Laçında məskunlaşdırılan Suriya erməniləri nədən şikayətlənir?

Suriyada baş verən hadisələrdən sonra ölkəni tərk edən ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına yerləşdirilməsi təsdiqlənib. Laçına köçürülən Suriya erməniləri mətbuata verdikləri açıqlamalarda həyatları barədə danışıblar.

AzNews.az "Regnum"a istinadən xəbər verir ki, 55 yaşlı həkim-fizioterapevt Muşeq Aroyan Suriyanın Qamışlı şəhərini tərk edərək Qarabağa köçürülüb: "Burada imkanlarımız məhduddur, amma bununla belə mən yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Mənim torpağım, evim və işim var. Həyat yoldaşımla bərabər xəstəxanada işləyirik. Mən terapevt, o isə epidemioloqdur".

Qamışlıdan Qarabağa 3 ay əvvəl köçürülən 29 yaşlı Vardan Poqastyan da mətbuata müsahibə verib. Xanımı və azyaşlı qızı ilə bərabər işğal altındakı Azərbaycan torpaqlarından olan Laçına yerləşdirilən Paqosyan həyatından narazılıq etməsə də, əmək haqqının həddindən artıq az olduğunu bildirib. Onun sözlərinə görə, əmək haqqı ailəsinin ehtiyaclarını güclə ödəyir. Bununla belə Suriya ermənisi ona verilən bir neçə hektar torpaq sahəsindən əldə edəcəyi gəlirə ümid edir.

"EurasiaNet"in məlumatına görə isə 2012-ci ildə Ermənistan 90 min Suriya ermənisini qəbul edib. Onlardan 90 nəfəri ilk mərhələdə Laçında yerləşdirilib.
"Çox sayda Suriya ermənisi də bura gəlmək istəyir, ancaq hələlik İrəvanda yaşayırlar. Bir çoxları artıq bununla bağlı bizə müraciət edib" deyə qondarma rejimin yerli təmsilçiləri bildirib. Gələnlərin yarısına torpaq sahəsi artıq verilib.

Elnarə Əlosmanqızı
AzNews.az