Nişan yaylığımda gülləni gizlədən Cəbrayıl torpağı - Azad olunan ərazilərdən Reportaj

Heç Vətən həsrətli yuxular görən deyiləm. Amma bu gecə yuxumda böyük bir heyətlə işğal olunmuş rayonlardan birinə getmişdik. Bütün heyət üzvləri mülki, cəmi bir nəfər hərbi geyimdə idi. Mən də həmin hərbi geyimli adama güvəndiyimə görə orda idim və yanından heç ayrılmırdım.

Bir hündür binanın həyətindəydik. Sonra həmin hündür mərtəbəli binanı pilləkənlərlə qalxmağa başladıq. İçimdə qorxu, sevinc, heyrət, həyəcan qarışmışdı bir-birinə. Pilləkənləri qalxa-qalxa ``burdan salamat qayıda biləcəyikmi?`` deyə, düşünürdüm. Orta mərtəbələrdən birində bir mənzil qapısı açılır. Otaqlar bomboşdur. Birdən içəri bir nəfər girir, əlində də iki stul...

PS: hər şey o qədər aydın görünürdü ki, nə vaxt o yerlərə getsəm, o həyəti də tanıyaram, o binanı da. Amma oralarda hündür mərtəbəli bina nə gəzir? Bu il sülh müqaviləsi bitir. Allah xeyrə yozsun bu yuxunu!
(11 aprel 2014)

Bu sözləri sosial şəbəkələrdən birində iki il öncə məhz aprel ayında yazmışdım. Haradasa, kiminləsə danışmaq istəyirəm. Amma o yeri və o adamı müəyyənləşdirməyə çətinlik çəkirəm. Necə deyim axı, elə bir məkan olsun ki, hər yer yovşan qoxusun, xaraba qalmış evlərin sahibləri güllə yağışının altında qaçanda qopub qalmış ayaqların, qolların, minadan, mərmidən toxum kimi torpağa səpilən canların yerində ara-sıra qırmızı lal lalələr başını yelləsin ağır-ağır. Bilməyək, onlar çiçəkdimi, yoxsa canları parça-parça olub toxum kimi səpilən şəhidlərdi əl sallayırlar bizə, "gəlin", deyirlər, "biz burdayıq" deyirlər.

Oturasan lalələrin yanında, yer də Cəbrayıl ola, Qubadlı ola, Xocalı ola, yer də Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Füzuli, Ağdam - əvvəl biri ola, sonra hər gün biri - oturasan lalələrin yanında fikirləşəsən ki, bütün olanlardan sonra görəsən, hanısımız başlamalıyıq danışmağa, nədən başlamalıyıq...



Bir lalənin yanında oturub onun kimi susasan, düşünəsən - tələsik cavab hazırlamaq lazım olacaq qəfil veriləcək suallara.

Birdən desə ki, bəs illərdi biz hər yaz boy atıb qızara-qızara sizi gözlədik, sizsə.. böyükləriniz qocaldı unutdu, gəncləriniz yaşlandı unutdu, uşaqlarınız böyüdü unutdu. Yaddaşınızmı sizi unutqan elədi, zamanmı? Deyək, insan belədir də, yaş ötdükcə unutqanlıq başlayır.

Gərək, məni torpağına düşmüş gülləni kölgəsində gizləyən lalə kimi dinləyəsiniz...

***

Cəbrayılın Şuşası sayılan Sirikdən danışdı atam ömrü boyu. Heç görmədim oranı, heç anlamadım dediklərini. Elə hey "Tey dağı", "Qanlı Qoz" məhəlləsi deyib durdu. Elə hey, Sirik camaatının Sovet qoşununu darmadağın edib Azərbaycan tarixinə Sirik-Sovet tarixini yazmasından danışdı, sonra Bəylər atasından söz açdı. Deyirdi kişi bəy olub, sonra Sovet hökuməti döyüşən adamlardan öldürdüyünü öldürüb, qalanını Sibirə sürgün edib. Atası Bəylər kişinin mal-qarası müsadirə olunub, mülkünü kənd məktəbi ediblər. Bəylər kişi dünyadan köçəndə atam kiçik olub deyə, onunla bağlı xatirələri çox deyildi, bunları da elə kənd camaatından eşitmişdi. Sonra ayağı yer tutanda oxumaq-işləmək üçün kənddən çıxıb. Sonra...şəhər həyatı başlayıb...

