“Tahir Xubanovla Teymuraz Əliyevin Azərbaycana gətiriləcəyini demək mənasız söhbətdir” “Tahir Xubanovla Teymuraz Əliyevin Azərbaycana gətiriləcəyini demək mənasız söhbətdir”

“Elmarın qətlində adları çəkilənlər indi də Gürcüstanda yaşayırlar“

“Tahir Xubanovla Teymuraz Əliyevin Azərbaycana gətiriləcəyini demək mənasız söhbətdir”



"Jurnalist Elmar Hüseynovun qətlinə görə axtarılan Tahir Xubanov və Teymuraz Əliyevin Azərbaycana gətirilməsi mümkün olmayacaq". Vəkil Adil İsmayılov "Media forum" saytına belə deyib. O qeyd edib ki, həmin şəxslər Gürcüstan vətəndaşıdır və ölkə konstitusiyasına görə, dövlət öz vətəndaşını heç bir ölkəyə verə bilməz: "Ona görə də Tahir Xubanovla Teymuraz Əliyevin nə vaxtsa Gürcüstandan alınıb Azərbaycana gətiriləcəyini demək mənasız söhbətdir".

Vəkil qeyd edib ki, vətəndaşı xarici dövlətə təhvil verməyi qadağan edən müddəa bir çox ölkənin, o cümlədən Azərbaycanın əsas qanununda var: "Əgər hansısa dövlət Azərbaycan vətəndaşını istəyəcəksə, biz onu verməyəcəyik. Çünki bizim konstitusiyada yazılıb ki, Azərbaycan Respublikasının vətəndaşı hər hansı ölkəyə verilə bilməz. Sadəcə olaraq biz həmin dövlətdən tələb edəcəyik ki, vətəndaş haqqında topladığı məlumatları göndərsin Azərbaycana. Əgər həmin əməl Azərbaycanın Cinayət Məcəlləsi ilə cinayət hesab olunsa, göndərilən sübutlar əsasında burada məhkəmə keçiriləcək, təqsirləndirilən şəxs məhkum olunacaq. Yəni vətəndaş öz dövlətinin qanunları ilə mühakimə olunacaq. Eyni müddəa Gürcüstan Konstitusiyasında əksini tapır. Ona görə də Gürcüstan vətəndaşları olan Tahir Xubanov və Teymuraz Əliyevin Azərbaycana gətiriləcəyini deməyin əhəmiyyəti yoxdur".

Adil İsmayılov Elmar Hüseynovun qətlində təqsirləndirilən şəxslərin İnterpolun axtarışında olmasına şübhə edir: "Ona görə ki, bu adamların qaldığı yer məlumdur. Əgər bir şəxsin qaldığı yer məlumdursa, İnterpol o adamı axtarışa vermir, bununla bağlı məlumatı götürmür. Elmarın qətlində adları rəsmən çəkilən adamlar indi də Gürcüstanda yaşayırlar. Gürcüstan tərəfi öz vətəndaşları haqqında Azərbaycan tərəfindən yəqin sübut tələb edib ki, görsün onları nəyə görə istəyirlər. Məncə, həmin sübutlar Gürcüstan tərəfinə verilə bilmir. 2005-ci ildə Nəsimi Rayon Məhkəməsi onlar haqqında həbs qərarı çıxarıb. MDB-yə daxil olan dövlətlərin arasındakı razılaşmaya əsasən, onlar həbs oluna bilərlər. Yəni bu adamlar Gürcüstanı tərk edib hardasa saxlansa, Azərbaycana verilə bilər. Həmin şəxslərin özləri də bilir ki, onları axtarırlar. Ona görə də Gürcüstanı tərk etməyəcəklər".

Vəkil hesab edir ki, Elmar Hüseynovun qətlinin üstü açılıb: "Bu cinayətdə iştirak edən şəxslərin bir hissəsi müəyyən olunub. Bu gün onlardan bəzisinin Gürcüstanda yaşadığı heç kimdə şübhə doğurmur. O adamlar nə vaxtsa istintaqa cəlb olunacaqlar".

Tahir Xubanov və Teymuraz Əliyev nə vaxtsa Gürcüstanda mühakimə oluna bilərmi? Azərbaycan nə etməlidir ki, onlar məhkəmə qarşısına çıxarılsın? "Media forum" saytının bu suallarına vəkil belə cavab verib: "Heç bir dövlət canini himayə etməz Yəqin ki, Azərbaycan tərəfi kifayət qədər sübut təqdim edərsə, Gürcüstan omları məhkum edəcək ".

AzNews.az