İsmayıllıda əhali ilə görüş keçirilir

Görüşdə YAP rəhbərliyi də iştirak edir



İsmayıllı Gənclər Mərkəzində rayonda son günlər baş verən hadisələrlə bağlı rayon ictimaiyyəti ilə görüş keçirilir.

APA-nın hazırda İsmayıllıda olan əməkdaşı xəbər verir ki, rayon İcra Hakimiyyətinin (İH) başçısı Nizami Ələkbərov, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkili Novruz Aslan, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general mayor Cavanşir Məmmədovun qatıldığı tədbirdə 500-dən çox rayon sakini, ziyalılar, gənclər, idarə və müəssisə rəhbərləri iştirak edir.

Tədbir başlayan kimi İH başçısı N. Ələkbərov rayonda baş verənlər barədə ümumi məlumat verib. N. Ələkbərov son günlər baş verən hadisələrin İsmayıllıya yaraşmadığını deyib. O, əhalini təmkinli olmağa çağırıb, yaşlı insanları, ziyalıları iğtişaşa cəhd edən gənclərə tövsiyə verməyə dəvət edib: "Tələbləri küçələrdə deyil, müvafiq qurumlara sivil şəkildə müraciət etməklə bildirmək olar".

DİN-in idarə rəisi Cavanşir Məmmədov da hadisələr barədə məlumat verib, qeyd edib ki, yanvarın 23-də baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir. İdarə rəisi sonradan baş verən aksiyalarda saxlanılanların inzibati qaydada cəzalandırıldıqlarını vurğulayıb.

C. Məmmədov onu da deyib ki, polis, vəzifəli şəxslər aksiyaya cəhd edən şəxslərlə söhbətlər aparır, onları təmkinli olmağa dəvət edir: "Bunun nəticəsidir ki, bu gün ərzində heç bir aksiya cəhdi qeydə alınmayıb. İsmayıllı sakinləri təhlükəsizliyin təmin olunmasına görə bizə təşəkkür edirlər".

C. Məmmədov onu da qeyd edib ki, rayonda baş verən hadisələr zamanı altı yerdə yanğın törədilib, polis maşınlarına ciddi ziyan vurulub, 4 polis əməkdaşı xəsarət alıb, sahibkarlara məxsus mağazaların şüşələri sındırılıb.

Daha sonra deputat Novruz Aslan çıxış edib.

Tədbir davam edir.