"Bu gün təkcə Cocuq Mərcanlı deyil, bütün Qarabağın əhalisi öz torpaqlarına qayıtmaq üçün aidiyyatı qurumlara müraciət edirlər." "Bu gün təkcə Cocuq Mərcanlı deyil, bütün Qarabağın əhalisi öz torpaqlarına qayıtmaq üçün aidiyyatı qurumlara müraciət edirlər."

“Hamı vətəninə, torpağına qayıtmaq istəyir”- Aqil Abbas

"Bu gün təkcə Cocuq Mərcanlı deyil, bütün Qarabağın əhalisi öz torpaqlarına qayıtmaq üçün aidiyyatı qurumlara müraciət edirlər."

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin işğaldan azad olunduqdan sonra yenidən abadlaşdırılmasına və 190 ailənin ora qayıtmaq istəyini şərh edərkən deyib.

Deputat Prezident İlham Əliyevin sərancamının vacibliyini vurğulayıb: “Prezident İlham Əliyev çox düzgün bir sərəncama imza atdı. Bildirdi ki, həmin kənd yenidən inşa olunsun və insanlar da öz döğma yurd-yuvalarına, torpaqlarına qayıtsınlar. Mən bir vacib məsələni vurğulamaq istəyirəm. Bəzən el arasında bizim camaata, xüsusən də qaçqınlara deyirlər ki, “torpaqlar azad olunandan sonra ora heç kəs getməyəcək. Hamı Bakıda qalacaq”. Məsələn, Ağdamın işğal olunmamış ərazilərində təxminən 45-47 min əhali yaşayırdı. İndi bu rəqəm 90 min olub. Elə ki, dövlət həmin ərazilərdə qəsəbələr saldı, evlər tikib, şəraiti qaydasına saldı, çadır şəhərciyində vaqonlarda yaşayanlar evlərə köçürüldü 45 min əhali həmin anda torpağına qayıtdı. Əgər bu evlərin tikintisi davam etdirilsə, yenə bir o qədər əhali Ağdama qayıdacaq. Qarabağdan seçilən deputatların hansından soruşsanız, həmin müraciətlərin onlara da daxil olmasını deyəcək. Onlar işğaldan azad olunan qəsəbələrə köçmək istəklərini dilə gətirir.”

Aqil Abbas hesab edir ki, bu gün təkcə Cocuq Mərcanlı deyil, bütün Qarabağın əhalisi öz torpaqlarına qayıtmaq üçün aidiyyatı qurumlara müraciət edirlər: “İnsanlar evini istəyir. Bu gözəl bir addımdır. Biz bunun arxasının olmasını istəyirik. Məsələn, bir fakt deyim. Ağdərənin bir neçə kəndi işğaldan azad olunub. Onların ən böyüyü Mərgüşəvan kəndidir.”

Deputat Ağdərə rayonun Mərgüşəvan kəndinin də yenidən salınmasını və əhalinin ora qaytarılması ilə bağlı təklif etdiyini deyir:

“Mən bununla bağlı bir neçə dəfə məsələ qaldırmışam. Bildirmişəm ki, Mərgüşəvan da yenidən tikilsin, Ağdərə bərpa olunsun və ağdarəlilər də evlərinə qayıtsın. O ərazidə 10 min adam yerləşdirmək olar. Onlar da öz evlərində yaşamaq istəyir. Şərait, torpaq, hətta əkin-biçin yeri də var. Allah Sərdar Həmidova rəhmət eləsin, onun igidliyi ilə bu torpaqlar azad olundu. Nəcməddin Sadıqovun da əməyini qiymətləndirmək lazımdır. Biz bu addımı dəstəkləyirik. Gün o gün olsun ki, bütün Qarabağ əhli sevinsin.”

Bahar RÜSTƏMLİ

AzNews.az