Qaçqınlıq-köçkünlük görmədik biz. Hələ müharibədən xeyli əvvəldən Cəbrayıla gediş-gəlişimiz kəsilmişdi. Amma Siriklə bağlı xatirələr az qala hər gün evimizdə danışılırdı. Onda nə bilirdim Cəbrayıl nədi, nə bilirdim Sirik haradı? Nə bilirdim atam niyə can atmaq istəyir o torpağa... O qədər də möhkəm adam(idi)dı, bir dəfə həsrətini dilinə gətirməz(di).



***

Ana da Vətən kimidir. Yoxluğu qürbətdə yaşamağa bənzəyir, günün nə qədər xoş keçir keçsin, ən böyük xoşbəxtlik qoynuna girməkdi.

Anamı aprelin iyirmisində toxum kimi torpağa əkəndən sonra gözümün yaşı qurumadı. Onda bir az böyüməmiş kimiydim, onda yenə də bilmirdim Cəbrayıl haradı, Sirik necə yerdi. Apreli görməyə gözüm yox idi. Bahar gəldimi, ağaclar çiçəklədimi, otlar göyərdimi, quşlar ağız-ağız verib oxudumu – qanım qaralırdı. Bahar anamı toxum kimi torpağa əkmişdim, amma bəhrəsini görə bilmirdim. Gələn baharlar - oxuyan quşlar, bitən otlar, çiçək açan ağaclar, doğan günəş – məni sevindirmirdi. Bəs bu torpaq anamı neylədi?

Cəbrayıldakı Çinardan elə yanıqlı danışırdı ki... Deyirdi nahaq o ağacın üstündə restoran düzəldib qurutdular. Deyirdi, nəhəng ağac idi, altından kəhriz axırdı. Anam bir gün uşaqlarla oynaya-oynaya Cəbrayılın hansısa dağına gedib çıxır. Hər yer duman imiş. Birdən duman çəkilib görüblər yanlarında nəhəng qaya var. Qaya bir atlını xatırladırmış. Deyiblər ki, o hansısa müqəddəslərdən birinin əksidi. Bu anamın uşaqlıq xatırəsi idi. Deyirdi Cəbrayılda düzlər lalədən don geyinir. Atasını tez-tez yuxuda laləzarda görürdü, hər dəfə eyni yuxunu danışırdı mənə. Anasızlıq vətənsizlik kimi yandırır...

...Sonra heç özüm də bilmədim necə böyüdüm. Şəhid ailələri ilə görüşdüm, evlərində qonaq oldum, çörək kəsdim, çaylarını içdim. Hər ailənin hər üzvü mənə bir dərs oldu, həyatı daha içəridən, ağrı-acısıyla dərk etdim.

***

Sonra atam özünü qəribə aparmağa başladı.

Tez-tez evdən çıxıb harasa gedirdi, qayıda bilmirdi. Zəng edib deyirdi ki, bala, evə gedirdim, yolu azmışam. Yerini öyrənib gətirirdik. Sonra bu hallar tez-tez təkrarlanmağa başladı. Bir gün isə səsi Bakı Avtovağzalından gələndə təəccübləndik. Nə baş verdiyini anlamırdıq. Hara getdiyini soruşanda cavabı bizi sarsıtdı: Evə.

Nə ev? Hansı ev? Kimin evi?

Həkimə də müraciət edirdik, deyirdi yaşlılarda olur belə şeylər. Bir-iki dərman yazırdı, vəssalam.

Sonra atam gecələr evə sığmaz oldu. Hava qaraldımı sanki bambaşqa adam olurdu. Qapının ağzında qarşısını zorla kəsib, qapıdan çıxamağına mane olurduq.

- Ay ata, hara gedirsən?
- Evə gedirəm.
- Evdəsən axı.
- Yox, bura mənim evim deyil! Gecdir! Gecə düşür, evə getməliyəm! Məni ləngitməyin!
- Hansı evə, hansı evə?

Sonra atam susurdu, fikirləşirdi, fikirləşirdi... Cavab tapa bilmirdi.

Bu hallar hər gün təkrarlanmağa başladı. Axşamlar qorxmağa başladıq, hava qaralan kimi atamın "evə getmək" arzusu bizi qorxudurdu, onu heç cür ovutmaq olmurdu.
Bir gün həkimlərin məsləhəti ilə beyninin kompüter müayinəsi aparıldı. Diaqnoz belə idi: alzqeymer.

Bundan sonra evdə yalnız Siriklə bağlı eyni xatirələrini dinləyirdik – uşaqlıq xatirələri ona gizli gedən xəstəlik kimi əziyyət verirdi.

