Bu rayonda nə yanacaqdoldurma məntəqəsi var, nə də aptek - Video

Xızıda aptek və yanacaqdoldurma məntəqəsi olmaması sakinləri narahat edir. Sakinlər dərman almaq üçün ya Sumqayıt, ya da Bakı şəhərinə getmək məcburiyyətində qalırlar. Avtomobili olanlar isə yanacaq üçün 60 km yol getməlidir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, 16 min 495 nəfər əhalisi, 25 kənd, 1 şəhər, Giləzi, Şurabad və Altıağac olmaqla 3 qəsəbəsi olan rayonda bir çox zəruri ehtiyacların təmin olması mümkün deyil.

Rayonda aptek yalnız xəstəxanadadır. Xızı rayon mərkəzi xəstəxanasının baş həkimi Bektaş Nəbiyev bildirib ki, tibb ocağında yalnız Səhiyyə Nazirliyinin təşkil etdiyi dövlət apteki fəaliyyət göstərir ki, burada olan dərmanlar da xəstəxanaya müraciət edən xəstələr üçündür.

Rayonda sürücülər də əziyyət çəkir. yanacaqdoldurma məntəqəsi olmadığına görə onlar avtomobilə yanacaq vurmaq üçün 60 km əlavə yol getməlidirlər.

İndi rayon sakinləri həm aptek, həm də yanacaqdoldurma məntəqəsi probleminin tezliklə həll olunmasını istəyirlər.

Rayon icra hakimiyyətindən isə "Xəzər Xəbər”ə bildiriblər ki, 2 il əvvələ kimi burada aptek olub. Lakin sahibkar buradan gəlir götürə bilmədiyinə görə apteki bağlayıb. Burada aptek və yanacaqdoldurma məntəqəsi açmaq istəyən sahibkarlara isə icra hakimiyyəti tərəfindən köməklik göstəriləcək.