Avtodayanacaq problemi niyə həll olunmur?

Şəhər sakinlərinin ən çox maraq göstəridiyi mövzu nəqliyyat infrastrukturudur. İnternet forumlarda, sosial şəbəkələrdə insanlar böyük həvəslə yeni salınan yolları, velosiped yollarını, piyada keçidlərini, avtobusların dəyişən marşrutlarını, yeni metro stansiyalarının tikilməsini müzakirə edirlər.


Əhalini ən çox narahat edən mövzu isə parkinq problemidir. Sürücü və ya piyada, fərqi yoxdur. Hamını avtomobillərin harada və necə park edilməsi maraqlandırır. Pullu və pulsuz, qanuni və qeyri-qanuni, küçələrdə və həyətlərdə, mərkəzdə və mərkəzdən kənarda yerləşən bütün parkinqlər diqqət mərkəzindədir.

Problemin kökü paytaxtda avtomobillərin sayının kəskin artmasıdır. Şəxsi avtomobilə sahib olmaq insanların rahat hərəkətini təmin etsə də maşınların saxlanması üçün ictimai yerlərdən istifadə olunması heç də əlverişli deyil. Nəticədə şəhər sakinləri avtomobillərin saxlanması problemi ilə üz-üzə qalır.

Əgər şəhərin mərkəzi küçələrində bu problem yeni yeraltı və yerüstü avtodayanacaqlar vasitəsi ilə həll olunursa, yaşayış binalarının qarşısında avtomobillərin saxlanılması problemi hələ də aktualdır.

"Uşaq meydançaları və qazonlar artıq dayanacağa dönüblər, oturacaqlar və zibil konteynerlərinin qarşısı da maşınlarla doludur".

Hətta yeni tikilən hündürmərtəbəli binaların qarşısında da avtomobillərin saxlanılması üçün nəzərdə tutulan yerlər məhduddur. Sovet dövründə tikilən "stalinkalar" və "xruşovkalar"da isə ümumiyyətlə bunun üçün yer nəzərdə tutulmayıb. Sakinlər öz avtomobillərini binanın qarşısındakı həyətyanı sahədə saxlayırlar ki, bu da həmin ərazinin tamamilə tutulması ilə nəticələnir. Uşaq meydançaları və qazonlar artıq dayanacağa dönüblər, oturacaqlar və zibil konteynerlərinin qarşısı da maşınlarla doludur. Bir çox hallarda isə bu avtomobillər heç bina sakinlərinə də məxsus olmur.

Həmin ərazidə yerləşən kafe və restoranlara, gözəllik salonları və kliniklalara, universitetlər və təhsil kurslarına gələnlər maşınlarının "ştrafnoya" aparılmaması və ya parkomatlara əlavə pul xərcləməsinlər deyə avtomobillərini yaxınlıqdakı binaların qarşısında saxlayırlar. Bu isə bina sakinlərinin narazılığına səbəb olur.



Bu məsələnin qanunla tənzimlənməsi məsələsinə gəlincə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin 2-ci bəndinə görə, "çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir". Bu da o deməkdir ki, həyətlərinin digər avtomobillərlə zəbt olunmasını istəməyən sakinlər ümumi yığıncaqda qəbul edilmiş qərara əsasən, kənar şəxslərin həyətə avtomobillə girişinə məhdudiyyət qoya bilərlər. Bununla da bina ərtafı sahədə şlaqbaum və maneələrin quraşdırılması və həmin ərazinin yalnız bina sakinləri tərəfindən dayanacaq kimi istifadə edilməsinə dair qərarı sakinlər özləri verə bilərlər.



Mənzil Məcəlləsinin 35.2-ci maddəsi
Bəs avtomobillə hərəkət etməyə üstünlük verən şəhər sakinləri nə etsin? Dayanma və durma qaydalarının pozulmasına görə, cərimələrin miqdarı 20-100 manat arasında dəyişir. Yeni qaydalara görə, hətta yol polisi əməkdaşları qayda pozuntusuna yol verən avtomobillərin fotosunu çəkib sürücülərin ünvanına göndərir. Lakin görülən tədbirlərə baxmayaraq səkilərdə, yol ayrıclarında avtomobil saxlayan sürücülərin sayı azalmır. Paytaxtın müxtəlif rayonlarında yerləşən pullu avtodayanacaqların qiyməti isə sürücüləri qane etmədiyindən bu tendensiyanın hələ uzun müddət davam edəcəyi görünür.

"Xarici ölkələrdə pullu dayanacaqlarda ödəniş saat hesabı aparılmır".

Hazırda paytaxtda istifadəyə verilən pullu avtodayanacaqların hamısı saat hesabı fəaliyyət göstərir. Mərkəzi Dayanacaq (Qış parkı) istisna olmaqla bütün dayanacaqlarda qiymət 1 AZN-dən başlayır. Yalnız Mərkəzi Dayanacaqda bu qiymət 50 qəpik təşkil edir.

Dünyanın ən böyük şəhərlərində qanunsuz avtomobil park edənlərlə mübarizə daha uğurla aparılır. Burada yerləşən avtodayanacaqların qiyməti əhali üçün əlverişli olduğundan onlar maşını harada və necə saxlamaq haqqında düşünmürlər. Ən əsası xarici ölkələrdə pullu dayanacaqlarda ödəniş saat hesabı aparılmır. Üstəlik təqdim olunan bu qiymətlər şəhərin mərkəzi küçələri üçün nəzərdə tutulub. Kənar ərazilərdə isə bu qiymətlər daha ucuzdur.


Bakının mərkəzində ödənişli avtodayanacaqlar




Dünyanın iri şəhərlərində avtodayanacaq qiymətləri

Son dövrlər paytaxt sakinlərini ən çox narahat edən problemin həlli üçün isə bir neçə yol təklif olunur. Birincisi, avtomobil saxlamaq üçün kifayət qədər yeri olmayan ərazilərdə yeni tikililər inşa etməmək. Yaşayış evlərinin qarşısında parklanma qaydalarını yeniləmək – məsələn, 60-70 sm enində olan uşaq arabasının maneəsiz keçməsi üçün yer saxlamaq şərti ilə səkilərdə maşın saxlamaq mümkün ola bilər.

İkincisi, parklanma yerlərinin sayını artırmaq lazımdır. Ən əsası isə parkinq qiymətləri əhalinin cibinə uyğun olmalıdır. Bu zaman həm bina sakinlərinin narazılığı aradan qalxar , həm də sürücülər öz maşınlarını rahat şəkildə parkinq edə bilərlər.

anspress.com