Bələdiyyələr əhalini məlumatlandıracaq - Büdcənin icrası ilə bağlı

Bələdiyyələr yerli büdcənin icrası ilə bağlı yerli əhalini məlumatlandıracaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Həmin qanunun 13-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, yerli əhalini büdcənin icrası ilə tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətində bələdiyyə binasının qarşısında xüsusi lövhədə yerləşdirilir.

Qeyd edək ki, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.