Bu gün müxtəlif adda mənşəyi bilinməyən sofosbuvir tərkibli dərmanlar qanunsuz yollarla ölkəyə gətirilir. Bu gün müxtəlif adda mənşəyi bilinməyən sofosbuvir tərkibli dərmanlar qanunsuz yollarla ölkəyə gətirilir.

SOS! “Hepatit C” xəstələri aldadılır – Saxta dərmanlar açıq satışda

Bu gün müxtəlif adda mənşəyi bilinməyən sofosbuvir tərkibli dərmanlar qanunsuz yollarla ölkəyə gətirilir.


Təəssüf ki, tərkibi yoxlanılmayan bu dərmanların bir sıra apteklərdə - həm də çox tanınmış brend apteklərdə açıq şəkildə satışı həyata keçirilir.

Aparılan araşdırma zamanı daha çox adlı-sanlı apteklərdə, həmçinin ayrı-ayrı tanınmış həkimlər (!) tərəfindən "Hepatit C" virusuna yoluxmuş xəstələrə təklif olunan, lakin lisenziyası olmayan sofosbuvir tərkibli dərmanların müxtəlif ölkələrə məxsus olduğu və qiymətlərin də fərqliliyi müşahidə edilib.

Biz, uzunmüddətli araşdırmalarımızın nəticəsi olaraq dəhşətli faktları əldə etdik. Saxta, həmçinin lisenziyası olmayan sofosbuvir tərkibli dərmanların müxtəlif adlarda satışını, təkcə, brend apteklər deyil, bir sıra adlı-sanlı həkimlər də həyata keçirir. Bunların sırasında ölkəyə idxalına lisenziya verilməyən "Hepsinat" - (Hindistan), "Hepsinat LP" - (Hindistan), "Mpviropak" - (Misir), "Qratosovubir" - (Misir), "Harbobay" - (Misir), "Sovaldi" - (Türkiyə), "Harvony" - (Misir), "Saphera" - (Misir) və bizim də adını bilmədiyimiz neçə-neçə dərmanlar var.

Bəzi həkimlərin istər fərdi, istərsə də həkim-aptek işbirliyi müstəvisində bu işlə məşğul olması, (sofosbuvir tərkibli saxta dərmanların ölkəyə qanunsuz idxalı və satışını həyata keçirmə) olduqca maraq doğurur. Təbii ki, insanların sağlamlığı keşiyində dayanmalı olan ağxalatlıların qanunsuz varlanma ehtirasları Hepatitli xəstələri taleyin ümidinə buraxmaq, birbaşa ölümün pəncəsinə atmaqdan savayı bir şey deyil. Halbuki, həkim ona müraciət edən xəstəni düzgün müayinə etməklə yanaşı, həm də düzgün istiqamətləndirməyi də özünün peşə borcu bilməlidir.

"Satıcı" həkimlər iki qrupa bölünürlər:

a) özləri gətirir və satış üçün apteklərə verirlər;
b) özləri gətirir və xəstələrinə "əgər sağalmaq istəyirsənsə, mən bunları məsləhət bilirəm" - deyib, özləri də satışını həyata keçirirlər, təbii ki, apteklərlə "iş birliyində". Məqsəd birdir – varlanmaq, insanların taleyi isə əsla önəmli deyil.

Əlaqə saxladığımız bəzi apteklərin satış menecerləri və həkim-hepatoloqlar tərkibi və mənşəyi məlum olmayan sofosbuvir tərkibli dərmanları müxtəlif qiymətlərə təklif edirlər.

Bakı Sağlamlıq Mərkəzinin qarşısındakı "Elit" aptekdə olduq və Elvin adlı satıcı ilə apardığımız danışıqlardan məlum oldu ki, onlar sofosbuvir tərkibli istənilən dərmanı təşkil etmək iqtidarındadırlar, (Məsələn, "Qratosovubir") qiyməti də 890 manatdan başlayır...

Telefonla danışdığımız, səsini belə lentə aldığımız klinikaların birində ("Elmed") çalışan həkim Viqar Bağırov (əslində, əlaqə saxladığımız əczaçı və həkimlərin hamısının danışığını lentə almışıq) müxtəlif ölkələrdə istehsal olunan sofosbuvir tərkibli dərmanları Azərbaycan bazarında tapmaqda bizə yardım etməyə hazır olduğunu (!) bildirdi. Əlavə etdi ki, qiymətlər də müxtəlifdir - 800 manatdan 5000 min manatadək, lnsenziyalısı da var, lnsenziyasızı da... Qeyd etdi ki, heç bir çətinlik çəkmədən İran, Kanada, Misir, Hindistan, Amerika, Türkiyə... istehsallı sofosbuvir tərkibli dərmanları bizə "təşkil" edə bilər!..

