- Siyasi müzakirə
- 21:10
- 951
Sultan Zahidov: Azərbaycan–Türkiyə müttəfiqliyi Rusiyanın Qafqaz siyasətinə təsir göstərir

“Belə bir yanaşma var ki, Rusiya Cənubi Qafqaza yenidən diqqətini yönəldə və burada destruktiv siyasətini gücləndirə bilər. Lakin bir neçə mühüm amil bu ehtimalı məhdudlaşdırır. Əvvəla, Rusiya hələ Ukraynada öz hədəflərinə çatmayıb və hazırda Polşa ətrafında gərginlik artır. Polşa sərhəd qüvvələrini gücləndirir, Fransa isə bölgəyə hərbi təyyarələr göndərməyi planlaşdırır. Bu səbəbdən Rusiyanın əsas gündəliyində Ukrayna və NATO məsələsi dayanır. Bu isə onun digər regionlara yönəlməsini əngəlləyən ciddi faktordur. İkinci amil postsovet məkanında Rusiyaya qarşı getdikcə daha güclü müqavimət formalaşmasıdır. Rusiya ilə münasibətlər əvvəlki səviyyədə deyil, bir sıra problemlər mövcuddur və Kreml bunu nəzərə almalıdır. Üçüncü mühüm məqam isə Azərbaycanın rolu ilə bağlıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Xatırladaq ki, son dövrlərdə Polşa üzərində Rusiya pilotsuz uçuş aparatlarının vurulması və NATO ilə Avropa İttifaqı arasında artan gərginlik fonunda, ekspertlər Prezident Vladimir Putinin Cənubi Qafqazda mövqeyini qorumaq üçün yeni addımlar atmaq ehtimalını müzakirə edirlər. Xüsusilə rəsmi Bakı ilə son aylarda yaşanan gərginliklər nəzərə alınaraq, Azərbaycanın ABŞ və digər Qərb ölkələri ilə əməkdaşlığını gücləndirməsinə Moskvanın sərt reaksiya göstərə biləcəyi vurğulanır.
Siyasi şərhçi qeyd edib ki, Rusiya Şimal–Cənub Nəqliyyat Dəhlizinin tam işlək vəziyyətə gətirilməsi üçün Azərbaycana ehtiyac duyur.
“Bundan əlavə, Azərbaycan–Türkiyə müttəfiqliyi də Moskvanın Qafqaz siyasətinə təsir göstərən əsas faktorlar sırasındadır. Bununla belə, bu, Rusiyanın tam şəkildə kənarda dayanacağı anlamına gəlmir. Moskvanın Azərbaycana qarşı rəsmilər səviyyəsində səsləndirilən bəyanatları, mediada qarayaxma kampaniyaları, iş adamları və diaspora üzvlərinə təzyiqləri göstərir ki, müəyyən addımlar atılır və bundan sonra da atıla bilər. Məsələn, iqtisadi və ticari məhdudiyyətlər, maliyyə əməliyyatlarına maneələr gündəmə gələ bilər. Lakin bütün bunlar Rusiyanın özünə də iqtisadi zərər gətirəcək. Müharibə şəraitində Moskva üçün əlavə iqtisadi itkilər arzuolunan deyil. Buna görə də ehtimal olunur ki, hazırda əsasən ritorika, informasiya təzyiqləri və Azərbaycan diasporuna qarşı müəyyən addımlar davam etdiriləcək. Amma bu siyasət, təbii ki, Azərbaycan–Rusiya münasibətlərində gərginliyi daha da artıracaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az