Bu gün Quba hadisələri ilə əlaqədar növbəti məhkəmə prosesi keçirildi Bu gün Quba hadisələri ilə əlaqədar növbəti məhkəmə prosesi keçirildi

“Elmira Süleymanova, sabunlu ip gətir, özümüzü asaq” - MƏHKƏMƏ ZALINDAN

Bu gün Quba hadisələri ilə əlaqədar növbəti məhkəmə prosesi keçirildi



Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə tutulanların işi üzrə məhkəmə prosesi davam edi. Əvvəlki proseslərdə təqsirləndirilən şəxslərin – Quba bələdiyyəsinin sədri Elxan Əliyev, "Xəyal" TV-nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsinin əməkdaşı Zakir Məmmədov, yanacaqdoldurma məntəqəsinin sahibi Gülağa Ağayev və onun nəvəsi Muxtar Ələkbərovun sərbəst ifadələri dinlənildi. Qeyd edək ki, hazırda məhkəmədə şahidlərin və zərərçəkənlərin dindirilməsi mərhələsidir.

Bu günə kimi keçirilən proseslərdə işdə adı zərərçəkən kimi keçən sabiq icra başçısı Rauf Həbibov ifadə verməyib. E.Əliyevin vəkili Kamandar Nəsibov onun məhkəməyə zorla gətirilməsi haqda vəsatətlə
çıxış etsə də, məhkəmə vəsatətlə bağlı qərarını elan etməyib. Dünənki prosesdə Rauf Həbibovun xəstə olması haqda fikirlər səslənildi.

Onun nümayəndəsi Cavid Əliyev isə buna reaksiya vermədi. Prosesdə ilkin olaraq Quba sakini Aləm Abdullayev tribunaya dəvət olundu. Şahidin anket məlumatları yoxlanılarkən onun bələdiyyə sədri olması qeyd edildi. A.Abdullayev "yalandır, mən heç vaxt bələdiyyə üzvü olmamışam"
dedi. Sonra isə bunları əlavə etdi:

"Fevralın 29-da eşitdim ki, Rauf Həbibov qubalıları təhqir edib. Dedilər martın 1-də bununla bağlı aksiya olacaq. Martın 1-də gəldim Qubanın mərkəzinə. İcra hakimiyyətinin binasının qarşısına gəldim. Sonra onun evinin qarşısına getdim".

Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslərdən kimsəni görməyib. Camaatdan eşidib ki, E.Əliyev toplaşanlardan dağlışmalarını xahiş edib.

Dövlət ittihamçısının baş verənlərin səbəbi ilə bağlı sualına şahid belə cavab verdi:
- Səbəb Rauf Həbibovun məsuliyyətsiz çıxışları idi. Onun çıxışına internetdə baxmışdım, çox pis təsir etdi.

Şahid vəkil Tofiq Allahverdiyevin daha bir neçə sualını cavablandırdı:

- Rauf Həbibovun rayon ərazisində mülkləri vardı?

- O, icra başçısı yox, işi ilə, hərəkətləri ilə dövlətə qarşı,
prezidentə qarşı idi. Bilirsiz, o elə çirkin, iyrənc rüşvət formaları tətbiq edib ki... O təxribatçı idi. Məlum çıxışından əvvəl də hərəkətləri ilə hesab elə ki, qubalıları təhqir eləyirdi.

- Nə kimi əmlakı var?

-Avtovus dayanacaqlarındakı mağazaları tikib arendaya verib. Bütün Quba camaatı bunu bilir. O daş bazarında "stolovı" tikmişdi. Çıxan kimi də camaat götürüb zir-zibili tökdü "stolovı"nın qabağına. Çox nalayiq adam idi.

- Yanan evin qabağına nə vaxt gəldiz?

-Camaat dedi ki, ora gedirlər. Biz də oturub maşına ora gəlib bir tərəfdə dayandıq.
- Başqa əmlakı vardı?

