“Bizi aldadıb qaçırlar” - Ölüm saçan çimərliklər (Video)

İnsanların suda batması ilə bağlı xəbərləri tez-tez eşidirik.Bu hallarla xüsusilə də, qadağan olan yerlərdə su kanallarında, arxlarda çimənlər rastlaşırlar.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Yuxarı Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində çimmək qadağan edən lövhələr olsada da, əsasən Bərdə və Yevlax rayonundan olanlar, xüsusilə də uşaqlar buraya gəlirlər.Onlar əvvəlcə kanalın qıraq hissələrində kəndirdən istifadə edərək üzməyi öyrənir, sonra dərinliklərə baş vururlar.

Belə hallara su kanallarının və arxların daha çox olduğu Mərkəzi Aran bölgəsinin demək olar ki, hər yerində rast gəlinir. Su kanalarına nəzarət edən qurumlardan isə bildirirlər ki, belə yerlərdə çimməyin qadağan olunması ilə bağlı xəbərdarlıq edilir. Amma bu, o qədər də fayda vermir.

Şahin Cabbarov (Yuxarı Şirvan Kanalının sahə rəisi) : "Müəyyən yerlərdə lazım olan afişaları vurmuşuq. Bu afişalarda kanalda çimməyin qadağan olması barədə xəbərdarlıqlar olunub. Özümüz də nəzarət edirik".

Lakin məlum olur ki, uşaqların su kanallarında və arxlarda çimməsindən bir çox hallarda valideynləri də xəbərsiz olur.

Qalib Əliyev (valideyn) : "Çox vaxt aldadıb qaçırlar. Bir də eşidirik ki, filankəsin uşağı batdı".

Valideynlər onu da deyirlər ki, rayonlarda çimmək üçün xüsusi hovuzlar yaradılsa, suda batanların sayı azalar.

Müvafiq qurumlardan isə tövsiyə olunur ki, vətəndaşlar qadağan edilən yerlərdə çimməsinlər.Bu işdə valideynlər xüsusilə diqqətli olsunlar ki, övladlarının suda batması ilə üzləşməsinlər.