Cocuq Mərcanlıya hansı ailələr köcürüləcək? - Rəsmi açıqlama

“Çəbrayıl rayonun Cocuq Mərcanlı kəndində tikilən evlər ilk olaraq, evsiz, yataqxana və ictimai yerlərdə yaşayan şəxslərə veriləcək.”

Bunu AzNews.az-a açıqlamasında Cəbrayıl Rayonun İcra Hakimiyyətinin birinci müavini Arif Fərzəliyev bildirib. Onun sözlərinə görə, hazırda sözügedən ərazidə aparılacaq tikintinin lahiyələşdirmə işlərinə başlanılıb:

“Bu məsələ ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğul olur. Bu istiqamətdə işlər gedir.”

Arif Fərzəliyev qeyd edib ki, Cocuq Mərcanlıda yaşamaq üçün müraciət edən ailələrin hər biri araşdırılacaq: “Bizə müraciət edən şəxslərin hamısı ilə müzakirə aparmışıq. Onların arasında elə şəxslər var ki, dövlət tərəfindən evlə təmin olunub. Amma biz, ilkin olaraq, evsiz, yataqxanalarda, ictimai yerlərdə yaşayan şəxsləri həmin kənddə evlə təmin edəcəyik. 50 ev bu şəxslər üçün nəzərdə tutulub. Bundan sonra isə orada könüllü yaşamaq istəyənlər evlə təmin olunacaq.”

Arif Fərzəliyevin fikrincə, həmin ərazidə aparılacaq evlərin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq.

İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az