Bir gün dəhlizdən keçəndə atamın pıçıltı ilə öz-özünə "anam məni hamıdan çox istəyirdi" deyə piçıldadığını eşitdim. Başa düşdüm ki, ata "evimə gedirəm" deyəndə, Cəbrayıla, Siriyə atasının ocağına getməyi nəzərdə tuturmuş. Necə olub ki, bu, bizim heç ağlımıza da gəlməyib. Həsrət, dərd çəkə bilməmişdi, unutmağa başlamışdı. Buna artıq dözə bilməzdim. Atamın Cəbrayılda qalan xatirlələrinə aid bir parçanı tapmalı idim. Onun içindəki sualları, ağrıları özümlə aparıb ovutmalı idim. Bir gün Cəbrayıldan köçkün düşmüş atamın uşaqlıqdan bəri görmədiyi qohumlarını tapıb, ünvanlarını öyrəndim. Taksiyə oturub düz Beyləqana yollandım. Kim olduğumu Bakıya qayıdandan sonra zəng edib dedim – bəlkə gedişimə şad olmayacaqdılar. Şad oldular, özü də necə - demə onlar da uzun illər həsrətlə yaşayıblar. Evimizə gəlib atamla görüşdülər. Ata o qədər sevinmişdi ki, anidən hər şeyi, hamını xatırladı – o unutqan, heç nəyi və heç kimi xatırlamayan adamdan əsər əlamət qalmamışdı. Səhər açılanda isə ... daha heç nə, heç kim yadında deyildi.

***



Yolu necə gəldiyimdən çox az məqam xatirimdədi. Füzulidə təndir çörəyi satan analar üzü Lələtəpəyə sarı getdiyimizi biləndə az qaldılar qucaqlayıb boynumuza sarılsınlar. Olmamışdım Füzulidə. Təsəvvür edin, bir kəndin bir tərəfində sən, digər tərəfində düşmən... Horadizdə bir su arxının yanından keçəndə atamı düşündüm, gözlərim doldu – mənim onun yurduna gəldiyimdən xəbərsiz idi. Tez özümü ələ aldım. Duyğulanmaq vaxtı deyildi. Möhkəm olmaq, insanları ruhlandırmaq, örnək olmaq lazım idi. Bir-birinə oxşayan düzlər, yollar cığırlar ötür-ötür oyunu oynayırdı elə bil. Birdən maşındakı dostların şən-əhval ruhiyyəsi məni xəyallardan ayırdı. Kimsə bərkdən dedi: Bu da Cəbrayıl!

