Arif Alışanovun tərəfdarları da Qulu Məhərrəmlini məhkəməyə verir

Xəbər verdiyimiz ki, Əməkdar jurnalist Qulu Məhərrəmli AzTV-nin sədri Arif Alışanovla arasındakı qalmaqala qoşulan 2 jurnalisti - Rauf Rəcəbov və İlhamə Novruzovanı məhkəməyə verib. Q.Məhərrəmli jurnalistləri onun nüfuzuna xələl gətirən yazılarla çıxış etdikləri üçün belə bir addımı atdığını açıqlayıb.


Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı sözügedən jurnalistlərlə əlaqə saxlayıb.

Rauf Rəcəbov bildirib ki, o da Q.Məhərrəmlini məhkəməyə verməyə hazırlaşır: "Qulu Məhərrəmli Azərbaycan televiziyasının 60 illiyi ilə bağlı yazı hazırlamışdı. Mən də həmin yazıya cavab vermişdim. Onun məhkəməyə müraciət etmək hüququ var. Amma məhkəmədə bizim də deyiləsi sözümüz çox olacaq. Mən uzun müddət Qulu Məhərrəmli ilə bir yerdə işləmişəm. Düşünürəm ki, mənə qarşı etdiyi haqsızlıqların cavabını hələ almayıb. Ona görə də mən də onu məhkəməyə verməyə hazırlaşıram".

İlhamə Novruzova isə Q.Məhərrəmlinin onu məhkəməyə verməsini mətbuatdan oxuduğunu deyib: "Bu barədə rəsmi məlumatım yoxdur. Mənim AzTV ilə heç bir bağlantım mövcud deyil. Mən həmin yazını Qulu Məhərrəmlinin yazısına qarşılıq olaraq yazmamışam. Bir jurnalist kimi araşdırmalarımın nəticəsini yazmışam. O ki qaldı, Qulu Məhərrəmlinin məhkəməyə müraciət etməsinə, bu onun konstitusion hüququdur. Mən yazımı yalnız faktlara söykənərək yazmışam. Onlar da mənim müdafiəmi qurmaq üçün yetərincədir".

qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu körpələr evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. A.Alışanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Bahar RÜSTƏMLİ
AzNews.az