- Siyasi müzakirə
- 18:33
- 2 667
“Prezident İlham Əliyevin siyasəti Azərbaycanı regionun ən etibarlı tərəfdaşına çevirib” - Pərvanə Vəliyeva

“Dövlət başçımızın siyasi iradəsi, yürütdüyü uğurlu xarici siyasət və strateji addımlar ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə “orta güc dövləti”nə çevrilməsini təmin edir. Bu yeni nizamda Azərbaycan mühüm gündəliklə çıxış edən əsas aktorlardan biri kimi çıxış edir. Beynəlxalq hüququ və ədaləti özü bərpa edən, sülh təşəbbüskarı ölkə kimi Azərbaycan regionda ən etibarlı tərəfdaş hesab olunur. Prezident İlham Əliyevin müstəqil, ardıcıl və prinsipial siyasəti nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Prezident İlham Əliyev Sammit çərçivəsində ŞƏT+ formatında görüşdə çıxış etmiş, Çinə səfəri zamanı bir sıra mühüm tədbirlərdə iştirak etmişdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Çinə son səfəri Azərbaycanın xarici siyasət gündəliyində mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər yalnız ikitərəfli əməkdaşlıq müstəvisində deyil, həm də qlobal güc münasibətlərinin yenidən qurulduğu bir vaxtda strateji əhəmiyyət daşıyır. ŞƏT-in ali toplantısında dövlət başçısının xüsusi qonaq qismində iştirakı, Azərbaycanın beynəlxalq sistemdə getdikcə daha çox qəbul edilən təsirli oyunçuya çevrildiyini göstərir. Mütəxəssislərin fikrincə, belə səfərlər sadəcə protokol xarakteri daşımır, əksinə, yeni dünya düzənində Azərbaycanın maraqlarını qorumaq və mövqelərini möhkəmləndirmək baxımından ciddi siyasi mesajlar verir.
Deputat bildirib ki, müxtəlif ölkə prezidentlərinin dövlət başçımıza göstərdiyi xüsusi ehtiram diqqət çəkib.
“Bundan əvvəl Azərbaycan Prezidenti 2022-ci ildə Özbəkistanda, 2024-cü ildə isə Qazaxıstanda keçirilən ŞƏT sammitlərində iştirak etmişdir ki, bu da dövlət başçımıza olan yüksək hörmət və etimadın əyani göstəricisidir. Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq regional təhlükəsizlik və sabitlik, mədəni və humanitar əlaqələr, ticarət və sərmayə, enerji sektoru və kənd təsərrüfatı, telekommunikasiya, terrorizm və ekstremizmə qarşı mübarizə, tolerantlıq və mədəni müxtəlifliyin təşviqini əhatə edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın əsas sahələrindən biridir. Xüsusilə, dəhlizin Zəngəzur hissəsi bizim üçün maneəsiz keçid olacaq. Beləliklə, yüklər və sərnişinlər Azərbaycanın əsas hissəsindən Naxçıvana quru yolu ilə gedə biləcək. Regionda yeni logistik imkanlar açılacaq, beynəlxalq marşrut istifadəyə veriləcək. Bununla da Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca yeni quru yolu açılacaq və həm Avropa, həm də Asiya üçün əlavə dividendlər gətirəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az