Nə? Cəbrayıl? Hanı Cəbrayıl? İlahi! Budur, buradır Cəbrayıl? Dəli kimi ora-bura baxdım. Görməmiş kimi gözümü yerə-göyə gəzdirim. Heç vaxt görmədiyim Cəbrayılın göyünü bütün göylərdən göymü, çəmənini otlarını hamısından yaşılmı gözləyirdim, nədi? İzah edə bilmədim bunu. Özümü toxtaq tutacaqdım, elə də görünürdüm. Hərbi hissənin əsgər-zabit heyətinin bir az çaşqın, bir az sual, bir az ümid dolu baxışlarından tutuldum. Elə bil bir az da utandım. Bilmədim baxışlar bizə "nə yaxşı gəlmisiniz" deyirlər, bilmədim "biz nə hayda, siz nə hayda" deyirlər yoxsa, "ay bacı, ay qardaş, bura gəlmək olmaz"... bilmədim... Bilmədim onların hansıyla salamlaşım, hansının əhvalını soruşum. Çoxlu suallarım var idi, bilmədim hansı sualı verim hansını saxlayım, seçim edə bilmədim deyə susdum. Bilmədim, qarşımdan keçən əsgərdən sumu istəyim, yoxsa "su gətirim içirsən?" deyim. Bilmədim ac olduğunu soruşum, yuxusuz olduğunu soruşum. İstədim buraların nə dərəcədə təhlükəsiz olduğunu öyrənim birindən. Sonra beynimdən keçən fikirdən utandım, dedim, nədi, Feyziyyə, qorxursan minaya düşərsən, əlini, qolunu burda qoyub gedərsən? Nə olacaq ki, yerində qırmızı lalələr bitəcək, Şuşadan gələn Xocalıdan qonaq gələn uşaqlar yanlarında oturub bu günləri pis yuxu kimi lalələrə danışacaqlar. Soruşmadım. Düşüb xəndəklərinə baxmaq istədim, görüm onlara rahatdırmı, narahatdırmı. Düşmədim ki, nəyisə düz eləmərəm, təhlükəsizlik qaydalarını pozaram, narahat olarlar. "Düşmən gülləsinə sipər etdiyiniz canlarınıza qurban olum" deyib kirimişcə baxdım sadəcə. Balaca arxın hər iki kənarında oturub bizdən daha xoşbəxt görünən iki pişiyi qucağıma alıb sığallamaq, ovutmaq istədim. Nə qədər olmasa qorxmuşdular, yəqin. Sonra hallarından məmnun olduğunu görüb onlara da yaxınlaşmadım. Qarınları tox, kefləri kök idi. Müharibədən qorxana da oxşamırdılar, mərdlərin yanında qorxaqlıq öyrənməyəcəkdilər ki. Kameranı qoşub çəkməyə başladım ətrafı. Videosüjet hazırlamaq istəyirdim. Danışacaqdım, bərkdən deyəcəkdim, "Bura Çocuq Mərcanlıdı. Biz gəlmişik vətənə. Bu torpaqlar bizimdi. Bu dağılmış evlərin sahibləri gəlib tapacaq, tanıyacaq onları. Yenə də tikəcəklər uçuq yerlərini, evlərinə divar kağızları seçəcəklər Cəbrayılın çəmənləri rəngində, tavanlarını Cəbrayılın səması kimi masmavi eləyəcəklər. Lalələr kimi qıpqırmızı darvazaları da kilid, qıfıl tanımayacaq - bütün azərbaycanlıların, bütün qarabağlıların, bütün cəbrayıllıların qapıları kimi həmişə açıq olacaq. İlk saniyələr... alınmadı, səsim çıxmadı. Cümlələri beynimdə sap kimi düyün düşdü. Dağılmış evləri, çala-çökük yolları, yovşan, qanqal basmış cığırları çəkdikcə özümə vaxt aldım. Elə bil bu boyda yolu tək gəlmişdim. Elə bil bu boyda yolu tək gəlmişdim - elə bil tək idim. Elə bil müharibədən qayıtmışdım – lal olmuşdum, kar olmuşdum. Yarı sevinc, yarı həyəcanla sağa-sola keçən insanları yuxudaymış kimi, xəyalıma gəlirmiş kimi görürdüm. Hərdən hərbi hissənin məsullarından biri cığır aşağı, cığır yuxarı addımlaya-addımlaya nəsə deyirdi. Hiss olunurdu ki, narahatdırlar. Görmək, qovuşmaq eşqimi, qorxmazlığımı, cəsarətimi, inadımı, o zabitin narahatlığına bağışladım, durduğum yerdən iki-üç addımdan savayı uzaqlaşmadım.

Arada qorxulu yuxulardan hıçqırıb ağlayanda öz səsimizə ayıldığımız çox olub axı, mən də öz səsimə ayıldım. Gördüm ağlayıram, özü də necə, hıçqıra-hıçqıra. Özümü ələ almağa çalışdım. Nə illah elədimsə ovuna bilmədim. Bir az sakit də ağlamaq olar... alınacaq... yox, olmur, alınmır. Kənara da çəkilməyə yer yox, zabit narahat, uzaqlaşmaq, təhlükəsizlik qaydalarını pozmaq olmaz... Amma heç olmasa, ayılmışdım artıq, ağlayıb yuxudan ayılmışdım sanki. Daha səsləri eşidirdim – bir neçəsi telefonla doğmaları ilə danışırdı: "Çatmışıq", "Cəbrayıldayıq". Anamla danışmaq istədim, yadıma düşdü ki o yoxdu. Bəs atam? Axı o var. Yoxsa, yoxdu? İndi mən onun haqqında indiki, yoxsa keçmiş zamanda danışım? Bircə ondan əmin idim ki, atam da Sirik kimidir, var, amma ona yanlız xatirələrdə çatmaq olar.



Hamı vətən torpağı yığırdı. Mənə də o torpaqdan verəcəkdilər. Amma yox, anamın məzarına səpmək üçün özüm ovuclamalıydım. Həm də torpağa toxunmaq istəyirdim. İlahi, torpaq elə bil ovuclarımın içini yalayırdı. Boynumdan nişan xonçamdan götürdüyüm yaylığı açıb içinə torpaq, daş yığdım. Yovşanımız da var idi, qanqal da yığırdılar. Bircə açılmış balaca lalələri dərə bilmədim. Torpağa bir də əl atanda ovcuma lalələrin kölgəsində gizlənmiş paslanmış güllə gəldi. Tez yaylığımın arasındakı torpağın üstünə qoyub yaylığı bükdüm. Amma evdə gülləni tapmadım. Vətən torpağı ağrısını özümlə aparmağa izn verməmişdi...

