Heydər Əliyevin xatirəsi füzulililərin qəlbində əbədi yaşayacaq

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on dördüncü ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə anım tədbirləri keçirilir.

AzNews.az xəbər verir ki, bu gün rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanlarının kollektivləri, ərazidəki N saylı hərbi hissənin şəxsi heyəti və ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ictimaiyyət nümayəndələri ilə söhbətində Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərə füzulililər adından sonsuz sevgi və ehtiramını ifadə edib.

Alı Alıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir. Bildirib ki, on dörd il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi füzulililərin qəlbində daima yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.

Alı Alıyev qeyd edib ki, Heydər Əliyevin ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.