Ümumilikdə, bu araşdırma zamanı çox sayda həm həkim, həm də apteklərlə əlaqə saxladıq, demək olar ki, əksəriyyəti sofosbuvir tərkibli müxtəlif adda dərman preparatını tapmaqda bizə "yardım etməyə" hazır olduqlarını bildirdilər. (Araşdırmalarımızın yekununda onların da kimliyini biləcəksiniz).

Bunun nə demək olduğunu təsəvvür edirsinizmi? Dövlətin qanunlarına birbaşa sayğısızlıq, vətəndaşları düşünülmüş şəkildə aldatma, onların üzləşdikləri çətinliklərdən sui-istifadə etmə, həyatlarını real təhlükəyə atma, bir sözlə - cinayət. Hələ ki, cəzasız qalan cinayət. Təəssüflər olsun ki, bu cinayət tərkibli əməlin qarşısı inzibati və qanuni yollarla alınmır. Dəhşət və vəhşət doğuran hal isə odur ki, bir çoxları bunu bildikləri halda, xəstələri məqsədyönlü şəkildə yenə də "qara bazara" tərəf istiqamətləndirirlər.

Zəruri olaraq qeyd edirik ki, dövlətimiz səhiyyəmizin inkişafı, insanlarımızın sağlamlığı naminə bütün zəruri tədbirləri görür, ölkəyə saxta və qanunsuz dərmanların idxalı ilə bağlı sərt və prinsipial mövqe sərgiləyir. Amma bütün bunlara baxmayaraq, bəzi əczaçı və terapevt-hepatoloq "hipokratçılar" şəbəkə qurub, hətta qanunların fövqündə durduqlarını, toxunulmaz olduqlarını düşünür, hələ ki, düşündükləri kimi də hərəkət edirlər. Lakin qanunların sərt üzünün bir gün həm özlərinin, həm də himayəçilərinin qapılarını döyəcəyinin fərqində deyildirlər.

Mövzu ilə bağlı, terapevt-hepatoloq Könül Mahmudovanın fikirlərini öyrəndik. Həkim qeyd etdi ki, son vaxtlar Hepatit xəstələrinin sayı xeyli çoxalıb, bu sahədə dərmanlara da tələbat artıb. O, bildirdi ki, apteklərdə xeyli adda dərmanlar satılsa da, onların 2-3-ü lisenziya almış dərmanlardır. "Biz xəstələrə yazanda ancaq tərkib yazırıq - sofosbuvir molekulası. Sofosbuvir tərkibli dərmanlar - "Ribavirin" lesinziya alıb və apteklərdə satılır, biz də onu yaza bilirik. "Peqasis" də lisenziyadan keçib və apteklərdə satılır. Bizim firma - marka adlarını yazmağa ixtiyarımız yoxdur. Xəstələr özləri hansını istəsələr onu alırlar. İndi informasiya bolluğudur. Xəstə gəlib deyir ki, mən filan dərmanı istəyirəm, onunla müalicə olunacam, gedib alır, biz ona heç nə deyə bilmərik" - həkim bildirdi.

Mütəxəssis deyir ki, dövlətin xəstələrə pulsuz verdiyi dərmanlar çox fayda verir: "Xüsusilə "Ribavirin" effektlidir. "İnterferon"lar isə qısa müddətli təsirə malik dərmanlardır. Onun müalicə səviyyəsi 5 faizdir. Bu dərman tam müalicəyə qədər müvəqqəti qəbul edilir. İndi tam müalicə üçün 99 faiz effektiv dərmanlar var. Xəstələr də araşdırır, gəlib deyir ki, belə effektli dərmanlar var, mən onlardan almaq istəyirəm. Bizdə keyfiyyətli dərmanlar həddən artıq bahadır, qiyməti 750 manatdan başlayır. Ona görə də, çoxları gedir xarici ölkələrdən özləri alıb gətirir. Bəziləri isə, Azərbaycanda satılan lisenziyalı dərmanlara üstünlük verirlər. Lisenziya almış "Grateziano" da keyfiyyətli və effektiv dərmandır. Ondan istifadə edən xəstələr xeyrini də görürlər...".

Burada kiçik bir xatırlatma etmək istərdik. Bu xəstəliyə yoluxmuş insanlardan (rəsmi statistikaya görə, respublikamızda Hepatitli xəstələrin sayı yarım milyondan çoxdur) yalnız bir neçəsi dərman almaq üçün xarici ölkəyə baş vurar, onun da astarı üzündən baha oturar. Biz bilirik, həm də yaxşı bilirik, istərdik ki, Könül xanım da bilsin ki, saxta və lisenziyasız dərmanları qanunsuz yollarla ölkəyə gətirən və gətizdirənlərin böyük əksəriyyəti həm də elə bəzi hepatoloq həkimlərin (!) özləridir. Məqamında onları əlahəzrət faktla üz-üzə qoyacağıq.

