Borclar da miras olaraq yaxınlarımıza keçirsə - İntihar çıxış yolu deyil!

Son zamanlar insanlar bir sıra problemlərdən çıxış yolu kimi məhz intiharı seçirlər. Bəs intihar həqiqətən də çıxış yoludurmu?

Dolların manat qarşısında möhkəmlənməsi insanların dollarla olan kredit borclarının artmasına səbəb olub. Borcu vaxtında ödəyə bilməyən insanlar intihar etməklə bu problemdən azad olacaqlarını hesab edirlər. Lakin, borcun miras kimi övladlarına, ailə üzvlərinə keçdiyindən xəbərsizdirlər.

Hüquqşünas Müzəffəs Baxışov AzNews.az-a bildirib ki, insan intihar etdikdə onun banka və ya digər borcu varsa, bu borc onun ailə üzvləri tərəfindən ödənilir:

Əgər onun əmlakı varsa, bu əmlak vərəsəlik qaydasında vərəsələrə keçirsə, vərəsələr həmin əmlak həcmində kreditor qarşısında məsuliyyət daşıyır. Məsələn, əgər ölən şəxsin 100 min manat borcu və 200 min manatlıq əmlakı varsa, bu zaman varislər 100 min manatı tam şəkildə ödəməlidir. Yox əgər onun 100 min manat borcu və 10 min manatlıq əmlakı varsa, əmlak keçir vərəsələrə. Vərəsələr həmin borcdan 10 min manatı ödəməyə borcludurlar. Vərəsələr yalnız ölən şəxsin heç bir əmlakı olmadığı təqdirdə borcu ödəməkdən azad olurlar.”

Hüquqşünas qeyd edib ki, intihar edən şəxsin ailə üzvlərindən və yaxınlarından kimsə kredit alınması zamanı ona zamin göstərilibsə, ölən şəxsin heç bir əmlakı olmasa belə zaminlər borcu ödəməyə məcburdurlar: “Kredit müqaviləsi üzrə zaminlər istənilən halda öhdəlikləri icra etməli, borcu bütünlüklə ödəməlidir.”

Aydan AXUNDOVA

AzNews.az