- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2017 12:58
- 9 103
DGK Bakıdan Avropaya qanunsuz qaçanlar barədə xəbəri təkzib etdi - Video (Yenilənib)
Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyədə fəaliyyət göstərən media orqanlarına istinadən qonşu ölkənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
AzNews.az DGK -ya istinadən xəbər verir ki, komitədə aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb: "Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-cu ildə Azərbaycan ərazisində olub".
"Üstəlik hadisə ilə bağlı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur", - deyə açıqlamada vurğulanıb.
DGK bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyə edir.
***
Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb.
AzNews.az DHA-ya istinadən xəbər verir ki, Çorumda şübhəli yük maşını aşkarlanıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerində isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın olub.
Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.
Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Bakıdan yığılıb və Türkiyə üzərindən gizli olaraaq Avropaya keçməyi planlaşdırıblar.