- Ola bilər olub.

- Əmlakları haqda rəsmi kimdənsə məlumat almısız?

- Yox, bütün Quba danışır da...

Rauf Həbibovun nümayəndəsi Cavid Əliyev:

- Dediz ki, Rauf Həbibovun fəaliyyəti yarıtmaz olub. Niyə bununla bağlı rəsmi müraciət etmədiz?

- Müraciət edənlər olmuşdu, amma müraciətlərə baxılmamışdı.

- Siz müraciət etmisiz?

- Müraciətlərə baxmırdılar, ona görə də eləmədim.

Vəkil Tofiq Allahverdiyev:

-Müdafiə etdiyim şəxs gözünüzün qabağındadır, şikayət etdiyinə görə 309.2 ilə tutublar.

-Vəkil Kamandar Nəsibov:
-Düz deyir.
Hakimin suallarına cavab verən şahid bildirdi ki, R.Həbibov qubalıların ünvanına satqın ifadəsi işlətməsini eşidib. Bundan sonra hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan etdi. Həmin
ifadəsində şahid R.Həbibovun İslam Partiyasının sədri, əslən Qubadan olan Mövsüm Səmədovun və vəhhabilərin, müəyyən qubalıların ünvanına
nalayiq ifadələr işlətdiyi qeyd edib.

Hakim:
- Haradan bilirsiz ki, R.Həbibovun əmlakları var?

Şahid:
- Bütün camaat bilir də. Mən eşitdiyimi deyirəm. Mən həmin əmlakların sənədlərini görməmişəm. O, Qubaya gələndə köhnə "06"sürürdü, mal, mülk sahibi olub camaatı təhqir elədi, sonra da qaça-qaça getdi.

T.Allahverdiyev:
- Qəçrəş yolunun kənarında, sağ tərəfdə yerləşən villalar kimindir?

-Bunu bütün Quba bilir ki, həmin villalar Rauf Həbibovundur. Bunu uşaqdan da soruşsan deyəcək.

-Rauf Həbibovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardı?

- Yəqin ki, olmaz...

R.Həbibovun nümayəndəsi suala etiraz etdi.
Şahid vəkil Kamandar Nəsibovun "Bu hadisələrin baş verməsinin səbəbinə idi" sualına belə cavab verdi:

- Rauf Həbibov dırnaqarası məmur idi. O, Qubanı çapıb-talamaq üçün gəlmişdi. Səbəb camaatın ünvanına dediyi təhqiramiz sözlər idi.

Növbəti şahid Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Rövşən Ağayev oldu. O, martın 1-də etiraz aksiyasının keçirildiyi əraziyə asayişi təmin etmək üçün göndərildiklərini söylədi. Bildirdi ki, həmin ərazidə təqsirləndirilən şəxslərdən
kimsəni görməyib.

Şahid Xəyal Abdullayev prosesdə iştirak etdiyi üçün onun dindirilməsi qanunla yolverilməz hesab edildi.

Şahid kimi zala dəvət olunan Xaçmaz RPŞ-nin serjantı Səxavət Abdiyev də olaylar zamanı təqsirləndirilən şəxslərdən kimsəni ərazidə görmədiyini bildirdi. Buna görə də vəkillər iş üzrə onun şahid kimi tanınmasına etiraz etdilər. Hakim isə bildirdi ki, S.Abdiyevi obyektivlik naminə iş üzrə şahid kimi tanıyıblar. Vəkillərin suallarına cavab olaraq serjant dedi ki, baş verənlərə icra başçısının Quba camaatını təhqir etməsinin səbəb olduğunu eşidib. Bundan sonra Kamandar Nəsibov işdə R.Həbibovun çıxşının montaj olunması ilə bağlı eyni nömrəli, lakin ayrı-ayrı tarixlərdə tərtib olunmuş ekspert rəyləri var. Həmin rəylərdən birini ekspert Altay Əsədov, digərini isə Lətif Əliyev tərtib edib. Vəkil hər 2 ekspertin prosesə şahid qismində dəvət olunmalarını məhkəmədən xahiş etdi.
Vəsatət təmin olundu.

