“Tbilisi nə Rusiyaya, nə də Qərbə tam yaxınlaşa bilir” - Sultan Zahidov

“Gürcüstanın hazırkı vəziyyəti, yəni Qərbdən uzaqlaşması son illərdə ölkədə baş verən proseslərin məntiqi nəticəsidir. Təxminən bir il əvvəl qəbul edilən “xarici agentlər haqqında” qanun geniş etirazlara səbəb oldu. Çünki Gürcüstanda xeyli insan müxtəlif QHT-lərdə və xaricdən dəstəklənən qurumlarda çalışır. Yeni qanun onların fəaliyyətinə məhdudiyyətlər gətirirdi. Tbilisi və digər şəhərlərdə keçirilən kütləvi aksiyalar da məhz buna görə genişləndi. Prezident Salome Zurabişvili xalqı etirazlara qoşulmağa çağırdı, müxalifət də proseslərdə daha fəal iştirak etməyə başladı. Hadisələrin pik nöqtəsi ötən ilin payızında keçirilən seçkilər oldu. Hakim “Gürcü Arzusu” partiyası yenidən qələbə qazansa da, müəyyən kəsimlər bu partiyanı Rusiyanın təsir dairəsində görür. Qərb dairələri də oxşar mövqe sərgiləyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, Gürcüstanın son dövrlərdəki siyasi kursu beynəlxalq aləmdə, xüsusilə Qərbdə narahatlıq doğurur. Ölkədəki gərginlik və Rusiya ilə münasibətlərdəki qeyri-şəffaflıq xarici siyasətə dair suallar yaradır. Bu fonda Prezident Mixeil Kavelaşvili ABŞ Prezidenti Donald Trampa açıq məktubla müraciət edərək, strateji tərəfdaşlığı yenidən canlandırmaq istədiyini vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, müxalifət seçkilərin saxtalaşdırıldığını və Rusiyanın müdaxiləsini iddia edərək etirazları davam etdirdi.

“Avropa İttifaqı və Prezident Zurabişvili bu etirazları dəstəklədi. Bütün bu gərginlik fonunda Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi müvəqqəti donduruldu. ABŞ da strateji tərəfdaşlıqda fəallığı azaltdı. Nəticədə Gürcüstan–Qərb münasibətləri dalana dirəndi. Əslində bu vəziyyət yalnız Gürcüstanın daxili siyasətindən deyil, həm də Rusiya ilə Qərb arasında geosiyasi rəqabətdən qaynaqlanır. Ukrayna müharibəsi fonunda Qafqazda möhkəmlənməyə çalışan Qərb Gürcüstandan istifadə etməyə çalışsa da, tam nəticə əldə edə bilmədi. Bunun mənfi təsirini isə ən çox gürcü vətəndaşları hiss etdi. Hazırda Gürcüstan nə Rusiyaya tam yaxınlaşa bilir – çünki cəmiyyət bunu istəmir – nə də Qərblə münasibətlərini tam bərpa edə bilir. ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı isə qlobal diqqəti Ağ Evə yönəldib. Tramp Rusiya–Ukrayna məsələsində fəal mövqe tutur. Prezident Putin belə ABŞ-la dialoq üçün Trampın təşəbbüslərinə reaksiya verdi. Bu şəraitdə Gürcüstan üçün ABŞ-la münasibətlərin soyuq qalması əlverişli deyil. Rəsmi Tbilisi əlaqələri canlandırmağa çalışır”.

Siyasi şərhçi əlavə edib ki, deputat Kavelaşvilinin ABŞ-a ünvanladığı məktub da məhz bu məqsədə xidmət edir:

“Hazırda Vaşinqton gözləmə mövqeyindədir. Gürcüstanın bundan sonrakı addımları həlledici olacaq. Eyni zamanda, Rusiya ilə münasibətlərdə müəyyən şərtlər irəli sürüləcəyi, Avropanın mövqeyinin də ABŞ tərəfindən nəzərə alınacağı gözlənilir. Bütün bunlardan sonra Gürcüstan–ABŞ münasibətlərində canlanmanın olub-olmayacağı daha aydın görünəcək. Hazırkı reallıq budur ki, ABŞ üçün prioritet mövzu Gürcüstan deyil. Vaşinqton daha çox Rusiya–Ukrayna münaqişəsinə, Yaxın Şərqdəki proseslərə və Azərbaycan–Ermənistan münaqişəsinin həllinə diqqət yetirir. Gürcüstan isə hələlik nisbətən arxa planda qalır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az