Məktəbdə döyülən uşaqla bağlı Açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsinə aydınlıq gətirib.

Qurumdan AzNews.az-a verilən məlumata görə, oktyabrın 20-də 4 “b” sinfinin şagirdi Kamran Soltanovun dayısı sinfə daxil olaraq, müəllimə Nəzakət Qurbanovanı hədələyib:

“Zaur Qurbanov Nəzakət Əfsər qızını şagirdlərin qarşısında hədələyib. O, müəllimi Kamran Soltanova məxsus 2015-ci il nəşri olan dərsliyin 2013-cü il nəşri ilə əvəz etməkdə günahlandırıb. Məktəb rəhbərliyi tərəfindən Soltanov Kamran Bəhruz oğlunun valideyni məktəbə dəvət edilib, fikirləri dinlənilib. Müəllimi təhqir edən Zaur adlı şəxs oktyabrın 23-də məktəbə gələcəyini və etdiyi hərəkətlərə görə müəllimdən üzr istəyəcəyini bildirib. Vəfa xanım (valideyn) daha sonra Kamranın məktəbə gəlmək istəmədiyini, müəllimin ona xəsarət yetirdiyini iddia edib. Valideynə iddiası barədə hüquq mühafizə orqanlarına məlumat vermək təklif olunub. Təkliflərə məhəl qoymayan valideyn bu zaman ümumiyyətlə uşağını oxutmaq istəmədiyi və ya təhsilini başqa məktəbdə davam etdirmək istədiyi barədə təzadlı fikirlər səsləndirib. Daha sonra valideyn üzr istəyərək məktəbi tərk edib”.

İdarədən bildirilib ki, məsələ ilə bağlı məktəbdə araşdırma aparılıb: “Nəzakət Qurbanovanın, sinif Valideyn Şurası üzvlərinin, dərs deyən digər fənn müəllimlərinin izahatları alınıb, şagirdlərlə söhbət aparılıb. Məktəbdaxili araşdırma zamanı valideynin söylədiyi fikirlər öz təsdiqini tapmayıb. Hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma davam etdirilir”.

Qeyd edək ki, 238 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Kamran Soltanov, müəlliməsi Nəzakət Qurbanova tərəfindən döyülüb. Şagirdin anası Vəfa Sultanovanın verdiyi məlumata görə, müəllim şagirdin qulağına ağır xəsarət yetirib, nəticədə uşağın qulaq divarı zədələnib.

Bahar RÜSTƏMLİ
AzNews.az