Təhsil sistemində inqilab - Bütün fənlər ləğv olunur

Finlandiyadakı təhsil sistemi dünyanın ən yaxşılarından hesab olunsa da, yerli hakimiyyət əldə olunan üstünlüklərlə kifayətlənmək istəmir.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki,təhsil üzrə reytinqlərdə həmişə ilk onluğa daxil olan Finlandiya məktəb sistemində əsl inqilab etməyə hazırlaşır. Belə ki, məmurlar məktəb fənlərini ləğv etmək istəyirlər. Yeni dəyişikliklərə əsasən, bundan sonra məktəblərdə fizika, riyaziyyat, ədəbiyyat, tarix və coğrafiya fənləri keçirilməyəcək.

Helsinki təhsil departamentinin rəhbəri Maryo Killonen dəyişiklikləri belə izah edib:

“1900-cü illər üçün yaxşı olan üsulla dərs keçən məktəblər var. Lakin tələblər artıq dəyişib. İndi biz XXI əsr üçün yararlı olan bir sistem yaratmalıyıq.”

Ayrı-ayrı fənlər əvəzinə məktəblilər çoxistiqamətli formatda təhsil alacaqlar. Məsələn, İkinci dünya müharibəsi tarix, coğrafiya, riyaziyyat nöqteyi-nəzərindən baxılacaq. “Kafedə iş” kursunun öyrənilməsi zamanı isə məktəblilər ingilis dili, iqtisadiyyat və ünsiyyət bacarıqları barədə kompleks biliklərə yiyələnəcəklər.

Belə bir sistem 16 yaşından yuxarı şagirdlər üçün tətbiq olunur. Bu zaman məktəbli gələcəkdə ona lazım olacağını düşündüyü mövzunu istəyinə uyğun seçə biləcək. Bununla da şagird ona lazım olmayan və gələcəkdə də lazımsız olacağını düşündüyü fənni öyrənməyə məcbur olmayacaq. Beləliklə, “Bu mənə lazımdırmı?”, “Bütün bunları nə üçün öyrənirəm” sualları da meydana gəlməyəcək.

Artıq ənənəvi “müəllim-şagird” münasibəti də dəyişəcək. Məktəblilər müəllimin onları nə zaman lövhəyə çağıracağını qorxa-qorxa gözləmək əvəzinə, kiçik qruplarda problemin ümumi müzakirəsini aparacaqlar.

Helsinki müəllimlərinin artıq 70 faizi yeni sistemə keçmək üçün hazırlıq keçib. Onların əmək məvaciblərində də artım gözlənilir.

Sistemin tam yenilənməsinin 2020-ci il ilə qədər tamamlanması planlaşdırılır.

Aydan AXUNDOVA