Azərbaycanlıyla ailə quran əfqan döyüşçünün HƏYAT DRAMI

Azərbaycanda sənədsiz yaşamaq olmur, Əfqanıstana isə qayıtmaq olmaz



"Bizimkilər" layihəsinin növbəti qonağı ilə yenidən sizinləyik. Budəfəki qonağımız özünü Azərbaycanda qonaq hesab etməsə də, hələ tamamilə "bizimki" də ola bilməyib. Həm də tək özü yox, onunla bərabər Azərbaycanı vətən seçən 5 övladı ilə birlikdə. Sizə 5 övlad qəribə görünə bilər hər halda biz təəccübümüzü gizlədə bilmədik. Amma əgər sizə desək ki, budəfəki qonağımız Əfqanıstandan Azərbaycana pənah gətirib, o zaman bəlkə də 5 uşağın olması müəyyən qədər anlaşıla bilər. Hər halda "Bizimkilər" layihəsinin budəfəki qonağı Əbdül Həkim Əzizi ölkəsində çoxuşaqlılığın adi qəbul edildiyini bildirərək təəccübümüzdə əslində təəccüblü heç nə olmadığını anlatdı.

Döyüş xatirələri - gizli dəftərlər

Əbdül Həkim Əzizinin Azərbaycana yolu 1992-ci ildə başlayıb. Həmin dövrü xatırlamağa o qədər də meylli deyil, hər halda onunla bu barədə danışmaq asan olmadı. Dediyinə görə Azərbaycana gəlişi Qarabağ müharibəsində könüllü kimi iştirak etmək arzusundan doğub. Onunla bərabər daha bir neçə əfqan gəlib və Füzuli bölgəsində döyüşüblər. Əbdül Həkim deyir ki, bu barədə danışmaq asan deyil, həm dövrün çətinliyi, həm də indi atəşkəs dövründə 20 il əvvəl olanları xatırlamaq baxımından. Ona görə də sadəcə könüllü olaraq döyüşməsindən heç bir zaman peşmanlıq hissi keçirmədiyini bildirməklə kifayətlənir. Müharibə xatirələrinə gəldikdə isə "Bunu döyüşənlər, o zaman döyüş bölgəsində yaşayanlar bilir, daha danışmağa nə ehtiyac" deməklə söhbətin yönünü dəyişir. Sadəcə onu əlavə edir ki, o zamanlar barədə açıq-açıq danışmaqdan çəkinir, səbəbi... bunu söyləmir.

Səngərdən yollara

Atəşkəsdən sonra cəbhədən qayıdan Əbdül Həkim İmişlidə poçtda tanış olduğu xanımla evlənib. O zamanlar sənədləri qaydasında olmadığına görə rəsmi nikah bağlamaq mümkün olmayıb. Bir neçə il burada yaşadıqdan sonra 1997-ci ildə xanımını da götürərək Əfqanıstana - doğma Pərvan şəhərinə qayıdıb. Müəyyən aralarla 3 dəfə Azərbaycan-Əfqanıstan səfərləri davam edib. Ancaq sonda ölkəsində yaşamağın mümkün olmayacağını görüb:

"Taliblərin vaxtında da, sonra - amerikalıların vaxtında da problemlər vardı. Bizim yaşadığımız Pərvan şəhərində döyüşlər daha şiddətli gedirdi. Əfqanıstana qayıtdıqdan sonra 5 övladımız olmuşdu. Onların gələcəyindən qorxurdum. Özümə nə olursa olsun, bəs uşaqlar? Onlar necə olacaqdı? Çıxış yolunu Azərbaycana qayıtmaqda gördük".

Amma Azərbaycana qayıtmaq da o qədər asan olmayıb. 2006-cı ildə əvvəlcə qaçqın kimi İrana gediblər. Orada 2 ilə yaxın Tehran şəhərində yaşayıblar. Bu arada nəzərinizə çatdırım ki, İran Əfqanıstandan ən çox sayda qaçqın qəbul edən ölkədir. Ancaq bu ölkədə əfqan qaçqınları həmişə çətinliklərlə üzləşiblər - təkcə maddi yox, həm də mənəvi baxımdan. Dövlətin müəyyən dəstəyinə baxmayaraq inteqrasiya asan olmayıb - əfqan qaçqınlar ən ağır işlərdə işlədilib, ən çətin şəraitdə yaşayıblar. Bu gün də belə davam edir və əfqanlar getdikcə ölkəni tərk edərək başqa ölkələrə üz tutmaq məcburiyyətində qalırlar. Dil baxımından anlaşılmazlıq probleminin olmadığına baxmayaraq, yerli əhalinin əfqan qaçqınları qəbul etməməsi uçurumu daha da dərinləşdirib. Bizim qəhrəmanımız da o günlərdən danışanda bəllidir ki, çətinliyi az olmayıb. Elə ona görə də Azərbaycana üz tutmaq məcburiyyətində qalıb. 2008-ci ildə Azərbaycana qayıdan 7 nəfərlik ailəni heç burada da xoş günlər gözləməyib.

