Nazim İsmayılov Antonius Broekla görüşdü

Bu gün BMT-nin Azərbaycandakı yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsı Antonius Broek ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov arasında ikitərəfli görüş keçirilib. Bu barədə AzNews.az-a ANAMA-dan məlumat verilib.

Məlumata görə, görüş zamanı N.İsmayılov ANAMA-nın fəaliyyəti, bu günədək həyata keçirilən layihələr, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor və partnyor təşkilatlarla əməkdaşlıq, eləcə də uzun və qısamüddətli strategiyalar barədə geniş məlumat verib.

Görüş zamanı Antonius Broek agentliyin uğurlarının beynəlxalq səviyyədə əks olunduğunu və bəyənildiyini bildirərək, gələcəkdə ANAMA-nın başqa ölkələr üçün yardım edəcəyi və öz bilik və təcrübəsinin bölüşməsi üçün BMT tərəfindən bütün lazımi şəraitin yaradılacağını bildirib.

BMT-nin rezident əlaqələndiricisi BMT İnkişaf Proqramının (BMT İP) Avropa və Mərkəzi Asiya üzrə ən uğurlu layihələrini əks etdirən jurnalında ANAMA-ya da öz layiqli yerinin verilməsini və qeyd olunan jurnalın şəxsən Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi görüş zamanı təqdim edilməsini xüsusi qeyd edib.

Vasif Həsənli
AzNews.az