Lələ təpəsinə qalxa bilmədik. Sadəcə, yenidən azadlığa çıxmış Lələ təpəsinin daha yaxşı görünən hissəsində xatirə şəkli çəkdirdik.

Bayraqları qaldırdıq, çıynımızdən asdıq. Daha qayıtmaq vaxtı idi. Hərbçilərimiz narahat idilər. Durmalı olduqları yerdən dayanıb baxışları ilə bizi yola saldılar. Hamı bir-bir gəldiyi maşınlarda öz yerlərini tutmağa başladı.



***

Bəzi səbəblər üzündən düşmən yenicə xilas olmuş Lələtəpəyə qalxa bilmədiyimizə çox məyus oldum. Çox israr eləmədim, xarici ölkə zad deyil ki, vətəndi, nə vaxt istəsəm gələrəm. Maşınlar yerindən tərpənəndə dostlardan eşitdim ki Cocuq Mərcanla cəmi bir ailə yaşayır. Onlara baş çəkməmiş gedə bilməzdim.

Açıq darvazaların yanında maşından düşdük. Evin ağsaqqalını soruşduq, dedilər Oqtay dayı əsgərlərə pay aparıb. Evdə bizi can-başla qarşıladılar. Çaya dəvət elədilər, amma gedəcəyimiz yerlər var idi – cəbrayıllıların kompakt yaşadığı Biləsuvardakı qəsəbədə son döyüşlərdə şəhid olmuş Ruhinin ailəsinə baş çəkəcəkdik.

Qapının ağzında dayanmış "Traktor"un üzərində iri hərflərlə "CƏBRAYIL" yazısını görüb burada yaşayan ailənin nə qədər mərd, nə qədər qorxmaz, vətənini sevən insanlar olduğundan qürur duyduq. Lələ təpəsi həyətdən daha yaxın, daha aydın görünürdü. Lələtəpə yüksəkliyinin düşmən əlində olduğu illər ərzində onların hər an ölümlə necə üz-üzə, göz-gözə yaşadığı kino lenti kimi insanın gözü önünə gəlirdi. İnanın Allaha, adam az qalırdı qapıda gəzən toyuq-cücəni, qoyun-quzunu da bağrına basa. Həyətdə iki qardaş öz ailələri ilə yaşayır. Çox keçmədi ki, qohum da çıxdıq. Soruşdum ki, ay bibi, niyə buranı tərk etmədiniz, bu güllənin aldında necə qalırsınız? Dedi bala, kişi getmədi, dedi mən buranı qoyub gedə bilmərəm. Soruşdum, ay bibi, bəs atışma olanda neynirdiniz? Əlini Lələtəpəyə sarı uzatdı: "Atışma bax o tərəfdə gedirdi. Biz də orda-burda gizlənirdik. Ay qızım, ev-eşiyi qoyub hara gedək?". Hərisliklə düzlərə, uzaqdan görünən dağlara, lalələr yurdu olan, laləli təpəyə baxdım. Quzulaqını, cücələrini qovub tutdum, qoxularını içimə çəkdim. Çay içməyə vaxt olmadığından hərəmiz bir stəkan su içdik, dostlar dəstəmaz alıb namaz qıldılar. Nə gözəl görünürdü Vətən torpağında diz çökmək... Qibləmiz, səcdəgahımız vətən... Söz verdim ki, tezliklə yaxınlıqlarında bir ev tikib onlara qonşu olacam.




