- Köhnə - Cəmiyyət
- 7 Oktyabr 2016 21:05
- 3 492
Yanğın-xilasetmə üzrə respublika birinciliyi yekunlaşıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə keçirilən yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulub. Yarışlar Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq edilmiş yanğın-xilasetmə idmanı qaydalarının tələbləri əsasında təşkil olunub.
AzNews.az xəbər verir ki, şəxsi heyətin peşə və fiziki hazırlığının yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının nazirliyin əməkdaşları, ölkənin idmansevər gəncləri arasında populyarlaşdırılması məqsədilə keçirilən respublika yarışlarında zonalar üzrə birinci mərhələnin qalibləri iştirak ediblər. Ümumilikdə yarışda 14 komanda və 150-dək idmançı üç mərhələdə - təlim qülləsinə qalxmaq, 100 metrlik maneə zolağını dəf etmək və döyüş açılışı üzrə qüvvələrini sınayıb.
Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin başa çatması münasibətilə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin idman-məşq kompleksində təntənəli mərasim keçirilib.
Tədbirdə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavinləri Rza Xudiyev və Rasim Kərimov, FHN işçiləri həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək bu gün ölkəmizdə, o cümlədən FHN-də idmana göstərilən qayğıdan danışıb. Çıxışlarda yanğınların söndürülməsində tətbiq edilən döyüş hərəkətləri kompleksindən ibarət olan yanğın-xilasetmə idman növünün inkişafının, bu sahəyə əməkdaşların daha çox cəlb olunmasının vacibliyi vurğulanıb.
Tədbirdə yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin qalibləri elan olunub. Hücum nərdivanı üzrə yarışda birinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Əmin Kərimxanlı çıxıb. İkinci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşı Ağarəsul Bağıyev, üçüncü yeri isə Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Seymur Məmmədov tutublar.
Yüz metr məsafəyə maneəli zolaq üzrə yarışda isə qalib Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin əməkdaşı Asəf İbrahimov olub. Həmin idarənin digər əməkdaşı Məhəmməd Əhmədzadə ikinci, Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşı Vüsal Tahirov isə üçüncü yerlə kifayətləniblər.
Döyüş açılışı üzrə yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komandaları müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.
Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin nəticələri ümumiləşdirilərək komanda üzrə qaliblər müəyyənləşdirilib. Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin komandası ümumi hesabda birinci yeri tutub. İkinci yerə Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin birinci komandası, üçüncü yerə isə Səbail rayon DYMH-nin komandası layiq görülüb.
Qaliblərə Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçiləri həmkarlar ittifaqı tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Azərtac