“Siyasi söhbətlər olan məscidlərə daha çox adam gəlir”

"Məscidlərə insanların daha çox gəlməsi heç də moizələrin dini baxımdan maraqlı olması ilə bağlı deyil".

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsində keçirilən xütbə nümunələrinin təqdimatı zamanı QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə (Sədi) Şeyxülislam Allahşükür Paşazadənin bəzi axund və imamlara moizələrin zəif olması üzündən məscidlərə az adam gəlməsi ilə bağlı iradına cavab olaraq bildirib.

Axund qeyd edib ki, bu gün o məscidlərə daha çox adam gəlir ki, orada siyasi motivli moizələr daha çox olur: "Bu gün bir çox savadlı dindarı ətrafımda birləşdirmişəm və gözəl xütbələr təşkil edə bilirik. Ətrafımdakılar arasında xaricdə oxuyub gələnlər də var. Amma çalışmaq lazımdır ki, daha çox insanların gəlməsi üçün gündəlik hadisələrə də xütbələrdə yer ayıraq. Məsələn, əgər bu ay Novruz bayramı ayıdırsa, biz bundan danışmayıb, Məhərrəmlikdən danışsaq, təbii ki, yaxşı nəticə əldə edə bilməyəcəyik".

O bu gün məscidlərə toplaşan gənclərin də daha çox gündəlik hadisələrlə bağlı din xadimlərinin münasibətini öyrənmək istədiklərini bildirib.

AzNews.az