2 aprel, saat 05:45 radələri... Bölgə müxbiri zəng edib əvvəlcə bəd hesab etdiyimiz xəbəri verir: “Səhərin açılmasını güclə gözlədim, cəbhədə vəziyyət gərgindir. Səhərə kimi kəndlərimizi atəş altında saxlayıblar. Ölən və yaralananlar var”. 2 aprel, saat 05:45 radələri... Bölgə müxbiri zəng edib əvvəlcə bəd hesab etdiyimiz xəbəri verir: “Səhərin açılmasını güclə gözlədim, cəbhədə vəziyyət gərgindir. Səhərə kimi kəndlərimizi atəş altında saxlayıblar. Ölən və yaralananlar var”.

Aprel döyüşləri: güllə yağışındakı mətbuatımız və əsl itkilərimiz

2 aprel, saat 05:45 radələri... Bölgə müxbiri zəng edib əvvəlcə bəd hesab etdiyimiz xəbəri verir: “Səhərin açılmasını güclə gözlədim, cəbhədə vəziyyət gərgindir. Səhərə kimi kəndlərimizi atəş altında saxlayıblar. Ölən və yaralananlar var”.


İlk yayımladığımız xəbər də elə kəndlərimizin atəşə tutulması, bir mülki vətəndaşın ölümü və birinin yaralanmasıyla bağlı oldu. Əlimizdə ölən və yaralanan şəxslərin adı, soyadı və fotolar da var idi. Və bunlar cəbhədə vəziyyətin gərgin olmasını düşünməyə əsas verirdi.

Müdafiə Nazirliyi, cəbhə boyu yerləşən rayonların icra hakimiyyətlərindən məsələnin nə yerdə olduğunu, nə baş verdiyini öyrənməyə başımız qarsıdığı vaxtda artıq sosial şəbəkələrdə müharibənin başlaması, çoxlu itki verdiyimiz barədə məlumatlar yayılmağa başladı. Sonra məlum oldu ki, "sosial şəbəkə təhqiqtçıları" bu informasiyaları erməni mətbuatından götürüb! Erməni mətbuatı da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulduğunu yazırdı, bizim sosial şəbəkə istifadəçilərimiz də.

Əlbəttə, bu xəbərlər bir neçə saat ərzində rəsmi şəkildə təkzib olundu və medianın, cəmiyyətin "müharibəsi" start götürdü.

İkinci rəsmi xəbər çox sayda erməninin məhv edilməsi oldu: "Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb".
Bununla da məsələnin ciddiliyi dərk edildi, lakin...

Lakin sosial şəbəkələrdəki ziyanlı məlumatların, açıq şəkildə ermənilər tərəfindən dövriyyəyə buraxıldığı görünən informasiyaların tirajlanmasının qarşısını almaq mümkün olmadı.

Erməni dezinformasiyaları saytlarımızı necə işğal etdi?

Cəmiyyət narahat, fürsətçilər iş başında, rəsmi qurumlarınsa başı daha ciddi işlərə qarışmış vəziyyətdə. Erməni mətbuatı, çox çevik və bir neçə dildə təxribatçı informasiyalar yayır, həm erməni, həm də Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa çalışır... Heç vaxt erməni mətbuatını izləməyənlərin "ermənilər belə yazıb" deməsi və ya bununla bağlı statuslar paylaşması, artıq düşmənlərin informasiya müharibəsində müəyyən irəliləyiş əldə etdiyini göstərirdi.

Cəbhədən xəbərimiz yox, amma mətbuat cəbhəsi gözümüzün qarşısındadır: erməni informasiyası hücuma keçib, informasiya məkanımızı zəbt edir...

Belə bir durumda sözün əsl mənasında ciddi mətbuatımız çox ciddi şəkildə müharibəyə başladı. Demək olar ki, bütün sutkanı hamı işlədi.

Burada əsas iki istiqamət var idi:

1. Cəbhədəki vəziyyəti öyrənmək;
2. Düşmənin informasiya bombardmanının qarşısını almaq...

Amma bu, elə də asan məsələ deyil. Çünki Azərbaycan mətbuatı bu cinahda tək erməniylə döyüşmürdü. Həm də erməni mətbuatının dezinformasiyalarını, təxribatçı şayiələrini Azərbaycan cəmiyyətinə ötürən feysbuk "qəhrəmanları" və fürsətcil saytlara qarşı da mübarizə başlamışdı. Və bu mübarizə mətbuatımızın yazdıqları əsasında sosial şəbəkələrdə başlayan ictimai qınaqla həyata keçirildi.

