- Siyasi müzakirə
- 20:00
- 1 181
“Azərbaycan-Rusiya münasibətləri Rusiyanın yanlış siyasəti üzündən gərginləşib” - Mübariz Göyüşlü

“Hesab etmirəm ki, Rusiya bu 13 vətəndaşın azad edilməsi ilə Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir göstərə bilər və ya münasibətlərin pisləşməsi məhz onların həbsinə görə baş verib. Əslində, münasibətlər Rusiyanın yanlış davranışları nəticəsində gərginləşib və hazırda kifayət qədər soyuq görünür. Əvvəlki qarşılıqlı əməkdaşlıq, qonşuluq və hətta strateji tərəfdaşlıq səviyyəsini indi görmürük. Rusiyanın yanlış siyasəti münasibətlərin pisləşməsinə səbəb olub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, XİN-in Mətbuat xidməti rəisi Ayxan Hacızadə bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin 13 Rusiya vətəndaşının həbsini Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi kimi təqdim etməsi yanlışdır. Münasibətlərin gərginləşməsinə əsas səbəb AZAL təyyarəsinin vurulması və Rusiya rəsmilərinin davranışlarıdır. Həmçinin Rusiyada etnik azərbaycanlıların təqibi, Yekaterinburqda zorakılıq halları və Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir göstərib.
Siyasi şərhçi bildirib ki, dövlət qurumları görüşlər keçirsə də, münasibətlər hələ yüksək səviyyəli strateji formatda davam etmir.
“Hesab edirəm ki, münasibətlərin bu səviyyəyə düşməsində Rusiyanın xüsusilə günahı var. Əvvəlki normal vəziyyətə qayıtmaq mümkündür, amma bunun üçün Rusiyanın yanlış davranışlarından çəkildiyini açıq elan etməsi və əvvəlki normal münasibətləri bərpa etmək üçün real və konkret addımlar atması lazımdır. Yalnız bu halda əvvəlki vəziyyət bərpa oluna bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az