Rəsmi nikah yoxdur, amma 5 uşaq var

Əbdül Həkim qaçqın kimi qeydiyyata alınıb, 5 övladı indi də Əfqanıstan vətəndaşıdır, rəsmi nikahları olmadığına görə uşaqlara Azərbaycan vətəndaşlığının verilməsi mümkün olmur. Baxmayaraq ki, valideynlərdən biri Azərbaycan vətəndaşı olarsa övladlara vətəndaşlıq verilə bilər. Ancaq Əzizi ailəsinin 5 övladı hələ də bu hüququndan yararlana bilməyib. Rəsmi nikaha gəlincə, deyəsən burada Əfqanıstanda keçərli olan qanunlar və düşüncə tərzi də da az rol oynamayıb. Baxmayaraq ki, həmsöhbətim deyir ki, Əfqanıstanda onların rəsmi nikahları var, ancaq həmin sənəd burada qəbul olunmur. İndiyə qədər Azərbaycanda yaşadıqları 5 il ərzində rəsmi nikah bağlanmamasının səbəbinə gəlincə, Əbdül Həkim bunu belə əsaslandırır: "Miqrant kartı ilə heç telefon nömrəsi və ya qatar bileti almaq olmur, o ki qala nikah bağlamaq olsun. 3 aydan bir kartın müddəti arayışla uzadılır. Heç bir hüquqi qüvvəsi yoxdur. Sadəcə burada qaçqın kimi qeydiyyatda olduğumuzu göstərir. Bundan başqa həmin kartla heç nə etmək mümkün deyil".

Əfqanıstana yollar bağlıdır

Bundan sonra Əfqanıstana qayıda bilərmi, Əbdül Həkim bunu arzu etmir. Çünki qayıdacağı təqdirdə onu və ailəsini nələrin gözlədiyini bilmir: "Hər an hər şey ola bilər. Ölkəmə qayıda bilmərəm, çünki Azərbaycanda artıq qaçqın kimi qeydiyyatdayam və ölkəyə qayıdacağım təqdirdə başıma gələcəklərə özümdən başqa heç kəs məsuliyyət daşımır. Ancaq 5 uşaq burada vətəndaş olmadan necə yaşayacaq, sonrakı həyatları nə olacaq, bunu da bilmirəm". Bilmək ümidi ilə İmişli rayon məhkəməsinə baş vuran Ədbül Həkimə məhkəmə də rədd cavabı verib. Sonrakı mərhələ növbəti məhkəmələrdir, hərçənd ki həmsöhbətimiz nəyəsə nail olacağına ümid etmir.

"İstəyirəm ki, 4 oğlum Azərbaycana xidmət etsin"

İndi Əbdül həkim Əzizi İmişlidə kirayədə qalan xanımı və 5 övladını Bakıda tikintidə işləməklə dolandırır. Böyüyü 17, kiçiyi 6 yaşlı uşaqların dördü məktəblidir. Böyük oğlu və qızı isə həm də Əfqanıstanda oxuyublar. Analarından Azərbaycan, atalarından isə əfqan dilini öyrəniblər. Onlar üçün İmişlidə təhsil almaq düşünülən kimi də çətin olmayıb: "Öyrənməyə istedadları var. Çox yaxşı oxuyurlar. İstəyirəm ki, uşaqlarım oxusun. Bizdə Əfqanıstanda qızların oxuması çox yayılmayıb. Amma mən istəyirdim ki, qızım da oxusun. Bəzən iş olanda 17 yaşlı oğlumu da özümlə aparıram. İş olanda 300-400 manat qazanırıq, olmayanda olmur. Çətindir, 5 uşaq, ev kirayəsi, heç bir yerdən kömək yox, kommunal xərclər. Ailəmi Bakıya gətirə bilmirəm, xanım İmişlidəndir, ona görə fikirləşdik ki, orada kirayədə qalmaq burdan daha ucuz olar. Amma dözürük. Özümüz üçün yox, bizdən daha keçib, uşaqlar üçün. İstəyirəm ki, onlar normal mühitdə oxusun, yaşasınlar. Azərbaycana da buna görə gəldik. Uşaqların Azərbaycan vətəndaşı olmasını istəyirik. Mən özüm iki il burda döyüşmüşəm, 4 oğlumun da Azərbaycana xidmət etməsinin istəyirəm".

P.S. Bəlkə Əzizi ailəsinin bu arzusu gerçəkləşəcək, bəlkə də yox. Bəlkə də qaçqın kimi üçüncü ölkəyə getmək məcburiyyətində qalacaqlar. Amma Əbdül Həkim Əzizi deyir ki, sonrakı proseslərin necə davam etməsindən asılı olmayaraq, onun övladları axı həm də azərbaycanlıdır...

Elnarə Əlosmanqızı
AzNews.az