Hamı gözü sosial şəbəkələrdə, saytlarda, əllər "F5"də - nələr olacağını gözləyir. Gün ərzində vəziyyətin nə qədər kritik olduğunu, yayılan ən xırda informasiyanın nələrə yol aça biləcəyini ən sadə vətəndaş belə dərk edirdi, bəzi saytlar isə öz işindəydi.

Bir məsələni də qeyd edək ki, mətbuatın birinci istiqamətdə, yəni cəbhədəki vəziyyəti öyrənmək və onunla bağlı informasiya yayımlamaq məsələsi də kifayət qədər çətin və riskliydi. Çünki düşmən tərəfin dezinformasiyalarının işlədiyi bir vaxtda mütləq idi ki, real vəziyyət cəmiyyətə çatdırılsın və yaranmağa başlayan ajiotajın qarşısı alınsın. Amma cəbhədən əldə etdiyimiz məlumatların ötürülməsi döyüş bölgəsindəki proseslərə necə təsir edəcək sualı da var. Başını itirmiş, ciddi zərbələrdən sərsəmləyən erməni tərəfi Azərbaycan mətbuatını ciddi izləyir, ordudakı vəziyyətlə bağlı nələrsə öyrənməyə çalışır. Bax, belə bir vaxtda tutaq ki, ordumuzun hansı istiqamətdə hücum etməsi və ya hansı kəndi alması barədə məlumatların ötürülməsinin nə qədər ziyanlı olmasını proqnozlaşdırmaq çətin idi. Bəlkə də kimlərsə deyə bilər ki, həmin informasiyalar ermənilərə dünəndən bəllidir – razılaşmaq olar, lakin burada təkcə erməni ordusundan söhbət getmir. Həm də erməni cəmiyyəti var. Adi bir misal: ordumuz tərəfindən Lələ Təpənin geri qaytarılması xəbəri yalnız yayılandan sonra - erməni cəmiyyətinin xəbəri olandan sonra ciddi müqavimət başladı. Bu məğlubiyyətlərini gizli saxlamağa çalışan düşmən ordusu bəlkə də, cəmiyyətin tənqidlərindən, Qarabağdan köçə start verəndən sonra, prosesin qarşısını almaq, pessimizimi aradan qaldırmaq üçün hücuma keçdi, təpəni geri almağa görə bütün gücünü səfərbər elədi. İstəyinə nail ola bilməsə də, xeyli şəhid verdik... Bəlkə də bu xəbərlər bir qədər gec verilsəydi, alınan yüksəklikdə bütün təhlükəsizlik tədbirləri görülərdi və düşmən hücumundan az itkiylə xilas ola bilərdik.

Bu nöqteyi-nəzərdən, Azərbaycan mətbuatı nəinki itkilərimizi, hətta uğurlarımızı da tirajlamağa ehtiyat edirdi. Cəbhədə qırğın gedir, əsgərlər güllə qarşısındadır: Onların taleyi, yoxsa cəmiyyətin rahatlığı? Baxın, bu suala cavab vermək çox da asan deyil... Belə bir çətin vəziyyətdə, mətbuatımızın kifayət qədər peşəkar davrandığını fikrimizcə, heç kim inkar edə bilməz.

Media eksperti Müşfiq Ələsgərli də aprel döyüşlərində medianın işinin peşəkarcasına aparıldığını deyir:



"Təbii ki, 4 günlük müharibə zamanı da xəbər gündəmimizin yanlış informasiyalarla doldurulmasına, əhalidə çaşqınlıq yaradılmasına cəhdlər oldu. Amma Azərbaycan mediasının peşəkar davranışı nəticəsində aşkar oldu ki, yalan üzərində qurulmuş bu cür təxribatçı informasiyalar ölkəmizə düşmən olan qüvvələr tərəfindən hazırlanır, şüurlu şəkildə Azərbaycanın xəbər məkanına ötürülür. Xarici ölkələrdən "domen" qeydiyyatı almış, yaxud, elə xarici ölkələrdən hansındasa fəaliyyət göstərən, amma Azərbaycan dilində yayımlanan dırnaqarası xəbər saytları kifayət qədər aktiv oldular".

İlboyu varlığı ilə yoxluğu bilinməyən "müharibə qəhrəmanı olan" saytları isə iki xətt üzrə bölmək olar:

1. Xoş dezinformasiya yayanlar – Füzulini tam aldıq, Xankəndinə çatırıq və s.
2. Bəd dezinformasiya yayanlar – Cəbhə dağılır, ermənilər az qalır Bakıya çatsın, bir dəfəyə 100 əsgərimiz şəhid edilib və bu qəlibdən olan xəbərlər.

