Ələt-Astara yolunda qəzaya uğramış körpü sökülür

Ələt-Astara yolunun 141-ci kilometrliyində Mişarçay çayı üzərindəki qəzaya uğramış körpünün söküntüsünə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA-ya bildirib ki, martın 4-də saat 21:30 radələrində çay üzərindən borular atılaraq çınqıl örtüklü alternativ yol salınıb və yol yük avtomobillərinin istifadəsinə verilib. Bu gün səhər saatlarından etibarən isə Mişarçay üzərində aşırım tirləri qırılmış körpü sökülür: "Qəza baş verəndən dərhal sonra ərazidə minik avtomobilləri üçün yol salınmışdı, dünən axşam isə yük avtomobilləri üçün alternativ yol istifadəyə verildi. Lakin yük maşınlarının həddindən artıq yüklənməsi bizim işimizə yenə də mane olur. Bu gün səhər saatlarından başlayaraq köhnə körpünün dəmir konstruksiyalarının sökülməsinə başlanılıb. Körpü tamamilə söküləcək və yerində müasir yol ötürücüsü inşa olunacaq"

Qeyd edək ki, martın 4-də saat 02:00-03:00 radələrində ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Qeyd olunan körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.

AzNews.az