- Köhnə - Cəmiyyət
- 6 Sentyabr 2017 15:52
- 8 921
“Sabina” mağazalar şəbəkəsində fırıldaqçılıq - Endirimdə vaxtı keçmiş məhsullar satılır
“Sabina” mağazalar şəbəkəsində vaxtı bitmiş kirpik üçün tuşun istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb.
Bu barədə AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, bildirib ki, Bakı şəhər sakini Aynur Məmmədova quruma şikayət edib. Şikayətçi ərizəsində “Sabina” mağazalar şəbəkəsinin Əhmədli filialından 31.08.2017 tarixdə Cristian Dior markasına məxsus endirimlə 62.40 AZN ödəyərək kirpik üçün mascara (tuş) aldığını qeyd edib:
“Qadın evə gələndə baxıb ki, ona verilən kassa çekinin üzərində VÖEN yoxdur. Qutunun baş hissəsindəki yapışqan kağızı qopardıqda isə altında basma kod görüb. Həmin kodu internetde kosmetik hesablayıcı saytına daxil edib yoxlayanda məlum olub ki, məhsulun istehsal tarixi 2013-cü il sentyabr ayıdır. Bundan əlavə maskaranın istifadə müddəti 2016-cı ilin avqust ayında başa çatıb. Qadın dərhal mağazaya zəng edib, iradını bildirib. Lakin satıcılar ona birmənalı şəkildə bu məhsulun təzə olduğunu deyib. Şikayətçi onlara kodu deyəndən sonra təklif ediblər ki, kosmetik məhsulu üzərində yazılmış 6M işarəsinə görə istifadə etsin. 6M işarəsi üzərində isə yaşıl rəngli qiymət kağızı yapışdırıblar. Sonda şikayətçi satıcının istifadə müddəti başa çatan tuşun endirim kampaniyası adı altında satılmasının yolverilməz olduğunu dərk edib bizə müraciət edib”.
Eyyub Hüseynov onu da əlavə edib ki, şikayətçi aldığı malın mağazaya geri qaytarılmasını və 62.40 AZN-in onun ünvanına çatdırılmasını tələb edir.
“Sabina” mağazalar şəbəkəsinin marketinq şöbəsinin əməkdaşı Hikmət Məhərrəmov isə AzNews.az-a açıqlamasında onlara belə bir şikayətin daxil olmadığını bildirib: “Yaxşı olar ki, şikayətçi quruma müraciət etsin. Biz də onun şikayəti əsasında məsələni araşdıraq”.


