- Siyasi müzakirə
- 3 Sentyabr 21:42
- 3 131
Azərbaycan–Rusiya münasibətlərini sarsıtmaq cəhdləri uğursuz olacaq – Azad Məsiyev

“Rusiya bizim əzəli və əbədi qonşumuzdur. Rusiya böyük dövlətdir. Qısaca desək, Rusiya günəş doğandan batana qədər geniş əraziyə malikdir. Rusiya sonsuz sayda yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Eyni zamanda, nüvə potensialına malik olan bir dövlətdir. Azərbaycan ilə Rusiya arasında münasibətlərin səmimi olması hər iki dövlətin maraqlarına uyğundur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında 2022-ci ilin fevral ayında 43 maddədən ibarət “Dostluq və Strateji Əməkdaşlıq” haqqında sənəd imzalanıb. Bu sənəd dostluq və əməkdaşlıq sahəsində dövlətlərarası strateji əməkdaşlığı təmin edir. Sənədin hər bir müddəası iki dövlətin münasibətlərinin inkişaf etdirilməsi üçün əsas verir. Son illərdə Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksələn xətt üzrə hərəkət edib. Təbii ki, Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin olmasını istəməyən müəyyən dairələr mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Rəsmi Moskva və Bakı ölkələr arasında münasibətləri yaxşılaşdırmaq üzərində işləyir. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Hökumətlərarası komissiyanın iclasında hər iki tərəf iqtisadi əməkdaşlığın inkişafına maraq göstərib. Overçuk əlavə edib ki, tərəflər münasibətləri yaxşılaşdırmaq üçün çalışırlar. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa isə deyib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.
Siyasi şərhçi qeyd edib ki, bu dairələr üçüncü tərəf kimi müxtəlif vasitələrdən istifadə edərək iki dövlət arasında münasibətləri pisləşdirməyə yönəlmiş təxribat xarakterli fəaliyyət göstərir.
“Gəlin açıq danışaq: iki dövlət arasında münasibətlərin pisləşməsi nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına uyğundur. Ukrayna münaqişəsi ilə əlaqədar olaraq Avropa ilə əlaqəsi məhdudlaşan Rusiya üçün Cənubi Qafqazda açıq cənub cəbhəsi vacibdir. Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Bu baxımdan Rusiyanın Cənubi Qafqazda Azərbaycan ilə münasibətlərinin yaxşı olması vacibdir. Yaxşı münasibətlər Rusiya üçün şimal-cənub dəhlizinin işlək vəziyyətinə gəlməsi, İran-Rusiya dəmiryol xəttinin açılması, eləcə də Rusiyadan İrana qaz kəmərinin açılması kimi layihələrin həyata keçirilməsi baxımından önəmlidir. Həmçinin Azərbaycan üçün bu münasibətlər hər iki dövlətin maraqlarına uyğundur. Qeyd etmək lazımdır ki, Azərbaycandan Rusiyaya üç milyona yaxın soydaşımız işləmək və yaşamaq üçün gedib. Onların rahat fəaliyyəti dövlətlərarası münasibətlərin sağlam olmasından asılıdır. Təəssüf ki, bu münasibətlərdən qısqanclıqla yanaşan üçüncü tərəf də mövcuddur. Rusiyada böyük erməni lobisi fəaliyyət göstərir və bu lobinin məqsədi Azərbaycan ilə Rusiya arasında münasibətləri pisləşdirməkdir. Eyni zamanda Qərbin bəzi qüvvələri də Cənubi Qafqazda Azərbaycan-Rusiya münasibətlərinin zəifləməsini istəyir. Belə şəraitdə üçüncü tərəfin əlini gücləndirməmək vacibdir. Hesab edirəm ki, baş verən anlaşılmazlıqlar dövlət başçıları tərəfindən aradan qaldırılacaq. Ömürlükdə iki dövlət arasında münasibətlərin yaxşı olması həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına uyğundur. 2002-ci ilin fevral ayında imzalanmış “Dostluq və Əməkdaşlıq” sazişi Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və siyasi sahələrdə münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutur. Baş verən xoşa gəlməz hadisələri aradan qaldırmaq üçün hər iki tərəf qarşılıqlı anlaşma və əməkdaşlıq göstərəcək”.
Siyasi şərhçi əlavə edib ki, unutmayaq ki, Rusiyada fəaliyyət göstərən erməni lobisinin təsiri altında olan, həmçinin xarici xüsusi xidmət orqanlarının fəaliyyəti iki dövlət arasında münasibətləri pisləşdirmək məqsədilə dezinformasiya və təxribat xarakterli məlumatlar yayır:
“Bu məlumatlar Azərbaycan ictimaiyyətində əks reaksiyaya səbəb olur. Belə təxribatlara uymamaq vacibdir. Dövlət başçılarının və müvafiq qurumların mövqeyi bizim üçün əsasdır. Hər hansı müşavir və ya ekspertin fikri rəsmi mövqe kimi qəbul edilə bilməz. Rusiya və Azərbaycan arasında münasibətlərin soyuqlaşmasına səbəb olacaq fikirlərdən çəkinmək lazımdır. Dövlət rəsmləri bu məsələlərə aydınlıq gətirməli və münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün fəaliyyət göstərməlidir. Unutmayaq ki, Azərbaycan üçün vacib olan məsələ Rusiyada milyonlarla soydaşımızın rahat işləməsi və yaşamasıdır. Dövlətlərarası münasibətlərin sağlam olması buna imkan verir. Eyni zamanda, dövlət başçılarının səmimi dostluq münasibətlərinə dəfələrlə şahid olmuşuq. Rusiya Prezidenti Azərbaycan Prezidentinin evində şəxsi qonağı olub. Bu münasibətlərin pozulmasına yol verilməməlidir. Təxribatçı qüvvələr, xüsusilə kütləvi informasiya vasitələrində fəaliyyət göstərən erməni lobisi və xarici agentura şəbəkələrinin təsiri ilə yayılan yanlış görüntülər aradan qaldırılmalıdır. Dövlət tərəfi dostluq münasibətlərinin yenidən yüksəlməsinə doğru açıq addımlar atmalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az