Bakı treki üçün ucuz bilet kampaniyası yanvarın 31-də başa çatacaq - Formula-1

Bu il iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə biletlərin 30 faizədək endirimli qiymətlərlə satışı kampaniyası bir həftə sonra - yanvarın 31-də başa çatacaq.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) endirimli qiymətlərlə bilet satışı kampaniyasının başa çatmasına bir həftənin qalması ilə əlaqədar yarış həvəskarlarını bir daha bu fürsətdən yararlanmağa çağırır.

BŞH ötən dekabrın 2-dən etibarən 30 faizədək endirimli dördgünlük biletləri məhdud sayda təklif edir. Bu kampaniya cari il yanvarın 31-dək davam edəcək. Kampaniya başa çatdıqdan sonra biletlərin satışı tam qiymətlərlə aparılacaq.

Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün müddətində davam edəcək yarışlarla yanaşı, trekdən kənarda əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 22-də keçiriləcək “Pit yolu” yürüşündə iştirak imkanı verir.

Qran-pri üçün biletlər müxtəlif qiymətlərlə təklif olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı, trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar da daxildir. Dördgünlük biletlərə əlavə olaraq, 2-15 yaşlılar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletlər təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təqdim edilən böyük fürsətlərdən biridir. Bununla bərabər, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə ayaqüstü yerlər üçün birgünlük biletlər də təklif olunur.

Dördgünlük endirimli biletlərin qiyməti 150–550 manat, ayaqüstü yerlər üçün birgünlük biletlərin qiyməti isə 60–150 manatdır. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.