“İran rəhbərliyi mövcud vəziyyətdə rasional qərarlar qəbul etməkdə çətinlik çəkir” – Azər Həsrət

"İran rəsmilərinin açıqlamaları təəccüb doğurmağa davam edir. Donald Tramp ağlı başında olan bir siyasətçidir və onu hansısa məsələdə kiminsə xüsusi şəkildə inandırmasına ehtiyac yoxdur. O, bir müddət ABŞ prezidenti olub, kifayət qədər siyasi və həyat təcrübəsi olan, dünyadakı prosesləri yaxşı bilən dövlət xadimidir. Bu səbəbdən də kiminsə onu nəyəsə inandırdığı barədə səsləndirilən fikirlər reallığa uyğun görünmür. Təbii ki, son qərarı özü verib və qərar qəbul edərkən bütün amilləri nəzərə alıb, müxtəlif variantları dəyərləndirib. Nəticədə başqa yol qalmadığını düşünərək İrana qarşı güc tətbiq etmək qərarına gəlib. Əgər İranın Xarici İşlər Naziri baş verənlərin əsl səbəblərini və məsul şəxsləri axtarırsa, bunu ölkə xaricində deyil, məhz İranın özündə axtarmalıdır. Bu səbəbləri Tehranda, Qumda, Məşhəddə, eləcə də illərdir öz vətəndaşlarına qarşı tətbiq olunan təzyiq və zorakılıqda görmək mümkündür".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçinin X hesabında etdiyi son paylaşım diqqət çəkib. Nazir qeyd edib ki, İrana qarşı başlanan müharibəyə görə məsuliyyət ABŞ Prezidenti Donald Trampın deyil, onu bu qərara sövq edən müşavirləri və məsləhətçilərinin üzərinə düşür.

Siyasi şərhçi qeyd edib ki, ötən ilin dekabrında və bu ilin yanvarında baş verən son hadisələrə nəzər salmaq kifayətdir.

"Yəni minlərlə, bəzi iddialara görə isə on minlərlə dinc nümayişçinin öldürülməsində axtarsınlar. Başqa sözlə, İranın üzləşdiyi problemlərin səbəbi kiminsə kimisə nəyəsə inandırması deyil. Bu səbəblər Tehrandakı siyasi qərarların qəbul olunduğu mərkəzlərdə, ali dini rəhbərlikdə, onun müəyyən etdiyi qaydaları icra edən İslam İnqilabı Keşikçiləri Korpusunda və ümumilikdə ölkəni idarə edən siyasi sistemdə axtarılmalıdır. Demək olmaz ki, Donald Trampı kimsə xüsusi şəkildə inandırıb. O, sadəcə olaraq İranın getdikcə dünya üçün daha böyük təhlükə yaratdığı qənaətinə gəlib və bunun qarşısının alınmasının vacib olduğunu düşünüb. Bu səbəbdən də münaqişə başlayıb. İran hazırda danışıqlara hazır olduğunu bəyan edərsə, ABŞ-nin da bu danışıqlara açıq olacağı ehtimal edilir. Lakin bu proses şərtlər irəli sürməklə baş tutacaq bir vəziyyət deyil. Bir müddət əvvəl İran tərəfi müəyyən şərtlər irəli sürərək danışıqlara və atəşkəsə hazır olduğunu bildirmişdi. Mövcud şəraitdə isə belə şərtlər irəli sürmək real görünmür. Belə görünür ki, İran rəhbərliyi yaranmış vəziyyətdə rasional və ölçülüb-biçilmiş qərarlar qəbul etməkdə çətinlik çəkir. Nəticə etibarilə baş verənlərin əsas səbəblərini də məhz öz siyasətlərində axtarmaq lazımdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az