Bundan sonra V.Qonaqov dövlət ittihamçısına müraciət etdi:

-Mənim həbsdə saxlanılmağımla bağlı sanksiyam 5 dəfə artırılıb. Hər dəfə də deyiblər ki, guya, Nurullayev parolundan istifadə etməklə Rauf Həbibovun çıxışını youtube-da yaymışam. Amma ötən prosesdə şahid gəlib dedi ki, həmin videonu mən yox, youtube-də o yayıb.

Sualım sizədir:
Məni 9 aydır niyə həbsdə saxlayırsız? Heç olmasa ev dustaqlığına buraxın. Biz dəhşətli dərəcədə əziyyət çəkirik.

Hakim:
- Dövlət ittihamçısına sual verə bilmızsiz. Vəsatətiniz varsa verin.

Rəşid Hacılı:
- Barələrindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün yazılı vəsatət təqdim edəcəyik. Bu vəsatətə yenidən baxmaq üçün çox ciddi əsaslar var.

Fasilə zamanı Xaçmaz polisindəki saxlama yeri ilə bağlı məlumat verdilər:

"Orada ayaqyolu 3 metr uzunluğu, 1 metr eni olan saxlama yerində yerləşir. Oradakı ayaqyolu adına olan yerə butulka qoyurlar ki, iy onları boğmasın. Orada istilik, ventilyasiya yeri yoxdur. Bu adamlar hörmətli insanlardır.
Faktiki olaraq bu adamlar qeyri-insani rəftara bərabər vəziyyətə salınıblar. Gətirildikləri vaqonlarda da vəziyyət dözülməzdir. Bəlkə vaqonların dəyişdirilməsi məsələsi qaldırılsın. Mən bu məlumatları eşidəndən sonra çox pis oldum".


Kamandar Nəsibov:

- Vaqonlar dəyişdirilməyəcək. Çünki vaqonlara Ziya Məmmədov baxır.
Möhtərəm hakim "stolıpin" deyilən həmin vaqonlar mal daşımağa belə yaramır. Malı "stolıpin"də Bakıdan Xaçmaza gətirsən ölər.

V.Qonaqov bir daha dövlət ittihamçısına müraciət etdi:

- Əhəd müəllim, siz bizi intihar həddinə çatdırmısız. Biz ombudsmasna da müraciət edirik. Bizim saxlama şəraitimizlə gəlib tanış olsun.

Gülağa Ağayev də saxlama, etap olunma şəraitlərinin dözülməz olduğunu, intihar həddinə çatdıqlarını söylədi:

"Elmira Süleymanova özünlə sabunlu ip gətir, Xaçmaza gəl, ver özümüzü asaq".

Vəkillər Xaçmaz RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasındakı saxlama şəraitinin yaxşılaşdırılması üçün dəfələrlə ən müxtəlif instansiyalara müraciət etdiklərini, amma nəticə olmadığını söylədilər. Bundan sonra fasilə elan olundu.

Fasilədən sonra hakim bildirdi ki, təqsirləndirilənlərin məhkəməyə gətirilməsi və aparılmasının "stolıpin"lə deyil, maşınla
həyata keçirilməsi üçün müvafiq quruma müraciət edib.

Bundan sonra Qubanın sabiq deputatı, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr Mərkəzinin direktor müavini Həmdulla Cəfərov şahid qismində ifadə verdi. Şahid vəkillərin suallarına cavab olaraq həmin çıxışın ona pis təsir etdiyini söylədi.

H.Cəfərovun oğlu Yunis Cəfərli şahid qismində ifadə verəndən sonra proses fevralın 7-i 10:30-a kimi təxirə salındı.

Nəsimi
AzNews.az