“Təyyarə hadisəsi Azərbaycan-Rusiya münasibətlərini tarixi minimuma endirdi” - Şəhla Cəlilzadə

“Azərbaycan hər zaman müttəfiqləri üçün etibarlı tərəfdaş olmuşdur. Bu baxımdan, Rusiya ilə 22 fevral 2022-ci il tarixli strateji tərəfdaşlıq haqqında Moskva Bəyannaməsini qeyd etmək lazımdır. Vaxtilə bütün dünyadan təcrid olunmuşkən, Putinin səfər etdiyi azsaylı təhlükəsiz ünvanlardan birinin Bakı olması heç də təsadüfi deyildi. AZAL təyyarəsinin vurulmasından cəmi dörd ay əvvəl onun Bakıya səfərini, ən yüksək səviyyədə münasibətlərin inkişafına dair qarşılıqlı bəyanatları xatırlamaq olar. Lakin təyyarə hadisəsi münasibətləri tarixi minimuma endirdi. Bu, Rusiyanın şovinist-imperial xarakterindən irəli gələrək məsuliyyətdən boyun qaçırması fonunda, qarşılıqlı şəkildə güzgü effekti ilə atılan addımların nəticəsində baş verdi. Yəni Azərbaycan “Rus Evi”ni bağladı, mədəni tədbirlər qarşılıqlı şəkildə təxirə salındı, simvolik iqtisadi təzyiqlər edildi, Rusiya Azərbaycan diasporuna hücum etdi, Rusiyada çoxsaylı diaspor üzvlərimiz və onların rəhbərləri təzyiqə məruz qaldı, Azərbaycanda isə 13 Rusiya vətəndaşı saxlanıldı, qarşılıqlı media hücumları genişləndi”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, Azərbaycan-Rusiya münasibətləri əməkdaşlıq çərçivəsində irəliləsə də, son hadisələr ciddi gərginlik yaradıb. Mülki təyyarənin vurulması və günahsız insanların itirilməsi, Rusiyada azərbaycanlıların həbsi və mediada aparılan təbliğat ikitərəfli əlaqələri soyudub. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının azad edilməsi münasibətlərin normallaşması üçün vacibdir. Bu isə Rusiyadan məsuliyyətli davranış tələb edir.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın Ukraynaya humanitar yardımı, onun ərazi bütövlüyünü dəstəkləməsi, enerji əməkdaşlığı, ABŞ və Çinlə dərinləşən strateji münasibətləri və qurduğu yeni strateji xətt Rusiya tərəfindən özünə qarşı cəbhə yaradılması kimi qiymətləndirilir.

“Bu çərçivədə hətta ölkəmizə qarşı hərbi müdaxilə çağırışları edənlər də var. Odur ki, münasibətlərin bərpası istiqamətində atılmalı addım kimi Rusiya vətəndaşlarının azadlığa buraxılmasını tələb edən Mariya Zaxarovaya Azərbaycan XİN-in cavabı olduqca yerində və açıq idi. Münasibətlərin korlanmasının real səbəblərini açıq ifadə etmək və əsas məsələyə köklənmək lazımdır. Rusiya Prezidenti Putinin dediyi kimi, əgər həqiqətən də Azərbaycanla münasibətlər Rusiya üçün fundamental xarakter daşıyırsa, o zaman gərginliyin həll yolu tapılacaq. Bu həll yolu cinayətin etiraf olunması və məsuliyyətin üzərinə götürülməsindən keçir. Yalnız bundan sonra ikitərəfli münasibətlərin yeni mərhələsi müsbət məcraya keçə bilər. Xüsusilə Qərbdən təcrid olunan Rusiyanın Cənub istiqamətində enerji-nəqliyyat-logistika xətlərini inkişaf etdirməsi, başqa sözlə, strateji maraqlarını reallaşdırması üçün Azərbaycanla və onun müttəfiqləri ilə əməkdaşlığa ehtiyacı var. Münasibətlərin əsasında yalnız bərabərhüquqlu və qarşılıqlı faydalı, regional sülh və sabitlik vəd edən əməkdaşlıq dayanarsa, yalnız o zaman 22 fevral Bəyannaməsinin ruhu qorunmuş ola bilər. Əks təqdirdə Azərbaycanın öz müttəfiqləri ilə münasibətləri və Şərq-Qərb arasında getdikcə artan strateji keçid rolu inkişaf edərkən, Rusiya qlobal təcridə daha çox yuvarlanmağa davam edəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az