Amma yuxarıda dediyimiz kimi, ciddi medianın bu saytlara qarşı mübarizəyə başlaması, və bu mübarizədə ictimaiyyətin fəallığı problemin genişlənməsinin qarşısını aldı.

Ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov da fürsətcil medianın ictimai qınaqdan çəkindiyini, bu səbəbdən qərəz və yalanlarından əl çəkdiyini düşünür:



"Azərbaycan əsgərinin qısa müddətdə bəh-bəhlə təriflənən ermənilərin mövqelərini darmadağın etməsi, onları xeyli geri atması, bütün cəmiyyətin maariflənməsində xüsusi rolu olan KİV-lərdə çox böyük dəyişiklik yaratdı. Əvvəla ordu ilə bağlı qərəzli yanaşmaları olan saytlar, mətbu orqanlar, jurnalist dostlarımız sanki ictimai qınaqdan çəkinərək bu mövzunu qırağa atdılar. Apreldən bu yana Azərbaycan Silahlı Qüvvələri haqda ciddi tənqid, yaxud şayiə və ya dezinformasiya yoxdur. Aprel döyüşləri mətbuatı həm cəmiyyətə sevdirdi, həm də mətbuat öz ordusunu təbliğ etməklə bir növ yeni bir obraz yaratdı.

Çünki aprelə kimi Azərbaycan Ailahlı Qüvvələrinə yanaşma bir qədər fərqli idi. Apreldən sonra isə meyarlar dəyişdi. Artıq Azərbaycan əsgəri cəngavər kimi, sözün həqiqi mənasında döyüşçü kimi informasiyaların tərkib hissəsi oldu. Proses bu gün də davam edir. Bu məqam, Qarabağla bağlı çox mühüm amillərdən biridir".

Millət vəkili Adil Əliyev də ictimai qınağın mətbuata daha çox təsir etdiyini düşünür:



"Həm əhalinin, həm də digər mətbu orqanların qınaqları dezinformasiya yayan saytların da fəaliyyətinə, iş prinsipinə təsir etdi. Onun üçün də müəyyən faiz çıxmaq şərtilə, demək olar ki, mətbu orqanlarımız çərçivəyə alındı. Artıq maarifləndilər ki, bu kimi hallarda dövlətin təhülkəsizliyi məqsədilə ordu, xüsusi xidmət orqanlarıyla bağlı məlumatlarda həsssas olmaq lazımdır, nəinki bulvar xəbərlərinin yayılmasında".

2014-cü il avqust döyüşləri, 2016-cı il dörgünlük müharibə

Ümumi fikir bundan ibarətdir ki, mətbuat orduyla bərabər döyüşdü. Bəzi ekspertlər mətbuatın 2014-cü ildə buraxdığı səhvi bu ilki döyüşlərdə kompensasiya etdiyi düşüncəsindədir. Onlar hesab edir ki, son bir neçə ildə gördüyümüz 2 Qarabağ döyüşülərdən birindən - 2014-cü ildən üzüqara çıxan jurnalistlər, 2 il sonra ordumuzla bərabər qalib oldu: "Ordu Qarabağda, media isə informasiyada".

Ü. Cəfərov da müharibənin həm də informasiya ilə aparıldığı düşüncəsini dəstəkləyir: "Müharibə təkcə silahla aparılmır. İnformasiya müharibəsi dünyada ən dəhşətli müharibələrdən, ən güclülərindən biridir. Mən hesab edirəm ki, mətbuatımız 2014-cü ilin avqustu ilə müqayisədə daha peşəkar davrandı. Belə də olmalı idi. Bəzi əyri-əksikliklər var, düşünürəm ki, onlar da tədricən aradan qalxacaq. Öz əsgərini sevmək lazımdır. Əsgər deyəndə mən Ali Baş Komandanı, generalı, zabiti – hamını nəzərdə tuturam. Aprel döyüşlərində mətbuatın peşəkarlığı dünyada Azərbaycan xalqı haqqında mövqe dəyişikliyinə səbəb oldu".

