Əhəd Abıyev “9933” taksi xidmətini almasından danışdı: “Kimə nə isti-soyuqluğu var?”

“Mənim dövlətə xəyanətim yoxdur”.

Bunu AzNews.az-a açıqlamasında Daşkəsən İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev “9933” taksi xidmətini alması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Əhəd Abıyev bildirib ki, bu şayiəni ermənilər yayıb:

“Bunun kimə nə isti-soyuqluğu var? Bu məsələ kimləri maraqlandırır? Bu məlumatı ermənilər yayıb. Mənim taksi xidməti ilə nə işim? Öz işlərim var. Rayonun ərazisində quruculuq işləri ilə məşğulam. Mənə qarşı yalan, böhtan kampaniyası aparılır. Ev yıxan deyiləm, ev tikənəm, ermənilərlə mübarizə aparan bir adamam. Onlar bizim düşmənlərimizdir”.

Qeyd edək ki, “ölkə-az”-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb. Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Məlumatda *2424” şirkətlinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu qeyd olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az