Sadəcə, bir qədər səbirli olsunlar, heç bir titul, ad-san insanların taleyi ilə oynayanları sığortalaya bilməyəcək... Biz həmin hepatoloq həkimlərin xəstələrini də danışdırmışıq. Ad-sana, uzun-uzadı titullara yiyələnmiş hepatoloqların öz xəstələrini lisenziyasız sofosbuvir tərkibli dərman preparatını almağa yönləndirməsini bugünki səhiyyəmizin acı reallığı kimi də dəyərləndirmək olar.

Hepatitli xəstələri düzgün müayinə edən və istiqamətləndirən vicdanlı həkimlərə isə yalnız təşəkkür etmək düşür. Biz onların da kimliklərini bilirik. Vaxtaşırı ölkə ictimaiyyəti də biləcək.

Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyasının sədri, professor Murad Məmmədov bu barədə heç nə deyə bilməyəcəyini, məlumatının (!) olmadığını bildirdi. Əlavə etdi ki, biz sofosbuvir tərkibli dərmanlardan istifadə etmirik: "Hepatit C-yə qarşı bir neçə dərmanlar var, biz xəstələrə yalnız "İnterferon" və "Ribavirin"i pulsuz veririk".

Zəruri qeyd: Hörmətli Murad müəllimin adını çəkdiyi hər iki dərman preparatı Səhiyyə Nazirliyinin qərarı ilə xəstələrə pulsuz verilir. Bu dərmanlar Sovet dənəmindən qalma müalicə üsuludur. Hepatoloqlar bildirir ki, bu vasitə ilə sağalma ehtimalı yüksək faiz göstəricisinə malik deyil. O zaman çoxsaylı suallar yaranır ki, onları da zamanında Murad həkimə ünvanlamalı olacağıq...

Səhiyyə Nazirliyindən adını çəkilməsini istəməyən bir mənbədən isə öyrəndik ki, adıçəkilən qurumun (SN) lisenziyası əsasında sofosbuvir tərkibli "Grateziano" dərman preparatını rəsmi distribütor olaraq Azərbaycana idxal edən yalnız "Alfamed" MMC əczaçılıq şirkətidir. Bu dərman preparatı 2015-ci ilin iyulundan ölkəyə idxal olunur. Lakin Murad müəllimin bundan xəbərsiz olması bir qədər təəccüblü görünür.

"Alfamed" MMC-nin adını "pünhan" saxlayan nümayəndəsi isə bu barədə danışmaq istəmədi. Sadəcə bidirdi ki, ölkəyə qanuni yolla (Səhiyyə Nazirliyinin müvafiq lisenziyasına uyğun olaraq) idxal edilən yalnız sofosbuvir tərkibli "Grateziano" dərman preparatıdır, bunu da "Alfamed" MMC əczaçılıq şirkəti olaraq həyata keçiririk. Bu dərman preparatı ABŞ lisenziyası əsasında Misir Ərəb Respublikasında istehsal olunur, qutusu üzərindəki yazılar ingilis, içlik vərəqindəki yazılar isə Azərbaycan dilindədir. Satış qiyməti 850 manatdır. Ölkəyə idxal etdikləri "Grateziano" dərman preparatını, əsasən, "Molekul" və "Lalə" aptekləri götürərək satışını həyata keçirirlər. (Qutusu üzərində ərəbcə yazılan "Grateziano"lar da lisenziyası olmayanlar sırasındadır.)

Göründüyü kimi, pirat yollarla gətirilən, mənşəyi və tərkibi bilinməyən, açıq satışda olan saxta sofosbuvir tərkibli dərman preparatlarının idxalı və satışının qarşısının alınması üçün mətbuatda zaman-zaman "həyəcan təbili" çalınır, lakin hələ ki, bunun real nəticəsi görünmür.

Bu tip dərmanların ölkədə satışının reallaşdırılmasına kimlər yaşıl işıq yandırır? Onlar müxtəlif adda pirat yollarla ölkəyə gətirilən, mənşəyi və tərkibi bilinməyən saxta sofosbuvir tərkibli dərman vasitələrinin açıq şəkildə satışını hansı adla həyata keçirirlər? Bunlar gömrük yoxlamasından necə yayına biliblər? Bəs, Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzi bunun qarşısını almaqda niyə həvəsli deyil? İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti hara baxır? Bu barədə araşdırmalarımız tamamlanandan və müvafiq ünvanlara göndərdiyimiz sorğulara cavab alandan sonra məlumat yayacağıq.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirdilər ki, onlara bununla bağlı müraciət daxil olmayıb. "Biz dərmanların əsasən qiymətini yoxlayırıq, əgər dövlət tərəfindən müəyyənləşdirilmiş qiymətlərdən baha satılması və saxta dərmanların satışı halları olsa, biz müvafiq tədbirlər görə bilərik".

Azadinform.az