Aksiya vaxtı Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulub, 19 polis əməkdaşı xəsarət alıb Aksiya vaxtı Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulub, 19 polis əməkdaşı xəsarət alıb

“Binə aksiyası“na görə 11 nəfər həbs olundu

Aksiya vaxtı Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulub, 19 polis əməkdaşı xəsarət alıb



Bakı şəhər prokurorluğu və Baş polis idarəsi yanvarın 19-da Binə ticarət Mərkəzinin sahibkarlarının keçirdiyi aksiya ilə bağlı birgə məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda paytaxtın Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup şəxs mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq razılaşdırılmamış aksiya keçirdiyi, Bakı-Astara avtomagistralını bağlamaqla nəqliyyatın hərəkətini iflic etdiyi bildirilir: "Onların ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayaraq polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti istifadələrində olan avtomaşınlara baxış keçirilib, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilmiş və təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Müəyyən edilib ki, hadisə nəticəsində saat 11:00-dan 11:45-dək avtomagistralda nəqliyyat vasitələrinin normal hərəkəti pozulub, Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş 19 polis əməkdaşından 6-sı stasionar, 13-ü isə ambulator müalicədədir.

Cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qanunsuz aksiyada iştirak edənlərdən 30 şəxs barəsində inzibati tənbeh tətbiq edilib.

Hazırda cinayətin təşkilatçıları və digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".