Aprel döyüşləri həm mətbuata, həm də orduya olan inamı geri qaytardı



Müşfiq Ələsgərli hesab edir ki, 2014-cü ildin avqust hadisələrindən sonra çatışmazlıqların aradan qaldırılması üçün verilən təkliflər media təmsilçiləri tərəfindən nəzərə alınıb: "2016-cı ilin aprel ayında baş verən "4 günlük müharibə" zamanı Azərbaycan mediasının davranışı, haqlı olaraq, həm hakimiyyət təmsilçiləri, həm də media ekspertləri tərəfindən yüksək dəyərləndirildi. Proseslər göstərdi ki, yanlışların təkrarlanmaması üçün məsələlərə ciddi diqqət yetirilib. Amma aprel hadisələri zamanı, 2014-cü ildən fərqli olaraq, jurnalistlərimiz bu cür təxribatçı informasiyaları nəinki təkrar yaymadılar, həmçinin aidiyyəti qurumların münasibətlərini öyrənib yaymaqla, yalançı informasiyaların cəmiyyətdə yer tutub çaşqınlıq yaratmasının qarşısını aldılar. "4 günlük müharibə"nin uğurlarından biri də məhz KİV-lərin rəsmi qurumlarla operativ, milli maraqların təminatına yönəlmiş əməkdaşlığı oldu. KİV-lərimiz sensassiyalı materiallar yayımlayıb "İP toplamağı" yox, milli maraqlara xidmət etməyi üstün tutdular. Həm də bu xidməti çox peşəkar səviyyədə, media standartları çərçivəsində həyata keçirdilər".

Mətbuatın əsgərə və cəbhə xəbərlərinə münasibəti apreldən əvvəl və sonra

Millət vəkili Adil Əliyev aprel döyüşlərində sonra medianın cəbhə ilə bağlı verdiyi xəbərləri təhlil edərkən xeyli müsbət dəyişikliklərin olduğu fikrindədir. O, son müharibədən sonra dezinformasiya xarakterli məlumatların azaldığını bildirib: "Aprel döyüşlərindən öncə biz həqiqəti əks etdirməyən müəyyən məlumatlar alırdıq ki, ordumuzun əsgərləri irəli getdi, filan kənd alındı və s. Yalan məlumatlarla insanları həqiqətdən yayındırırdılar, hissləri ilə oynayırdılar. Aprel döyüşləri onu göstərdi ki, həmin ərəfədə media və mətbuatla müəyyən söhbətlərdən, yazılı və yaxud şifahi xəbərdarlıqlardan sonra insanlar kompakt və bir mərkəzdən idarə olunan şəkildə məlumatların yayılmasına diqqət yetirirlər. Düzdür, yenə də yalan məlumatlar yayanlar var. Lakin onlar artıq çox az qalıblar.

Mən əvvəl sosial şəbəkədə 10-15 xəbər saytında dezinoformasiya görürdümsə, indi artıq 1-2 sayt səviyyəsinə düşüb. Hadisələrdən sonra medianın fəaliyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Cəbhə xəbərlərinin mərkəzdən idarə olunması, Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayılması çox önəmli bir işdir. Çünki düşmən tərəf mətbu orqanları izləyir, məlumatları götürür".

Məmurlar daha qaçmır...

Bax bu tendensiyanın işə düşməsi, mətbuatın informasiyaya çox həssas yanaşması, yayılan məlumatların yaratdığı effekti göz önünə qoyması, cəmiyyətdə jurnalistlərə qarşı münasibətə də təsir göstərib.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, mediamızın bu mövqeyi həm də məmurların jurnalistlərə münasibətini başqa məcraya yönləndirib: "Aprel hadisələrindən sonra media ilə təmasdan qaçan məmurlarla bağlı da dəyişikliklər oldu. Mediadan qaçan məmurlar mətbuatla əməkdaşlığa başladılar. Təəssüflər olsun ki, hələ də bəzi məmurlar düşünür, fikirləşir, amma mən hesab edirəm ki, mətbuatla dost olmaq, qorumaq lazımdır. Mətbuatla çox işlər görmək lazımdır ki, onların adına alver edənlər, xoşagəlməz işlərə əl atanlar aradan çıxsın".

***

Aprel döyüşləriylə bağlı ordudan və mətbuatdan yazdıq. Əslində, müharibəni təkcə ordu və mətbuat aparmır. Müharibəni dövlət aparır. Müharibədə iştirakçıyıqsa, deməli, dövlətçiyik. Deməli, bu məqamda gördüyümüz bütün işlər, dövlətçilik baxımından hesablanmalıdır. Çünki dünən müharibəydi, bu gün müharibə şəraiti, sabah bəlkə yenə müharibə... Müharibə varsa, hamı əsgərdir. Onun vəzifəsi, mövqeyi və statusu müharibədən sonra müzakirə mövzusu ola bilər.

Nigar Etibar
Yazı "Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?" müsabiqəsinə təqdim edilir