıq tələblərindən yayınırsa, ictimai nəzarətdən çəkinirsə və şəffaf idarəetməni təmin etmirsə, onu “islahatçı” adlandırmaq hansı məntiqə sığır?

Zeynal ABDİN