“Dedilər ki, 99% bu ölüb” - 6 güllə yarası alan adam (Video + Foto)

Sumqayıt sakini, II qrup əlil Sahil Əliyev Azərbaycan xalqının qan yaddaşına dönən 20 Yanvar hadisələrində yaralanan 744 nəfərdən biridir.

ARB 24 xəbər verir ki, 6 güllə yarası alan Sahil Əliyev həmin gün öz şəxsi avtomobili ilə Bakıya gedirmiş.

Ağır yaralanan Sahilin öldüyünü zənn edib meyitxanaya qoyurlar. Amma burada sinif yoldaşının onu görüb tanıması Sahili yenidən həyata qaytarır.

"Baxıb görürlər ki, məndə hələ də xışıltı var. Həkimlərə yalvarır ki, bu hələ ölmüyüb. Görün neynirsiz. Həkimlər də görürlər ki, qol düşüb. Artıq yoxdur. Qoluma taxta qoyub bağlayıb aparıblar. Deyiblər ki, sağalar sağalar. Sağalmaz da onsuz 99% bu ölüb".

O, müdhiş gecədə aldığı güllə yaralarının sağalması üçün səkkiz ay xəstəxanada müalicə alır.

Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun böyük-kiçik, qadın-uşaq demədən yağış kimi yağdırdığı güllələrə tuş gələnlərdən biri də Sumqayıt sakini, II qrup əlil Seyran Əbdürrəhmanovdur. Seyran o vaxtlar paytaxtda taksi fəaliyyəti ilə məşğul olurmuş.

Xəsarət alandan sonra onu və digər yaralıları zirzəmiyə salırlar. Burada onları üç gün ac-susuz saxlayırlar. Baxmayaraq ki, xalqımızın başına gətirilən faciədən 27 il ötür, o dəhşətli gecədə yaşananları xatırlamaq həm Sahil, həm də Seyran üçün ağırdır. Çünki əliyalın dinc əhalini gülləbaran edənlər hansısa yadların ordusu deyildi. 70 il boyunca şəninə təriflər yağıdırdığımız Sovet ordusu idi. Ancaq 27 ildə vəziyyət tamam dəyişilib. İndi Azərbaycan müstəqil ölkədir. Və bu ölkənin vətəndaşlarını istənilən düşmənin gülləsindən qorumaq gücündə olan qüdrətli Ordusu var.

AzNews.az