Rəşad Bayramov: Ukraynaya qoşun göndərilməsi hələlik yalnız bəyanat səviyyəsindədir

“Avropa İttifaqı ilə ABŞ Prezidenti arasında Ukraynaya qoşun yerləşdirilməsi ilə bağlı razılıq əldə olunduğuna dair məlumatlar artıq bir müddətdir gündəmdədir. Hazırda Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi çərçivəsində ən çox müzakirə olunan mövzulardan biri də ayrı-ayrı ölkələrin hərbi birliklərinin Ukrayna ərazisinə göndərilməsidir. ABŞ öz qoşunlarını Ukraynaya göndərməyəcəyini, yalnız ehtiyac yaranacağı halda kəşfiyyat və hava dəstəyi ilə kifayətlənəcəyini bəyan etsə də, Qərb koalisiyasının digər üzvlərinin qoşun yerləşdirməsinə də etiraz etmir. Avropanın müxtəlif dövlətləri isə fərqli təkliflərlə çıxış ediblər. Böyük Britaniya, Fransa və Polşa qoşun göndərməyə hazır olduqlarını bildiriblər. İtaliya hərbi iştirakdan imtina etsə də, texniki dəstək və təchizat sahəsində yardım göstərə biləcəyini açıqlayıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla Ukraynaya qoşun yerləşdirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın dövlət kimi mövcudluğu təhlükə altına düşəcəyi təqdirdə, ordu Rusiyanın ərazisinə doğru hərəkət edə bilər.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə dəniz təhlükəsizliyi və sahilboyu ərazilərdə sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu bəyan edib

“Bununla belə, bütün bu ölkələrin ortaq mövqeyi var: qoşunlar yalnız atəşkəs əldə olunacağı və ya Rusiya ilə Ukrayna arasında müəyyən razılaşma əldə ediləcəyi halda yerləşdirilə bilər. Ursula fon der Lyayen də ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşmanı şərh edərkən məhz bu məqamı vurğulayıb – yəni söhbət dərhal deyil, müharibənin dayandırılacağı halda qoşun yerləşdirilməsindən gedir. Hazırda Rusiya atəşkəsə müsbət yanaşmır və bu da Ukraynaya qoşun göndərilməsi ilə bağlı deyilənlərin hələlik yalnız bəyanat səviyyəsində qalacağı deməkdir. Digər tərəfdən, Moskva müharibə dayandırılsa belə, xarici qoşunların Ukraynada yerləşdirilməsinə qarşı çıxacağını açıq şəkildə bildirib. Bu isə, şübhəsiz, Rusiyanın müttəfiqlərinin də oxşar mövqeyini ortaya qoymasına səbəb olacaq. Qərbin bu addımına Çin tərəfindən ciddi etirazın olacağı gözlənilmir. Rusiyanın yanında açıq şəkildə dayanacaq əsas qüvvənin Şimali Koreya olacağı ehtimal olunur. Amma bütün bu müzakirələr hələlik yalnız müharibənin dayandırılacağı halda mümkün olacaq addımları əhatə edir. Əgər Moskva atəşkəsdən imtina etsə, həmin dövlətlər Şimali Koreyanın Rusiyaya verdiyi dəstəyə bənzər şəkildə qoşunlarını Ukraynaya göndərəcəklərmi? Hətta birbaşa hərbi əməliyyatlara qoşulmasalar belə, arxa cəbhədə və ya Ukrayna–Belarus sərhədində – yəni döyüşlərin getmədiyi bölgələrdə qoşun yerləşdirilməsinə razı olacaqlarmı? Ən mühüm suallardan biri də budur: müharibə davam etdiyi halda ABŞ Ursula fon der Lyayenin dediyi kimi, Aİ-nin Ukraynaya qoşun yerləşdirilməsi mövqeyini dəstəkləyəcəkmi? Hazırkı şərtlərdə bunun reallaşması hələlik mümkünsüz görünür”.

Rəfiqə Namazəliyeva,

AzNews.az