Uçan azərbaycanlı



Zamin Hacı

Xaçmazda yaşayan bir zəhmətkeşimiz vertolyot qayırıbdır, lakin hələ uça bilməmişdir. Adam kütləvi informasiya vasitələrinə şəstlə intervü verərək deyib ki, vertolyot azca havaya qalxır, ancaq uçmur – motoru "Zapı" motoru olması səbəbindən. Deyir, lap riskə girib uçaram, ancaq "Zapı" motoruna etibar yoxdur. Gərək xalq, hökumət ona kömək edəymiş, gedib Rusiyadan normal vertolyot motoru alıb gətirəymiş.

Doğrusu, mən o vertolyotun şəkillərinə baxdım, əgər o vertolyotdursa, tam əsasla deyə bilərəm ki, uşaq vaxtı "Kalaşnikov" avtomatını, "Mercedes" avtomobilini, Nyu York göydələnlərini düzəltmişəm. Armatur karkasın üzərinə dəmir yapışdırmaqla vertolyot olarmı?

Elə zənn etməyin ki, mən bu saat həmin vətəndaşımıza paxıllıq edirəm. (Əslində belədir). Paxıllıq ediləsi bir şey də yoxdur: onsuz adam uçmur. Yenə uçsaydı başqa məsələ. Hamımız çalışırıq bir vasitə ilə bu məmləkətdən uçaq gedək isti ölkələrə. Hökumətdən tutmuş sadə xalqa qədər. Sadəcə, hökumətin pulu çoxdur, peyk düzəltdirir, camaatın pulu yoxdur, bunlar da vertolyot qayırır.

Söz düşmüşkən, düz 4 il qabaq hava qüvvələri komutanımızı, general-leytenant Rail Rzayevi Bakının ortasında güllə ilə vurub öldürdülər. Onu öldürənləri niyə tapmadılar? Prokurorluqdan və hüquq-mühafizə orqanlarından xahiş edərdik asudə vaxtlarında bu suala aydınlıq gətirsinlər. Yoxsa bu minvalla hava məkanımızda dərəbəylik yaranacaq, hərə bir qanad taxıb uçacaq. Qayıdaq vertolyotun yanına.

Fikrimcə, həmin xaçmazlı zəhmətkeş qayırdığı vertolyotun uçmamasına şükür etməlidir. Əgər vertolyot uça bilsə, onun başı şübhəsiz, dərdə girəcəkdir. Məsələn, arvadı istənilən hava şəraitində baş-beynini xarab edəcək, deyəcək gəl bir az uçaq, kənd arvadlarına fors eləyək. Qohum-qonşu günaşırı qapını kəsdirəcək, gəlin gətirməkdən tutmuş sahədən ot gətirməyə qədər – min dənə işdə vertolyotun xidmətindən istifadə etmək istəyəcəklər. Hələ bununla qurtarsa yaxşıdır, çünki tarix göstərib ki, istənilən texnika azərbaycanlının əlinə düşəndə onu taksiyə çevirir. O xaçmazlı da yerdə "şahmat"ı vertolyotun üstünə taxıb Xaçmaz-Bakı istiqamətində adam daşıyacaq, göydə ikən əlini çıxardıb "şahmatı" söküb salona qoyacaq. Sumqayıt hava məkanına az qalmış nəqliyyat müfəttişləri vertolyotu tutub bunu döyəcəklər, texnikanın pərini qopardacaqlar. Gərək adam ağrımayan başına buz bağlamasın.

Ümumiyyətlə, uçmağın adama nə xeyri var, anlamıram. Uçmağın xeyri olsaydı, indi qarğalar milyarder idilər. Qaxıl otur xarabanda... Göydən baxanda problemlər də çox görünür. Tipik örnək xəritələrdir. Məsələn, Azərbaycanın xəritəsinə hər dəfə baxanda yadımıza düşür ki, ölkənin qərbində xeyli torpaq işğal edilmişdir. Baxmasaq niyə yadımıza düşsün ki? Baxırıq, qanımız qaralır, dilxor oluruq, yediyimiz kürü yaxmacı burnumuzdan gəlir.

Həmçinin, uçan adam başqalarına yuxarıdan aşağı baxır. Ağsaqqal-qarasaqqal demədən. Bizə belə dövlətçilik lazımdırmı? Dövlətçilik tələblərinə görə ölkədə ancaq bir şəxsin – prezidentin yuxarıdan aşağı baxmaq hüququ vardır. Hər yoldan ötən bir vertolyot qayırıb uçsa sabitlik pozular. Sən uçdun, mən uçdum, o uçdu – bəs torpağı kim becərəcək? Turpu, kartofu, soğanı kim əkəcək? Milli mentalitetimiz, əsrlərin dərinliyindən süzülüb gələn adət-ənənələrimiz tələb edir ki, biz uzağı ata minməliyik. Atalar nahaq yerə deməyib ki, igidin üç yaraşığı var: at, arvad, silah. Lazım bilsəydilər bu siyahıya vertolyot da qoşardılar.

Xalqın başını bu cür təxribatçı-ekstremist arzularla pozmaqda şairlərimiz böyük rol oynamışdır. Biri vardı, hələ 100 il qabaq yazmışdı ki, əcnəbi seyrə balonlarla çıxır... A kişi, sənə nə? Bəlkə əcnəbi dəli olubdur? Bəlkə gedib qayadan atılacaq? Biz gərək belənçik yabançı adət-ənənələrə uymayaq.

O xaçmazlı kişinin vertolyotu da təcili şəkildə müsadirə edilməlidir. Çox pis örnəkdir. Biz uça bilmərik! Bizim 1 milyon qaçqınımız var. Uçmaq xalqı uçuruma aparır!