Sumqayıtda sosial binalar üçün torpaq sahəsi müəyyənləşdirilidi

Sumqayıtda da sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib.

AzNews.az xəbər verir ki, bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev deyib.

S.Nuriyev bildirib ki, dünyada cərəyan edən proseslərin yeni çağırışlarına uyğunlaşmaq məqsədilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən geniş iqtisadi islahatlar çərçivəsində 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikilməsi və həmin binalardan müxtəlif sosial təbəqələrdən olan aztəminatlı, gənc ailələrə güzəştli şərtlərlə mənzillərin əldə edilməsi üçün imkanların yaradılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır:

“Bu vəzifələri layiqincə yerinə yetirmək məqsədi ilə, ilk növbədə, Agentliyin yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti formalaşdırıldı, zəruri inzibati məsələlər həll olundu. Agentlik tərəfindən güzəştli mənzillərin tikintisi sahəsində mövcud olan dünya praktikası öyrənildi, Türkiyə, Sinqapur, Almaniya, Rusiya və bir çox digər ölkələrin bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlarının strukturu və iş prinsipləri təhlil edildi. Bu təcrübə nəzərə alınaraq Azərbaycanda sosial mənzillərin tikintisi işinin təşkil olunmasına başlanıldı. Bununla paralel olaraq, ilk layihələrin qısa müddət ərzində reallaşdırılmasını təmin etmək məqsədilə Zati-alilərinizin tapşırığına əsasən Agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda sahəsi 11,6 hektar, daha sonra isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar torpaq sahələri ayrıldı. Ayrılmış torpaq sahələrində, 2016-cı il dekabrın 24-də Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyuldu.

Möhtərəm Prezident, Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər iki təməlqoyma mərasimində şəxsən iştirakınız bizim üçün böyük şərəf olmaqla yanaşı, aztəminatlı ailələrin mənzil-məişət problemlərinin həlli məsələsinə böyük həssaslıqla və diqqətlə yanaşmağınızın əyani təzahürüdür. Eyni zamanda, Agentliyə göstərdiyiniz bu yüksək etimad bizi ruhlandırır, qarşımızda qoyduğunuz vəzifələrin yerinə yetirilməsində məsuliyyətimizi daha da artırır”.

S.Nuriyev deyib ki, Agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq: “Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır. Qeyd olunan yaşayış komplekslərinin tikintisi ilə paralel olaraq, Agentlik növbəti layihələrin reallaşdırılması üçün də zəruri addımlar atır. Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır. Bununla yanaşı, Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir. Agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir.

O, həmçinin, əlavə edib ki, satışa çıxarılacaq güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb.