Adlarımız lüğətə salınacaq

Azərbaycanda istifadə edilən bütün adların izahlı lüğəti tərtib olunacaq



Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində Adlar və soyadlar bölməsi yaradılacaq.

Bu barədə APA-ya Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, Adlar və soyadlar bölməsinin yaradılması ilə bağlı qərar Komissiyanın növbəti iclasında verilə bilər.

Yeni bölmə Ədliyyə Nazirliyinin bazasında olan adların təhlilini aparacaq, dilə daxil olan yeni adlarla əlaqədar araşdırmalar edəcək: "Hələ indiyə qədər Azərbaycanda mövcud olan adların tam siyahısı açıqlanmayıb. Bölmə bu siyahını hazırlayacaq. Ölkədə istifadə olunan bütün adların izahlı lüğəti yaradılacaq. İndiyədək belə bir lüğət olmayıb. Həmin lüğətlər notariusda təsdiq olunmuş formada Ədliyyə Nazirliyinin VVAQ idarələrinə veriləcək".

S. Sadıqova həmçinin qeyd edib ki, ölkədə "Adlar və soyadlar haqqında" qanunun qəbul edilməsinə də böyük ehtiyac var: "Soyadların milliləşdirilməsinə artıq bir neçə ildir başlasa da, bu proses çox zəif gedir. Bunun səbəbi isə soyadlarla əlaqədar qanunun olmamasıdır".

AzNews.az