Niyə teorem qura bilmirik?

Mən müzakirə etmək istəyirəm. Amma nəyi və kiminlə? Bu sual Mirzə Fətəli Axundovun da qarşısında dayanmışdı. Əlacı kəsilib Cəmalüddövlənin adı ilə Kəmalüddövləyə, Kəmalüddövlənin adı ilə Cəmalüddövləyə məktublar yazırdı. Yazıçı Anar bu məqamı gözəl tutmuşdu. “Təhminə” filmindəki Məmmədnəsiri tanıyırsınız, əlində nərd gəzir, oynamağa adam axtarırdı. “Təhminə” filmi 1993-cü ildə çəkilmişdi. Anarın “5 mərtəbəli evin 6-cı mərtəbəsi” ondan xeyli qabaq yazılmışdı- 70-ci illərin əvvəllərində. Axundovun məşhur əsərindən təxminən 100 il sonra. Məsələ müddətdə, əsrdə deyil. Ona qalsa, məşhur Fransız riyaziyyatçısı Pyer Fermatın 17-ci əsrdə irəli sürdüyü teorem ancaq Endryu Vayls tərəfindən 1994-cü ildə sübut olundu. Niyə bu qədər gec? Çünki sübut üçün gərəkli “alətlər”- cəbri həndəsə, modul nəzəriyyələri və s.- yalnız XX əsrdə inkişaf etmişdi. Buradan belə bir nəticə çıxardırıq ki, məsələ təkcə ağılla bağlı deyil, həm də səviyyədədir. Odur ki, sual vermək istəyirəm: bizim təhsil və elm sistemi teorem qurmağa və onu isbat etməyə- söhbət heç də nəhəng elmi kəşflərdən getmir- təfəkkür olaraq qadirdimi?

Vaxtınızı almıramsa, öncə “teorem” nədir sualına cavab verim. Qanımın bu qara vaxtı ordan-buradan nə isə köçürməyə həvəsim yoxdur. Anladığım qədər, teorem- elmdə və məntiqdə sübuta əsaslanan hökmdür. Başqa sözlə, müəyyən ilkin qəbul olunmuş qaydalardan (aksiomalar, postulatlar) məntiqi nəticə kimi çıxarılan elmi hökmə teorem deyilir. Məni bu anlayışda maraqlandıran əsas qism “elmi hökm”dür. Odur ki, sualı təkrar, amma yeni formada verim: bizim təhsil və elm sistemi son nəticədə elmi hökm çıxarmağa nə qədər qadirdir? Möhtərəm nazirimiz demişkən, oxuduğunu anlamayanlar Dövlət İmtahan Mərkəzinin testoloqları kimi üzümüzə dirənəcək ki, bağ belə bostan belə, amma, and olsun Zevsə- Aristotel də belə əmin edirdi- mən ayrı şeydən danışıram. Nə danışdığımı izah edə bilmək üçün gərəkdir ki, qədim Yunanıstana ayaqüstü bir səfər edək.

Ən qədim insanlar təbiətdə baş verən hadisələrdə öz iradələri ilə izah edə bilmirdilər haqlı olaraq. Məsələn, yağış yağırdı, başa düşürdülər məsələ onlarlıq deyil, fövqəlgüclə izah edirdilər. Qədim yunanların fövqəlgücləri sivilizasiyanın qalan üstün varlıqlarından çox fərqli idi. İnsanlar kimi yeyir, içir, şellənirdilər. Yunanlar bəlli sistem içində- göydə də olsa- onlara azadlıq tanımışdı. Bu azadlıq, yəni fövqəlgüclərə yunan təfəkkürünün verdiyi azadlıq “yerə enərək” onların ləyaqət anlayışı ilə birləşdi və nəticədə bir gün kimsə dedi: Madam biz təbiətdəki hadisələri özümüz izah edə bilərik, gəlin, uca varlıqları yormayaq. Düzdür, bunu xeyli dərəcədə qorxa-qorxa və hətta pıçıltı ilə dedilər, amma bir kərə söz ağızdan çıxmışdı. Söz də ağızdan çıxandan sonra sənin olmur. Bu məqamda gərəkdir ki, bir suala da cavab verək. Nədən “logos” Şumerlərdə, Misirdə, Çində, Türklərdə, Perslərdə deyil, məhz yunanlarda yarandı? Məsələn, qədim şumerlilər və misirlilər öz dövrü üçün əsrarəngiz işlər görürdülər. Amma gördükləri işlər hamısı empirik idi, ustalarından öyrəndikləri vərdişlərə əsaslanırdı. Deyək ki, gil lövhəcik düzəldilir, lövhəcik üçbucaqdır. Şagirdin ixtiyarı yox idi deyə ki, bu niyə belə olmalıdır? Usta deyirsə, belədir, sözünün üstünə söz deyilə bilməzdi. Yunanlar vərdiş etməyi yox, bilməyi üstün tutdular. Bu, insan düşüncəsində inqilab idi: artıq hər şeyin bir sübuta ehtiyacı vardı. Nəticədə teoremin kəşfi “biliklər aləmi”ndə üç böyük dönüş yaratdı.

Əvvəla, elm təxmin və miflərdən uzaqlaşaraq sübutlara əsaslandı. Məntiq önə çıxdı.

İkincisi, sübut olunmuş teorem bütün dövrlərdə və məkanlarda keçərli oldu. Artıq heç kimin “fövqəlgücü” təbiətə o birilərinkindən çox hökm edə bilməzdi.

Üçüncüsü, bir teorem başqa teoremlərin yaranmasına imkan yaratdı, yəni elm öz-özünü inkişaf etdirən sistemə çevrildi. Bunun sayəsində riyaziyyat təbiət elmlərinin “dil”i oldu.

Bizim orta məktəb şagirdləri riyaziyyat üzrə olimpiadalardan əlləri ətəyindən uzun dönürlər. Amma günah şagirdlərdə deyil, elm və təhsil sistemindədir.

Baxın, teorem yaratmaq üçün üç şərt vacibdir.

Bunlardan ilki tənqidi zəkadır. Təhsil alan da, təhsil verən də istənilən fikri sorğulaya bilməlidir. Məsələn, bizim təhsil cameəsi özünə sual verməlidir ki, madam ölkədə I qrup üzrə 690-700 bal toplayanlar var, onlar nədən riyaziyyat olimpiadalarında bürünc medal belə qazana bilmirlər?

Səbəbini deyim. Mövcud təhsil sistemimizdə at oynadan “menecer”lər məntiqin əhəmiyyətini dərk etmək potensialından çox uzaqdırlar. Üstəlik, ölkənin elm və təhsil mədəniyyətinə yaddırlar.

Dövlət İmtahan Mərkəzinin testoloqları Azərbaycanda məhz elm və təhsil mühitini, mədəniyyətini məhv edirlər.

İndi bu “testoloq”lara “menecerlər” də qoşulub və birlikdə təhsilin içini boşaldırlar. Məzmunsuz və mahiyyətsiz təhsil sistemində şagird, tələbə, müəllim- statistikadır. Menecerlər üçün statistika, testoloqlar üçün “doğru cavab” vacibdir.

Amma teoremi SƏHV EDƏNLƏR qurur.

Taleh ŞAHSUVARLI