***

Biləsuvar qəsəbəsinə ilk dəfə ayaq basırdım. Şəhid Ruhin maşınlarımızın ön şüşələrindəki şəkillərindən fəxrlə boylanırdı. Yolboyu gözümü bu gənc şəhidimizin baxışlarından çəkə bilmirdim – bu qədər gənc olasan və bu qədər mərd duruşun ola! Qəsəbədə Ruhinin evlərinin yerini öyrənməyə ehtiyac yox idi, döngələrə bayraq sancmışdılar. Darvazaları açıq idi. Qapılarına, qapıdakı ağacın budaqlarına o qədər qırmızı bağlamışdılar elə bil toy evindəsən. Amma yas çadırı qapılarından hələ də yığılamışdı. Bilmirəm bir şəhid anasının toxdaqlığındanmı danışım sizə, bir şəhid atasının sınmazlığındanmı. İlahi, insan nə qədər qürur duyarmış illərlə böyüdüb başa çatdırdığı balasının şəhid olmasından. İlahi, bir şəhid atası necə deyə bilər ki, döyüşdə yaralanıb hal-hazırda hərbi hospitalda müalicə alan oğlum da, mən də Vətənə qurban olaq, təki bu Vətən bölünməsin. Nə yaxşı daha əsfanəvi xalq qəhrəmanlarını övladlarımıza nümunə göstərməyəcəyik. İlahi, bir şəhid anası necə qürurla dayanıb ağlamayaq deyə bizə təsəlli verər? Qalxmaq istəyəndə anası Ruhinin xatirinə ehsan yeməyimizə and verəndə sözündən keçə bilmədik. Yeyə bilməzdim. Yeməməli idim. Əlim süfrəyə uzanmırdı. Gözüm şəkildəki gənc şəhidin gözünün içinə baxa-baxa boğazımdan loxma keçməzdi. Sonra gördüm bir az aralıda eynən onun gözlərinə bənzər bir cüt göz mənə zillənib: "Qızım, sən allah ye". Anası idi.

Çıxanda gözlədim ki, axıra qalım. Əllərindən öpəcəkdim ananın. Boyunun qucaqladım, bağrıma basdım. Əlləri əsə-əsə gözümün yaşını sildi: "Qızım, Ruhinin dəfnində də bir qız bax belə ağladı, bilmədim kimdi. Ağlama... Sən Allah ağlama".



***

Biləsuvarda Cəbrayıl şəhidlərinin də vurulduğu abidəni ziyarət elədik. O qədər çox idilər ki, şəkillərinə baxıb, adlarını oxuyub bitirmək olmurdu.
Anamadan sonra bircə dəfə də olsun əl açıb dua eləmədim, İlahi, sən bu millətin haqqını özünə qaytar. Yerlə göyün arasında qalan şəhid ruhlarının, öldüsü-qaldısı bilinməyən itginlərin, meşələrdə nəşləri qurda-quşa yem olan körpələrin, qocaların, esirlikden xilas edə bilmədiyimiz xanım qızların ahını, naləsini yerdə qoyma. Sən gecə gözünə yuxu getməyən, hər an həsrət qaldığımız vətən torpaqlarından şad xəbər eşitmək ümidi ilə yaşayan millətimin dualarını qəbul elə.

***

Səhər evdən çıxanda atamın səsini eşidib otağa girdim. Məni görən kimi sevindi, amma qızı oluğumu bildimi? Qəhərləndim. Qırıq-qırıq kəlmələrlə dedi:
- Har-day-dın? Mən də sə-ni ax-ta-rır-am.

Səslər qəhər kimi boğazımda ilişib qaldı. Dərindən nəfəs aldım:
- Ata, bilirsən hara getmişdim?
- Hara?
- Cəbrayıla...

Bomboş baxışlarını üzümə zilləyəndə anladım ki, dediyimi başa düşmədi. Elə mənim də başa düşmədiyim şeylər var idi. Hələ də anlamamışdım ki, atam üçün cəmi Qarabağ Sirik, bütün yüksəkliklər Tey dağıdır axı. Bir azca ucadan və aramla:
- Ata... deyib dayandım. Duruxduğunu görüb uşaqla danışırammı kimi davam elədim:
- Erməniləri Sirikdən qovmuşuq. - Yəqin ki, yenə söhbətin nədən getidiyini anlamayacaqdı. Amma birdən o arıq çöhrəsinə peyğəmbər nuru gəldi sanki. Elə bil gəncləşdi, gümrahlaşdı, qəhərləndi. Son vaxtlar sözləri unutduğundan rabitəsiz danışırdı deyə dayanıb fikirləşəndə hansı hissləri keçirdiyini anladım. Özünü çox yormasın deyə alnından öpmək istəyəndə qəfil nə desə yaxşıdı:
- Sən allah heyləə?

Aprel təkcə anamı yox, məni də torpağa apardı – Vətənə getdim. Daha apreli sevirəm, daha baharı sevirəm. Quşların nəğməsinə də sevinirəm. Ağaclar nə gözəl çiçək açır. Amma ən çox laləni sevirəm.



Feyziyyə
image description image description image description image description image description image description image description image description image description image description