Bakıda keçirilən beynəlxalq konfransda iştirakçıların müraciəti qəbul olunub

Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, konfrasda dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət qəbul olunub.

Müraciətdə konfrans iştirakçıları:

- Mədəniyyətlər və dinlərarası dialoqun, milli, mədəni və dini dəyərlərin və ənənələrin qorunmasına və inkişafına xüsusi önəm verən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində dinlərarası dialoq mövzusunda 2017-ci ildə Azərbaycanda, Finlandiyada, İranda, Türkiyədə, Rusiyada, Özbəkistanda və İspaniyada keçirilmiş birgə konfransları təqdir ediblər və Azərbaycan prezidentinin bu tədbirlərə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndiriblər;

- Türkiyə, İran, Özbəkistan prezidentlərinin, Müqəddəs Taxt-Tacın, Ekumenik Patriarxının, Moskva və bütün Rusiya Patriarxının, bütün Gürcüstanın Katolikos-Patriarxının müraciətnamələrini alqışlayıblar;

- Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsas təminatı kimi çıxış etdiyini vurğulayıblar. Bu sahədə qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd ediblər;

- Ayrı-seçkiliyin, ksenofobiyanın, terrorçuluğun, separatizmin, ekstremizmin, eləcə də milli, dini və etnik zəmində dözümsüzlüyün artması, humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildiriblər;

- Özündə bəşəri dəyərləri əks etdirən İslam və bütün səmavi dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfə verdiyini, humanizmin, sülhün və ədalətin bərqərar edilməsinə xidmət etdiyini bildiriblər;

- İslam həmrəyliyinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumi bəşəri dəyərlərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğulayıblar;

- Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin vacibliyini önə çəkiblər;

- Dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə çağırıblar;

- Milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyaya əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırıblar;

- Siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya və islamafobiyanın, habelə islam dininin adından sui-istifadə etməklə terrorçuluğun və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırıblar;

- Beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorçuluğun, təcavüzkar separatizmin, ekstremizminin qarşısının alınması sahəsində səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırıblar;

- Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu kontekstdə sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə çağırıblar;

- Bütün səmavi dinlərin müqəddəs şəhəri - Qüds Əs-Şərif ətrafında baş verən və onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirən siyasi proseslərin qəbuledilməz olduğunu vurğulayaraq, məsələnin hər bir dinə və mədəniyyətə qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsip və normaları və BMTTəhlükəsizlik Şurasının qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində səylərin artırılmasına, beynəlxalq ictimaiyyətin beynəlxalq hüquq normalarına uyğun olaraq Qüdsdəki dini icmaların status-kvosunu nəzərə alınmasında həssas olmağa çağırıblar.